İsrail ordusunun Suriyanın paytaxtı Dəməşq ətrafına və bir sıra strateji hərbi obyektlərə endirdiyi son zərbələr regiondakı geosiyasi vəziyyəti yenidən diqqət mərkəzinə gətirib. Bəşər Əsəd rejiminin süqutundan sonra Suriyada formalaşan yeni siyasi reallıqlar və keçid hökumətinin addımları fonunda baş verən bu hücumlar müxtəlif regional aktorların maraqlarının toqquşması kimi dəyərləndirilir.
Mövzu ilə bağlı politoloq Tural İrfanBakıvaxtı.az-a açıqlamasında İsrailin Dəməşqə zərbələrinin arxasında duran səbəbləri və bölgədə yaranan yeni güc balansını şərh edib.
.jpg)
Tural İrfan: Zərbələr genişmiqyaslı İsrail-Suriya müharibəsinin başlanğıcı deyil
Ekspertin sözlərinə görə, Bəşər Əsəd rejiminin süqutundan sonra Suriyada yaranan yeni idarəçilik fonunda endirilən bu zərbələr artıq yalnız “İran təsirini azaltmaq” strategiyası ilə məhdudlaşmır. Proses İsrail və Türkiyə arasında gizli və ya açıq strateji rəqabətin göstəricisidir:
“İsrail Türkiyənin bölgədə yürütdüyü sülh siyasətindən narahatdır. Qonşu ölkələrin bərpasını "Böyük İsrail' planının həyata keçirilməsinə maneə kimi görür və gələcəkdə bu əraziləri tamamilə işğal etməyi nəzərdə tutur. Əhməd əş-Şəraa rəhbərliyindəki yeni keçid hökumətinin Türkiyə ilə hərbi yaxınlaşması, xüsusən SDQ-nin ləğv edilərək Məzlum Abdinin prezidentə müşavir təyin olunması Tel-Əvivin maraqlarına ziddir. Əbu əl-Duhur bazasının vurulması da Türkiyə qüvvələrinə preventiv xəbərdarlıqdır”.
T.İrfan vurğulayıb ki, zərbələr genişmiqyaslı İsrail-Suriya müharibəsinin başlanğıcı deyil, “nəzarətli eskalasiya” xarakteri daşıyır:
“Yeni Dəməşq rəhbərliyi müharibədə maraqlı deyil və diplomatik yollarla sabitliyə nail olmağa çalışır. Hətta ABŞ-nin vasitəçiliyi, İordaniyanın ev sahibliyi ilə tərəflər arasında de-eskalasiya danışıqları aparılır. Baş verənlər İsrailin öz 'qırmızı xətlərini' qəbul etdirmək və Türkiyənin regional nüfuzunu məhdudlaşdırmaq cəhdidir. Lakin İsrail gələcəkdə analoji addımları Livan üçün də ata bilər”.
Zeynəb Rzayeva












