• Bakı 10° C

    5.54 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.2094

Yeni Avropa siyasətində sağlam Bakı diplomatizmi - Əkbər Qoşalı yazır  
YAZARLAR
10 Dekabr 2025 | 11:35

Yeni Avropa siyasətində sağlam Bakı diplomatizmi - Əkbər Qoşalı yazır 
 

Avrasiya məkanının siyasi xəritəsi dəyişdikcə, bölgəsəl balansların yeni forması daha aydın görünür. Azərbaycan artıq uzun müddətdir, coğrafi olduğundan daha irəli, siyasi düşüncə və iqtisadi strategiyalar səviyyəsində də gündoğarla günbatarı birləşdirən canlı körpü rolunu oynayır. Prezident İlham Əliyevin 8 dekabr 2025-ci ildə Slovakiyaya rəsmi səfəri bu körpünün həm məzmun, həm də miqyas baxımından nə qədər dərinləşdiyini bir daha göstərdi.

Slovakiya bir Mərkəzi Avropa dövləti olmaqla yanaşı, 11 ildir üzv olduğu Avropa Birliyində mümkün miqdar müstəqil xarici siyasət aparmaq iradəsinə malik üzvlərdən biridir. Azərbaycan isə öz bölgəsində suveren mövqeyini tam bərpa etmiş, sözünü deyən, sözü eşidilən, enerji və daşımaçılıq siyasətində Avropanın güvənə biləcəyi dövlətə çevrilib. Bu, iki ölkənin bir-birinə olan sayğı və strateji yaxınlığının təbii izahıdır.

Bu, enerji diplomatiyasının yeni mərhələsi — Bakıdan Bratislavaya uzanan xətti də ifadə edir.
Prezident Əliyevin bəyanatında vurğulandığı kimi, artıq Slovakiya Azərbaycan qazını qəbul edən 14 ölkədən biridir və bu siyahının gələcəkdə genişlənməsi ehtimalı böyükdür.

Bu fakt iqtisadi göstəricidən daha üstün — bir geosiyasi ismarıcdır.

Yəni:
-Azərbaycan Avropanın enerji təhlükəsizliyində gerçək təminatçı ölkədir;
-Qaz göndərişinin yarısının Avropa bazarlarına yönəlməsi, Bakının qitə üçün strateji tərəfdaş statusunu möhkəmləndirir;
-Slovakiyanın sənaye mərkəzi kimi ehtiyacları Azərbaycan üçün uzunmüddətli və dayanıqlı bazar deməkdir.

Enerji sahəsində bu işbirliyi təkcə bazar münasibəti sayılmamalıdır  — bu, güvəncəli münasibətidir. Günümüzdə Avropanın böyük bir hissəsi enerji təzyiqi altında qaldığı halda, Slovakiya kimi dövlətlərin Azərbaycana tərəf yüklənən güvəni Bakının yeni Avropa siyasətində rolunun göstəricisidir.

Bu məqamda müdafiə sənayesinə baxsaq, biz savaş yox, sənaye sinergiyasını vurğilamalıyıq.

Dövlət başçısının xüsusi vurğuladığı kimi, bəli, biz savaş aparmaq fikrində deyilik… məqsəd texnoloji sinergiya yaratmaqdır.

Bax, bu cümlə özü Azərbaycanın savaşsonrası dönəmdə yeni strateji fəlsəfəsini ifadə edir.

Bəs sözügedən işbirliyi nə vəd edir?
-Slovakiya texnologiyalarının Azərbaycan maliyyə imkanları ilə birləşməsi;
-Qlobal bazara çıxarıla bilən, bölgəyə qapalı qalmayan məhsullar;
-Müdafiə sənayesində innovasiyanın yeni xətti;
-Qarabağ Zəfərindən sonra bizim bölgədə yaranmış siyasi sabitlik fonunda sənayenin iqtisadi sütuna çevrilməsi və s.

Bu arada, Slovakiya nümayəndə heyətinin 8 Noyabr Zəfər tədbirində iştirakı isə diplomatiyada simvolik jestdən daha artıq idi. Yəni:
Biz bunu siyasi güvənin və qardaşlıq münasibətinin ifadəsi olaraq qəbul etdik.

