Azərbaycanda smartfondan istifadə edən əhalinin xüsusi çəkisi artaraq 2025-ci ildə 89,7 faizə çatıb.
Bakıvaxtı.az bildirir ki, Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2021-ci ildə bu göstərici 80,8 faiz təşkil edib. Beləliklə, son beş ildə ölkədə smartfondan istifadə edənlərin payı 8,9 faiz bəndi artıb.
Statistikaya görə, smartfondan istifadə kişilər arasında daha yüksəkdir. 2025-ci ildə kişilərin 91,8 faizi, qadınların isə 87,2 faizi smartfondan istifadə edib.
2021-ci ildə bu göstəricilər müvafiq olaraq 81,6 və 80 faiz olub.
Şəhər və kənd yerləri arasında da fərq müşahidə olunur. Ötən il şəhərlərdə yaşayan əhalinin 92,3 faizi, kənd yerlərində yaşayanların isə 87,1 faizi smartfondan istifadə edib. 2021-ci ildə şəhərlərdə göstərici 84,4 faiz, kəndlərdə isə 76,7 faiz təşkil edib.
Məlumata əsasən, internet istifadəçiləri arasında məhsul və ya xidmətləri onlayn əldə edənlərin xüsusi çəkisi də artıb. Bu göstərici 2021-ci ildə 19,6 faiz olduğu halda, 2025-ci ildə 25,4 faizə yüksəlib.
2025-ci ildə onlayn alış-veriş edən internet istifadəçilərinin payı şəhərlərdə 27,1 faiz, kəndlərdə isə 23,8 faiz olub.
Onlayn əldə edilən məhsullar arasında ən böyük pay geyim, ayaqqabı, idman malları və aksesuarlara məxsusdur – 37,6 faiz. Kitab, jurnal və qəzetlərin payı 11,5 faiz, kosmetika və ətriyyat məhsullarının payı 9,5 faiz təşkil edib.
Video və kompüter oyunlarının payı 2,8 faiz, kompüter avadanlıqları və ehtiyat hissələrinin, eləcə də kompüter proqramlarının payı isə hər biri üzrə 2,5 faiz olub.












