Rusiya Xarici İşlər Nazirliyinin Yaponiyanın ABŞ ilə birlikdə keçirdiyi “Resolute Force Pacific” hərbi təlimlərinə kəskin etirazı, Moskva-Tokio münasibətlərində gərginliyin yenidən yüksələcəyindən xəbər verir.
Təlimlərin Rusiya sərhədlərinə yaxın ərazilərdə təşkil olunması Kremlin bu fəaliyyəti birbaşa təhlükə kimi dəyərləndirməsinə səbəb olub. Moskvanın “adekvat cavab tədbirləri” ifadəsi, əsasən Rusiya Silahlı Qüvvələrinin Uzaq Şərqdəki hərbi mövcudluğunu gücləndirməsi, Yaponiyaya yaxın ərazilərdə raket sistemlərinin yerləşdirilməsi, eləcə də kəşfiyyat və hava patrul əməliyyatlarının intensivləşdirilməsi kimi addımları əhatə edə bilər. Həmçinin, bu reaksiya çərçivəsində Rusiya Kuril adaları ətrafında hərbi təlimlərin miqyasını artırmaqla Yaponiya üçün siyasi və hərbi təzyiq alətini genişləndirə bilər.
Bu hadisə Rusiya ilə Yaponiya arasında onsuz da həssas olan münasibətləri daha da soyuda bilər. Xüsusilə Kuril adaları mübahisəsi fonunda Moskvanın sərt mövqe tutması, ikitərəfli diplomatik dialoqun zəifləməsi və sülh sazişinin perspektivlərinin daha da arxa plana keçməsi ilə nəticələnə bilər.
Eyni zamanda, Rusiya Yaponiya ilə iqtisadi və texnoloji əməkdaşlıq sahələrində də məhdudlaşdırıcı addımlar ata bilər ki, bu da tərəflər arasında etimadın daha da zədələnməsinə səbəb olacaq.
Nəticədə, Asiya-Sakit okean regionunda təhlükəsizlik balansı bir qədər də pozula, ABŞ-nin burada hərbi iştirakı isə yeni regional bloklaşmaların yaranmasına zəmin hazırlaya bilər.
Ruslan Zəngəzur