• Bakı C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 1.7825

    RUB - 1.5962

Bu Qətərin dalınca baxma... - Etibar Cəbrayıloğlu yazır
YAZARLAR
19 Dekabr 2022 | 15:34

Bu Qətərin dalınca baxma... - Etibar Cəbrayıloğlu yazır

Etibar Cəbrayıloğlu

Daha bəsdir, gözlərimizi Qətərdən çəkək. İlk dəfə hokkey mövsümündə keçirilən futbol üzrə XXII Dünya Çempionatı başa çatdı.

Bütün proqnozlara, analizlərə, şərh və suallara aydınlıq gəldi. Argentina millisi bu ekzotik ərəb ölkəsindən əlidolu qayıtdı, kuboka və qızıl medala sahib çıxdı. Mərhum Maradonanın yerliləri bizim idman mediasının yazdığına görə, yeni çempion kimi FİFA-dan da ənam alacaq, təxminən 42 milyon dollar. Bu məbləğin azlığını-çoxluğunu dəqiq bilmirəm, iqtisadçı dostlarımın işinə qarışmaq kimi başa düşülər. Hər halda ,mükafatdır, necə deyərlər, İnfantino verən pulun azlığına-çoxluğuna baxmazlar...

Öz fikrimi yazım, sonra yadımdan çıxar, Argentina Qətərdəki dünya çempionatından qalib kimi ayrılmasaydı bu, dünya futbolu adına böyük haqsızlıq olardı. Futbolda qırmadığı rekord saxlamayan Messi bu titulu çoxdan haqq edirdi, dahi “10” nömrə bu arzusuna Ərəbistan yarımadasında çatdı. Odur e, iki gündür dəvənin belində gəzib çempionluğun dadını çıxarır, əyninə xüsusi mənası olan xalat  geyinir. Ona nə var, bir də gördün dəvə ətinin qutabından da daddı. Bu yerdə Braziliya camaatı hirslənməyib nə etsin axı? Yenə deyəcəklər ki, dünyada haqsızlıq baş alıb gedir-Messi də Argentinadan, Roma Papası da...

Müsəlman ölkəsində keçirilən budəfəki mundialda Mərakeş millisi əsl tufan qopardı, gənc məşqçi Valid Redraqinin futbolçuları güclü texnika və əsl xarakter göstərərək sürprizə imza atdılar-dördüncü yeri qazandılar.

Qətərə hərə bir avtobus bahalı futbolçu gətirən Braziliya, Portuqaliya, Almaniya, İspaniya, Hollandiya kimi yığmaların geri əliboş və qanı qara qayıtdığını nəzərə alanda Mərakeşin titulunu təbii ki, yüksək nəticə saymaq olar.

Nə qədər unutmamışam yenə bir dənə öz fikrimi yazım, Mərakeş sonuncu mundialın sürpriz yığması oldusa, şəxsən mən Qətərdəki bu çempionatda yeni parlayan ulduz futbolçu görə bilmədim. Bəlkə də Messi və Mbappe bütün diqqətləri özlərinə çəkdiklərindən digər istedadlı futbolçular kölgədə qaldı.

Əsrimizin iyirmi ikinci ilində keçirilən sayca iyirmi ikinci çempionatın yekunları hələ bir xeyli müddət müzakirə ediləcək, vurulan gözəl qollardan, qaçırılan fürsətlərdən, mübahisəli epizodlardan çox danışılacaq. yazılacaq. Sonra isə növbəti mundialın hazırlıqlarına start veriləcək.

Lap sonda bir məsələni deyim, amma öz aramızda qalsın. Futbol üzrə Dünya Çempionatının Qətərdə məhz noyabr-dekabr aylarında keçirilməsini FİFA rəhbərliyindən mən xahiş etmişdim. 55 iliyim qeyd olunan günlərdə istəyirdim dost-tanışlarla həm də bir mundial keyfi yaşayaq...

Bakıvaxtı.az

          ​​​​​​​


SON XƏBƏRLƏR