İyunun 24-də Mingəçevirdə Azərbaycanın ən iri enerji layihələrindən biri – “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirildi. Prezident İlham Əliyevin iştirakı ilə baş tutan tədbirdə İtaliya və Çin nümayəndələrinin – İtaliyanın naziri Adolfo Urso, “Ansaldo Energia” şirkətinin baş direktoru Fabrizio Fabbri, “Dongfang” şirkətinin rəhbəri Çen Qianqın və “AzərEnerji” rəhbərliyinin iştirakı bu layihənin beynəlxalq tərəfdaşlıq müstəvisində mühüm əhəmiyyətə malik olduğunu göstərdi.
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır, Çin isə enerji əməkdaşlığı sahəsində önəmli mövqedədir. Günəş elektrik stansiyalarında Çin şirkətlərinin rolu, eləcə də İtaliya ilə xam neft və qaz sahəsindəki əməkdaşlıq Azərbaycanın beynəlxalq enerji diplomatiyasının uğurlarını təsdiqləyir.
Vüqar Rəhimzadə də bu hadisənin əhəmiyyətinə toxunaraq qeyd edib ki, Azərbaycanın təbii resurslardan səmərəli istifadə etməsi həm daxili enerji tələbatını ödəyir, həm də qlobal enerji təhlükəsizliyinə töhfə verir. “Əsrin müqaviləsi” və “Yeni əsrin müqaviləsi” ilə təməli qoyulan enerji strategiyası bu gün regional sərhədləri aşaraq beynəlxalq əməkdaşlıq formatına çevrilib. COP29-un Azərbaycanda keçirilməsi də bu sahədə ölkənin artan nüfuzunu nümayiş etdirir:
"1880 meqavat gücə malik olan “8 Noyabr” Elektrik Stansiyası Cənubi Qafqazın ən böyük enerji obyektidir. Onun istifadəyə verilməsi ölkənin enerji sisteminin səmərəliliyini artıracaq və Mingəçeviri regionun energetika mərkəzi kimi daha da möhkəmləndirəcək. Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu bu şəhərdə istehsal olunur".
Vüqar Rəhimzadə, deputat
Deputat onu da əlavə edib ki, stansiyanın “8 Noyabr” adını daşıması simvolik məna daşıyır – bu tarix Azərbaycanın şanlı Zəfərinin təcəssümüdür. Prezident İlham Əliyev bu adın seçilməsinin səbəbini də məhz həmin tarixin xalqımız və dövlətimiz üçün müqəddəsliyi ilə izah edib:
"Son 20 ildə ölkənin enerji sistemi sıfırdan qurulub, çoxsaylı yeni stansiyalar inşa edilib. Mingəçevirdə həm “Azərbaycan” İstilik Elektrik Stansiyası, həm də Su Elektrik Stansiyası ilə yanaşı, indi “8 Noyabr” stansiyası da fəaliyyət göstərir. Bu layihənin rekord müddətdə – bir neçə ilə icrası isə Azərbaycanın möhkəm enerji bazası və beynəlxalq tərəfdaşlarının dəstəyi ilə mümkün olub".
Deputat sonda qeyd edib ki, “8 Noyabr” Elektrik Stansiyası təkcə enerji layihəsi deyil, həm də Azərbaycanın gücünü, tərəfdaşlığa açıq siyasətini və müasir inkişaf strategiyasını göstərən simvoldur. Azərbaycanın qaz və neft ixrac coğrafiyasının genişlənməsi, Avropaya enerji tədarükündə etibarlı tərəfdaş kimi tanınması bu strategiyanın real nəticəsidir.
Əli Hüseynov