Azərbaycanda tanınmış simaların övladları ilə bağlı məlumatlar ictimaiyyətə həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...
Azərbaycanın Xalq artisti, keçmiş deputat, məşhur müğənni Zeynəb Xanlarovanın oğlu Enerji Məsələlərini Tənzimləmə Agentliyində yüksək vəzifə tutur.
Bakıvaxtı.az modern.az-a istinadən xəbər verir ki, Xalq artistinin oğlu Ramin Babayev Enerji Məsələlərini Tənzimləmə Agentliyində İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır.
Qeyd edək ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb. Agentlik 2018-ci ilin aprel ayından fəaliyyətə başlayıb.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələr, eləcə də istehlakçılar üzərində tənzimləməni, o cümlədən dövlət nəzarətini həyata keçirir.
Agentlik hazırda Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şirvan, Şəki, Tovuz, Xaçmaz, Kürdəmir və İmişlidə yerləşən 11 filialı ilə fəaliyyət göstərir.
Ramin Babayev Enerji Məsələlərini Tənzimləmə Agentliyində İdarə Heyəti sədrinin iki müavinindən biridir.
R.Babayev 1996-cı ildə Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr fakültəsini bitirib və təhsilini davam etdirərək Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən məzun olub.
Əmək fəaliyyətinə Bakı şəhəri Səbail rayonu prokurorunun köməkçisi olaraq başlayıb, daha sonra isə Bakı şəhər prokurorluğunda çalışıb.
2001-2007-ci illərdə Dövlət Gömrük Komitəsi Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
2007-2012-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq əlaqələr idarəsinin rəisi olub.
2012-2017-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsində işləyib, komitə sədrinin müavini postunu tutub.
2018-ci ildən Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır. Ailəlidir, 3 övladı var.
Hazırda 89 yaşı olan Zeynəb Xanlarova 1985-ci ildən 2020-ci ilə kimi parlamentin deputatı olub. 1996-cı ildə "Şöhrət", 2006-cı ildə "İstiqlal", 2016-cı ildə "Heydər Əliyev" ordeni ilə təltif edilib. Zeynəb Xanlarovanın iki oğlu var - Ramin və Ramal Babayevlər.
Zeynəb Xanlarovanın həyat yoldaşı Səlim Babayev 2000-ci illərin ortalarında dünyasını dəyişib.
Məqaləyə dair fotomateriallar: