• Bakı 16° C

    6.63 m/s

  • USD - 1.7

    EUR - 2

    RUB - 2.0518

Tələbə təhsil kreditini qaytara bilməsə... - Hansı hallarda TTK-yə faiz hesablanmır?

CƏMİYYƏT

24 Sentyabr 2024 | 10:05

Tələbə təhsil kreditini qaytara bilməsə... - Hansı hallarda TTK-yə faiz hesablanmır?

Bəzi insanlar üçün maddi durumundan asılı olmayaraq təhsil almaq əsas prioritetlərindən biridir. Bu tələbələr oxumaq, təhsillərini davam etdirmək üçün təhsil kreditindən istifadə edir.

Bəs sonradan tələbə həmin krediti ödəyə bilmirsə, necə olur?

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış “Təhsil Tələbə Krediti Fondu”nun əsas məqsədi əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.

Təhsil Tələbə Krediti Fondunun mətbuat katibi Ayaz Mustafayev Bakıvaxtı.az-a bildirib ki, Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası” təsdiq edilib və bu qaydaya əsasən ali təhsil pilləsinin bakalavriat və magistratura, tibb təshili üzrə rezidentura səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani və ödənişli (öz vəsaiti hesabına) təhsil alan şəxslər yararlana bilirlər.

Qeyd olunub ki, təhsil dövrünü başa vurduqdan sonra tələbənin əmək bazarına daxil olub işləməsi üçün 2 illik güzəşt dövrü verilir və bu dövr ərzində də tələbənin götürdüyü TTK faiz hesablanmır və geri qaytarılması tələb olunmur. Həmin müddət ərzində tələbə işləməyə başlayarsa, artıq bankın ona göndərəcəyi qrafik üzrə 10 il ərzində TTK-nin geri qaytarılması dövrü başlamalıdır.

Yuxarı təhsil səviyyəsində əyani təhsil, bakalavr səviyyəsini bitirən tələbə magistraturaya daxil olarsa, həqiqi hərbi xidmətə gedərsə, məhkumluq - 4 ildən çox olmayaraq azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması baş verərsə, işləyən borcalana münasibətdə hamiləliyə və doğuma görə və uşağının 3 yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətdə olduğu müddətdə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq müddətində TTK-yə faizin hesablanmadığı və geri qaytarılmasının tələb olunmadığı bildirilib.

Fonddan məlumat verilib ki, əmək müqaviləsi ilə işləyən və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan, lakin ödəniş cədvəlinə uyğun TTK-ni qaytarmayan şəxslərdən TTK üzrə ödənişlər əməkhaqqından və ya gəlirlərdən tutulur. Digər hallarda ödəniş cədvəlinə uyğun TTK-ni qaytarmayan borcalanın TTK üzrə ödənişləri məhkəmə qaydasında tutulur. Əmək müqaviləsi ilə işləyən borcalanın əməkhaqqından TTK-nin tutulması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir.

“Bu cür halların baş verməməsi, tələbələrin götürdüyü kreditləri gələcəkdə geri qaytarmalarına dəstək olmaq, həmçinin onların əmək bazarında özlərinə layiqli yer tapmasına və işlə təmin olunmasına kömək etmək üçün 2023-cü ildən Fondda yeni şöbə - İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsi fəaliyyət göstərir. Bu şöbə əsasən məzunların əmək yarmarkalarında iştirakı, təlimlərə cəlb edilməsi, müxtəlif təcrübə proqramlarına qoşulması və s. istiqamətdə çalışır”, - deyə Təhsil Tələbə Krediti Fondundan bildirilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR