• Bakı 24° C

    8.38 m/s

  • USD - 1.7

    EUR - 2.0014

    RUB - 2.0565

Kreml dəhlizdən danışır, əməlləri isə fərqlidir - AÇIQLAMA
SİYASƏT
09 Sentyabr 2025 | 15:09

Kreml dəhlizdən danışır, əməlləri isə fərqlidir - AÇIQLAMA

Rusiya baş nazirinin müavini Aleksey Overçuk Zəngəzur dəhlizindən danışıb. Kreml rəsmisi bildirib ki, Moskva İrəvanla Ermənistanın cənubundakı "Tramp marşrutu" layihəsi (TRIPP) məsələsini müzakirə edib.

Overçuka görə, Moskva hesab edir ki, marşrut Rusiya ilə Ermənistanın bağlantısına imkan yaradacaq:

"Əlbəttə, İrəvana səfərim zamanı və Həştərxanda azərbaycanlı həmkarlarımızla görüşlər zamanı bu məsələni də müzakirə etdik. Bunun necə olacağı ilə bağlı anlayışımız var. Belə bir yolun tikintisi Avrasiyanın ümumi nəqliyyat çərçivəsinin formalaşmasına kömək edəcək".

Overçuk vurğulayıb ki, Moskvanın hesablamalarına görə, dəhliz çox güman ölkələrimiz arasında yüklərin daşınması üçün əsas yol olacaq.

Qeyd edək ki, Rusiya ABŞ-yə məxsus şirkətin dəhlizə nəzarət etməsindən və Rusiyanın prosesdən kənarda saxlanmasından dolayı narazılığını və narahatlığını ifadə etmişdi. Lakin Overçukun açıqlaması Kremlin mövqeyinin nisbətən yumşalması kimi xarakterizə olunur.

Politoloq Natiq Miri Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Aleksey Overçukun sözlərində yeganə həqiqət odur ki, 44 km.lik dəmiryolu inşa ediləndən sonra Ermənistanla Rusiya arasında birbaşa əlaqə yaranacaq.

Ekspert vurğulayıb ki, bu əlaqə iki dövlət arasında ticarətin daha intensiv və maneəsiz olacağına işarədir:

"Ancaq Rusiyanın reallıqda bu layihə ilə barışdığı özünü göstərmir. Moskva bəyanatlarına zidd addımlar atır. Bir tərəfdən Ermənistana, digər yandan Azərbaycana təzyiqlər davam edir. XİN başçısı Sergey Lavrov da sülh məsələsini təqdir etsə də, Ermənistanda bəzi mərkəzlərin bu məsələyə spektik yanaşdığını iddia edib. Dolayısı ilə bu layihənin başa gələcəyinə inamsızlıq toxumu səpib”.

Natiq Miri: Zəngəzur dəhlizi ilə bağlı inamsızlıq Rusiya rəhbərliyindədir

Müsahibimiz qeyd edib ki, spektik yanaşma isə Ermənistanda mövcud olan Rusiyayönlü "5-ci kolon"un baxışıdır. Dediyinə görə, bəllidir ki, onlar heç zaman öz fikirlərini deməyiblər:

“Çünki müstəqil deyillər və gölgədirlər. Gölgələr isə yalnız məxsus olduqları əslin fikirlərinin ifadəçisidir. Demək ki, əslində Zəngəzur dəhlizi ilə bağlı inamsızlıq Rusiya rəhbərliyindədir. Sadəcə bunu öz dillərindən yox, Ermənistandakı təsir qruplarının ağzı ilə dilə gətirirlər. Əslində bununla həm də İrəvandan Moskvanın maraqlarının təminini tələb edirlər. Əks təqdirdə sabotajın davam edəcəyinə işarə vururlar”.

Natiq Miri bu səbəbdən də Rusiya rəsmilərinin bu yöndə açıqlamalarını qətiyyən səmimi saymır:

“Çünki Rusiya bir şeyi deyir, tamamilə başqa şeyi edir. O səbəbdən Moskvanın dediklərinə yox, etdiklərinə baxmaq lazımdır".

Aydın Baxış


SON XƏBƏRLƏR