• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Oxumaq dərdi - Etibar Cəbrayıloğlu yazır
YAZARLAR
06 Iyun 2022 | 14:59

Oxumaq dərdi - Etibar Cəbrayıloğlu yazır

Etibar Cəbrayıloğlu

Səhər liftin qapısı açılan kimi yuxarı mərtəbədəki qonşum Güloğlanın tanış siması göründü. İçəri keçməyə macal tapmamış boynumu qucaqladı, liftdə üçüncü adam olsaydı yəqin elə bilərdi ki, Güloğlan dünən gecədən məni burda gözləyirmiş…

Nə qədər yadımdan çıxmayıb deyim, işim çoxdur, sonra başım qarışar. Qonşum Güloğlan qəribə birisidir, adı ilə davranışı, boyu ilə çəkisi tamam tərsdir. Hələ mən səsini demirəm, 50-dən bir az çox yaşı var, amma ağzını açanda elə bilirsən ki, içində altıncı sinifdə oxuyan uşaq oturub dərs əzbərləyir.

Nə isə, Güloğlan liftdə boynumu qucaqlayıb söhbətə başladı, daha doğrusu, qonşumun içindəki o məktəbli uşaq onun əvəzinə danışdı:

- Oxumaqla qurtardım, mən avam nə bilim belə olacaq. Dedim başqaları kimi, oxuyub mən də bir ağ gün görərəm. Bundan sonra dədəm də qəbirdən çıxıb gəlib qabağımda bardaş qurub otursa, oxuyan deyiləm. Vəssalam.

Elə bil liftlə əvvəlcədən sözləşmişdilər, Güloğlan cümləsinə nöqtə qoyan kimi qapılar açıldı. Lift dayansa da qonşum dayanana oxşamırdı.

Hava istidir, indidən deyim ki, sonra yadımdan çıxar. Güloğlanın harda işləməsini qonşulardan heç kim bilmir, özü danışanda da dəqiq nəsə demir, iş-güc məsələsindən söhbət düşəndə müdirini gen-bol tərifləyir. Bəzən mənə elə gəlir ki, biz qonşular Güloğlanın üzünü görmədiyimiz, adını bilmədiyimiz müdirini Güloğlanın özündən çox tanıyırıq.

Nə isə, qonşum binanın həyətində söhbətinə davam elədi:

- Oxuduğum günə yekə bir daş düşəydi. Hardan ağlıma gəldi, heç özüm də bilmədim. Niyə axı, məhz onu seçdim, heç özüm də qanmıram. Elə təzə başlamışdım oxumağa

Yarım bağçasında üç gül bitirmiş

Ağ gül, qırmızı gül, bir də sarı gül…

Təzəcə yeni bəndi oxumaq istəyirdim qapı döyüldü. Açıb görüm sahə müvəkkili qara nəfəs özünü çatdırıb. Zəhmli görkəm alıb dedi ki, vətəndaş, bizdə olan məlumata görə sizin yarınız bağçasında gül bitirib. Dəqiq güldür, birdən narkotik tərkibli bitki-filan olar a… And-aman edib sahə müvəkkilini yola saldım. Otağa qayıtmağa imkan tapmamış qapım yenə döyüldü. Açan kimi rəsmi geyimli üç nəfər içəri keçdi. Dedilər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gəlmişik. O qədər sorğu-sual etdilər ki, gəl-görəsən. Üç gül şəxsi həyətdə bitib, yoxsa meşə sahəsində, güllər dərilib, yoxsa? Suallarına dəqiq və ətraflı cavab verəndən sonra çıxıb getdilər.

Lakin üçcə saniyədən sonra qapımı beş nəfər kəsdirdi. Hamısı da Kənd Təsərrüfatı Nazirliyinin məsul əməkdaşları, dedilər ki, araşdırma aparmaq istəyirik, görək üç gül yetişdirərkən aqrotexniki qaydalara əməl edilibmi, subsidiya üçün rəsmi müraciət olunubmu?

Qonşum ona maraqla qulaq asdığımı görüb ilhamlandı. Söhbətindən belə məlum oldu ki, mahnını oxuyub bitirməmiş 7 nəfər vergi işçisi qapısını döyüb. Deyiblər ki, yarınız həmin o üç gülü satmaq istəsə, gərək VÖEN açsın, vergi uçotunda dursun və s…

Qulağım Güloğlanda olsa da, gözlərim binamızın yaxınlığından keçən marşrut avtobuslarında idi, bayaqdan yeddi avtobusu ötürmüşdüm. Güloğlan da nəhayət, bunu hiss elədi, dedi ki, qonşu, səni də səhər-səhər yoldan elədim. Sonra da ərkyana sən öl vurdu, dedi başımı əvvəlcə binanın sol daşına, sonra da sağ daşına vuraram, bundan sonra oxumaq qurtardı. Heç ürəyimdə də oxumayacam, gördüyümü gördüm…

Daxil et

Write to


SON XƏBƏRLƏR

28 Mart 2024