Mixail Saakaşvili! Demokratiyaya hazır olmayan gürcü xalqına və Gürcüstana demokratiya gətirdi. Əslində bu demokratiyanı Gürcüstana ABŞ ixrac eləmişdi. Başqa ölkədən ixrac olunan demokratiya da qonşudan alınan şam kimi bir şeydi. Ona görə də uzun çəkmədi. Düzdür, Saakaşvili Gürcüstanda rüşvətin, korrupsiyanın qarşısını müvəqqəti aldı. Gürcü xalqı rüşvətsiz, korrupsiyasız yaşaya bilməzdi və bilmədi. Saakaşvili özünün yaratdığı demokratiyanın qurbanı oldu və getdi. Yenə köhnə hamam, köhnə tas...
İnsan səhvsiz olmadığı kim, Saakaşvilinin də səhvləri vardı. O səhvləri saymaq fikrində deyiləm. Mənim fikrimcə, ən böyük səhvi prezidentlikdən gedəndən sonra Rusiya-Gürcüstan müharibəsində onu bada verən ABŞ-a yenidən inanıb ABŞ-ın tövsiyyəsi ilə Ukraynaya sığınması oldu. Bir ölkənin prezidenti gedib başqa bir ölkədə ən yüksək məmur vəzifəsi tutması da özünü kiçiltməkdir. O da bunu etdi. Və hətta özünü o qədər kiçiltdi ki, gedib Odessada mer də işlədi. Bu, Saakaşviliyə yaraşmazdı.
Mənim bu şəxsə həmişə rəğbətim olub. Cəmi bircə dəfə atüstü görüşmüşük. Tiflisdə NATO-nun bir iclası vardı, bu iclasda da Azərbaycanı mənimlə Məlahət İbrahimqızı təmsil edirdi. Dəyirmi masa arxasında keçirilən tədbirdə təxminən 150-200 nəfər müxtəlif ölkənin deputatları və nümayəndələri iştirak edirdi. Fasilə vaxtı Saakaşvili zalı tərk edərkən hamı qalxmışdı və yol verirdi. O da əl sallayaraq keçib gedirdi. Mənim qarşımdan keçərkən bir anlıq mənə baxdı, daha doğrusu, mənə yox, sinəmdəki deputat nişanına, Azərbaycan bayrağını görüb ayaq saxladı və yaxınlaşıb əllə mənimlə salamlaşıb görüşdü, hal-əhval tutdu. Möhtərəm Prezidentimiz İlham Əliyev haqqında, Azərbaycan haqqında xoş sözlər söyləyib çıxıb getdi. Tədbirdə iştirak edənlər təəccübləndilər. Həmin vaxt Gürcüstanda səfirimiz olan Namiq müəllim sonra mənə yaxınlaşıb soruşdu:
- Aqil, o sənə nə deyirdi?
Güldüm və zarafatla dedim:
- Heç, dedi yoldan çıx.
Namiq müəllim də güldü, dedi gedək, bu görüşü yumaq lazımdı. Və getdik yuduq.
Boylu-buxunlu, yaraşıqlı, mehriban bir oğlan idi. Adamlarla qaynayıb-qarışmağı sevirdi, zarafatından da qalmırdı.
İndi xəstəxanadan şəkillərini paylaşırlar. Və yəqin ki, bu şəkilləri, videoları Gürcüstan iqtidarının tapşırığı ilə yayırlar. Saakaşvilini bir az da gözdən salmaq üçün, kiçiltmək üçün. Baxdım, ürəyim ağrıdı.
Gürcüstana haqq-ədalət, qanun gətirmiş bir şəxsi bu qədər kiçiltmək, alçatmaq nə Gürcüstan iqtidarına, nə də gürcü xalqına şərəf gətirməz.
Və mənim gözümdə Saakaşvili kiçilmədi, alçalmadı. Mənim gözümdə onu bu hala salan Gürcüstan iqtidarı və gürcü xalqı kiçildi.
Və bu da bir daha sübut edir ki, ABŞ-a arxayın olan Cənubi Osetiyasız, Abxaziyasız qalar və Saakaşvilinin gününə düşər.
Heyf sənə, Saakaşvili!