Bakı-Bratislava xəttində daşımaçılıü və Orta dəhliz sinerjisinə dair daha nələri deyə bilərik?
Azərbaycanın yeni iqtisadi güc dayaqlarından biri Orta dəhlizdir. Bəli, doğrudan da, Orta Asiyanı Avropa ilə birləşdirən ən güvənli, ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir.
Slovakiya bu marşrutun Mərkəzi Avropaya açılan qapısı olmaq üçün əlverişli ölkədir.
Diqqət edək:
-Avropa içi yükdaşımalarında Bakı–Bratislava sinxronizasiyası,
-Slovakiyanın daşımaçılıq qovşağı kimi potensialının artırılması,
-Azərbaycanın gündoğardan günbatara uzanan dəhlizdə əlçəkilməz rolunun daha da gücləndirilməsi və s. nəzərdən qaçırıla bilərmi?..
Bu sinerji, əslində, iki dövlətin “körpü” missiyasının üst-üstə düşdüyünü göstərməkdədir.

Eləcə də, yeni strateji sahə – süni intellekt və data mərkəzləri özünə diqqət istəyir.

Yüksək səviyyəki görüşün diqqətdən qaçmayan ən çağdaş yönü data mərkəzləri və süni intellekt infrastrukturu ilə bağlı işbirliyidir.

Burada Azərbaycanın üstünlükləri nədir? Sıralamağa çalışaq:
-2 giqavat sərbəst enerji potensialı, 5 ilə 8 giqavata qədər artım perspektivi;
-Soyuq iqlim bölgələrinin mövcudluğu;
-Bərpaolunan enerji yatırımları ilə vahid enerji strategiyası və s.
Slovakiya şirkətlərinin bu sürəcə qoşulması həm iqtisadi, həm texnoloji, həm də siyasi baxımdan Azərbaycanı Avrasiyanın rəqəmsal habına çevirə bilər.

Bu isə artıq energetikanın belə təkbaşına gündəm formalaşdırmadığı, yeni texnoloji dönəmin Azərbaycana açdığı imkanların göstəricisidir:

Azərbaycan Avropa üçün həm enerji, həm də informasiya təhlükəsizliyi təminatçısına çevrilir.

Slovakiyanın müstəqil siyasəti və Bakının qazancları haqqında daha nələri deməliyik?

Slovakiya müstəqil xarici siyasət aparır, buna görə hörmət qazanıb. — Prezident Əliyevin bunu özəlliklə  vurğuladı. Belə bir özəl vurğu, əlbəttə, təsadüfi deyil.
Müstəqil qərar verən Avropa dövləti ilə işbirliyi Azərbaycan üçün:

-daha proqnozlaşdırıla bilən tərəfdaşlıq,
-siyasi risklərin azalması,
-Avropa Birliyində Bakı barədə obyektiv mövqelərin güclənməsi,
-Geney Qafqazın yeni gerçəkliklərinin daha geniş legitimlik qazanması deməkdir.

Mərkəzi Avropada Azərbaycanı doğru tanıdan səsin olması Bakının diplomatik coğrafiyasını genişləndirir.

Azərbaycan–Slovakiya münasibətləri artıq klassik diplomatiyanı müsbət mənada aşır və:

-enerji təhlükəsizliyi,
-müdafiə sənayesi və texnoloji innovasiya,
-daşımaçılıq, qlobal logistik,
-rəqəmsal ekosistem və süni intellekt infrastrukturu kimi dörd strateji sütun üzərində qurulur.

Bu işbirliyi nəyi göstərir? – Cavab aydındır – Azərbaycan bütöv Avrasiyanın yeni strateji güc mərkəzlərindən birinə çevrilir.

Slovakiya isə Avropada Azərbaycanın güvənli tərəfdaşı kimi siyasi çəkisini daha da artırır.

Bakı ilə Bratislava arasında qurulan bu yeni körpü, əslində, Avropa ilə Türk dünyası arasında da uzanan daha böyük bir xəttin sağlam hissəsidir – söhbət, bizim coğrafiyamızı xəritə üzərindən daha artıq, düşüncədə və siyasətdə də birləşdirən xətdən gedir...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

09 Dekabr 2025