• Bakı 25° C

    3.62 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.3231

Yay süfrəsinin görünməyən təhlükəsi: Mütəxəssisdən VACİB TÖVSİYƏLƏR

CƏMİYYƏT

10 Iyun 2026 | 11:56

Yay süfrəsinin görünməyən təhlükəsi: Mütəxəssisdən VACİB TÖVSİYƏLƏR

Yay aylarında havanın temperaturunun yüksəlməsi qida məhsullarının daha tez xarab olmasına səbəb olur və bu da qida zəhərlənmələri riskini artırır. Xüsusilə toyuq əti, digər quş əti növləri və müxtəlif ət məhsulları düzgün saxlanılmadıqda insan sağlamlığı üçün təhlükə yarada bilər.

Mütəxəssislər bildirirlər ki, yay mövsümündə qida təhlükəsizliyi qaydalarına əməl olunmaması zəhərlənmə hallarının artmasına səbəb olan əsas amillərdəndir. Bu baxımdan qidaların saxlanma temperaturuna diqqət yetirilməsi, son istifadə tarixinin yoxlanılması və gigiyena qaydalarına riayət olunması vacib hesab edilir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan qida eksperti Məhsəti Hüseynova bildirib ki, yay aylarında ən çox risk daşıyan məhsullar sırasında toyuq əti, digər quş əti növləri və ət məhsulları yer alır.

Onun sözlərinə görə, isti hava şəraitində bu məhsulların düzgün saxlanılmaması bakteriyaların sürətlə çoxalmasına və nəticədə qida zəhərlənmələrinə səbəb ola bilər. Müsahibimiz bildirib ki, yay aylarında havanın temperaturunun yüksəlməsi qida məhsullarında mikroorqanizmlərin daha sürətlə çoxalmasına şərait yaradır. Qidaların düzgün temperaturda saxlanılmaması, xüsusilə də ət və quş əti məhsullarının isti şəraitdə uzun müddət qalması zəhərlənmə riskini artırır. Bu səbəbdən məhsulların saxlanma şəraitinə ciddi nəzarət edilməlidir.

M.Hüseynova qeyd edib ki, bununla yanaşı, açıq şəraitdə satılan və saxlanma qaydalarına əməl olunmayan əlüstü qidalar da insan sağlamlığına mənfi təsir göstərə bilər. Xüsusilə yay aylarında bu məhsulların istehlakı zamanı diqqətli olmaq vacibdir.

“Qarışıq tərkibli qidaların, xüsusilə salatların və müxtəlif ərzaqların birləşdirilməsi ilə hazırlanan yeməklərin uzun müddət saxlanılması tövsiyə olunmur. Belə qidaların mümkün qədər bir dəfəlik hazırlanaraq istehlak edilməsi daha məqsədəuyğundur. Bu, qida təhlükəsizliyinin təmin olunmasına və zəhərlənmə riskinin azaldılmasına kömək edir”, - deyə həmsöhbətimiz bildirib.

Məhsəti Hüseynova: Yayda qida məhsullarında mikroorqanizmlər daha sürətlə çoxalır

Ekspertin sözlərinə görə, qida zəhərlənmələri insan sağlamlığına müxtəlif formalarda təsir göstərə bilər.Xüsusilə immun sistemi zəif olan şəxslərdə zəhərlənmənin təsirləri daha ağır müşahidə olunur.

Qida zəhərlənmələri zamanı insanlarda ishal, ürəkbulanma, qusma, qarın ağrıları və ümumi halsızlıq kimi əlamətlər meydana çıxa bilər. Xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olan şəxslər risk qrupuna daxildir. Bu hallarda orqanizmdə susuzlaşma yarana və xəstənin vəziyyəti ağırlaşa bilər.

“Buna görə də zəhərlənmə əlamətləri müşahidə olunduqda vaxtında həkimə müraciət etmək vacibdir”, - deyə Məhsəti Hüseynova vurğulayıb

Fatimə İbrahimova

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Iyun 2026