Tanınmış aktyor və rejissor Rza Rzayev (Drakon) xalq artisti Polad Bülbüloğlu ilə bağlı müzakirələr fonunda öz xatirəsini paylaşıb.
Bakıvaxtı.az xəbər verir ki, Drakon P.Bülbüloğlunun Rusiyada səfir olduğu vaxtı xatırladıb.
“İllər öncə — təxminən 2012–2013-cü illərdə Polad Bülbüloğlu "Dolu" filminin yaradıcı heyətini Rusiyaya dəvət etmişdi. Moskvada və bir neçə digər şəhərdə filmin ən yüksək səviyyədə təqdimatı keçirildi. Moskva şəhərindəki nümayişdən sonra məşhur restoranların birində yaradıcı heyətin şərəfinə ziyafət verildi. Təqdimatda və ziyafətdə Polad Bülbüloğlu və ailəsi — həyat yoldaşı, qızı və oğlu da iştirak edirdi; hamımız eyni süfrə ətrafında əyləşmişdik.
Polad Bülbüloğlunun həyat yoldaşı və uşaqları Azərbaycan dilində təmiz danışır, özlərini çox mütəvazi aparırdılar. Heç deməzdin ki, bu xanım keçmiş nazirin, hazırkı səfirin həyat yoldaşıdır. Uşaqların Azərbaycan dilində belə səlis danışması məni təəccübləndirdi, çünki onlar Moskvada rus dilində təhsil alırdılar. Həyat yoldaşı bildirdi ki, biz evdə ancaq Azərbaycan dilində danışırıq, bütün adət-ənənələrimizə əməl edir, milli bayramlarımızı qeyd edirik. Yəni əsl azərbaycanlılar kimi…” - aktyor qeyd edib.












