• Bakı 25° C

    12.57 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0202

Komor hökuməti onun bəyanatını pislədi
DÜNYA
28 Avqust 2026 | 17:46

Komor hökuməti onun bəyanatını pislədi

Fransanın Baş naziri Sebastyan Lekornyunun Komor adalarının inkişafı üçün yardımı qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlıqla əlaqələndirmək niyyəti barədə bəyanatları yerli hakimiyyət orqanlarının və siyasi qüvvələrin kəskin reaksiyasına səbəb olub.

Bakıvaxtı.az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, Lekornyu Fransanın Mayotta adasına səfəri zamanı bildirib ki, Fransa Komor adaları və daha altı Afrika ölkəsi üçün yeni meyarlar tətbiq edəcək.

Onun sözlərinə görə, söhbət xüsusilə ölkələrin qeyri-qanuni miqrant qaçaqmalçıları ilə mübarizədə əməkdaşlıq etmək, konsulluq icazələri vermək və Fransada qeyri-qanuni yaşayan vətəndaşlarını geri qəbul etmək imkanlarından gedir.

"Biz bonuslar və cərimələrlə bağlı bir neçə yeni meyar yaradacağıq", - Lekornyu bildirib və yardımın həcminin ölkələrin qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə Fransa ilə əməkdaşlıq etmək qabiliyyətindən asılı olacağını dəqiqləşdirib.

Komor adalarının xarici işlər naziri Mohamed Mbae bu fikirləri " təkəbbürlü" adlandırıb və bunun onun üçün gözlənilməz olduğunu bildirib.

O, həmçinin 2024-cü ilin dekabrında adada baş vermiş "Şido" qasırğasından sonra onun bərpasının zəruriliyinə istinad edərək, Fransa Baş nazirinin mövqeyinin Mayotta əhalisinin gözləntilərindən tamamilə fərqləndiyini bildirib.

Lekornyunun bəyanatlarına Komor müxalifəti və qeyri-hökumət təşkilatları da reaksiya verib.

Müxalif USHE partiyası Fransanın təklifini "qalmaqallı şantaj", "Comité Maore" təşkilatı isə "qəbuledilməz şantaj" adlandıraraq Parisi neokolonial siyasətdə ittiham edib.

Lekornyu avqustun 26-27-də daxili işlər naziri Loran Nüneslə birlikdə Mayottaya səfər edib. Yardımla miqrasiya siyasətinin əlaqələndirilməsi ilə yanaşı, Fransa hökuməti dronlar, hava müşahidə sistemləri və hərbi mövcudluğun genişləndirilməsi vasitəsilə qeyri-qanuni miqrasiyaya nəzarətin daha da gücləndiriləcəyini elan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR