Xəbər verdiyimiz kimi, Batumi şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler və Gürcüstanın müdafiə naziri İrakli Çikovani arasında üçtərəfli görüş keçirilib.
Nazirlərin üçtərəfli görüşündən danışan hərbi-siyasi ekspert Həşim Səhrablı Bakıvaxtı.az-a bildirib ki, Azərbaycan və Türkiyə uzun müddətdir ki, iki dövlət arasındakı münasibətlərin ən pik nöqtəyə çatdığı vaxtdan bəri dünya siyasətində bir çox hallarda üst-üstə düşən xarici siyasət yürüdüb. Onun sözlərinə görə, məqsəd nə Qərb, nə Şərq, nə Rusiya, nə Amerika, nə də Çini seçmədən, heç bir tərəfin əlaltısı olmadan, hər tərəflə dinc, qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurmaq və heç bir tərəfdə düşmən münasibətlərinə yol verməməkdən ibarət idi:
“Amma Gurcüstan tərəfdə vəziyyət fərqli idi. Xüsusilə, sabiq lider Mixeil Sakaşvilinin zamanında rəsmi Tiflis birmənalı şəkildə Qərbə inteqrasiya siyasəti həyata kecirdi və bu da müəyyən bir vaxtdan sonra Kreml tərəfindən xoş qarşılanmadı. Nəticələrini də gördük”.
Müsahibimiz qeyd edib ki, Gürcüstanda separatizmin ayaq tutub yeriməsi və faktiki işğal vəziyyətinin yaranmasının fəsadları aydın müşahidə edilir:
“Artıq indiki Gürcüstan iqtidarı bir növ Azərbaycan və Türkiyənin atdığı addımları izləməyə çalışır. Yəni o təcrübədən yararlanmağa səy göstərir. Şərq, Qərb mübarizəsinə qoşulmamaq, Rusiya, ABŞ, Çin seçimi etməmək və ya Avropanın digər dövlətlərindən hər hansı birini seçməmək, tamamən bütün tərəflərlə əlaqələri yaxşı saxlamaqla heç bir tərəflə düşmən olmamaq siyasətinə keçmək istəyirlər. Məhz bu nöqtədə Gürcüstan həm də meydanda tək qalmamağı özü üçün prioritet sayır. Buna görə də regional müstəvidə, ümümdünya siyasətində ona qapı aça biləcək və ya onun bu addımlarının reallaşması üçün dəstəkləyəcək ölkələr Türkiyə və Azərbaycandır. Türkiyənin, xüsusilə Aralıq Dənizi, Avropaya açılması, həmçinin Şərq və Qərb üçün xususi bir önəmə daşıması, eyni zamanda Türkiyənin dünyanın ən güclü ordularından birinə sahiblənməsi, dünyanın ən təhsilli ölkələrindən birinə çevrilməsi, regionda söz sahibi olan dövlətlərdən biri olması məhz Gurcüstanı Turkiyə və Azərbaycanla yaxınlaşma sövq edir. Bu mövqe rəsmi Tiflisin tərəfsizlik və mübarizələrə qoşulmamaq, hər tərəflə sakit əlaqələr qurmaq siyasətinə dəstək verə bilər. Eyni zamanda Turkiyə kimi güclü bir dövlət, güclü bir tərəfdaş simasında təhlükəsizliyini qorumaq üçün bir faktora çevrilə bilər”.
Həşim Səhrablı, hərbi-siyasi ekspert
H.Səhrablı xüsusilə qeyd edib ki, Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyə Cənubi Qafqazda geostrateji addımlar atır:
“Bunlara tranzit yollar məsələsi, ümümi təhlükəsizlik məsələləri daxildir. Gürcüstan hesablayır ki, Cənubi Qafqazda məhz bu planlamanın tərkib hissəsi olmaq onun maraqları üçün daha uyğundur”.
Bununla yanaşı, “3+3 formatı”na diqqət çəkən siyasi şərhçi diqqətə çatdırıb bu layihənin reallaşması yaxın müddətdə mümkün deyil:
“Yaxın müddət dedikdə, 10-15 ili nəzərdə tuturam. Niyə mümkün deyil? Çünki Rusiya işğal etdiyi Gürcüstan torpaqlarını qaytaracaqmı? Rusiya Gürcüstandakı separatçılara dəstək verməkdən vaz keçəcəkmi? İran Ermənistan-Azərbaycan məsələsində ayrı-seçkiliyindən əl çəkəcəkmi və ya Rusiya Azərbaycan siyasətində nə qədər səmimidir? Bu gün Azərbaycanla yaxın münasibətlərdən danışır. Azərbaycanla tərəfdaş əlaqələrdən söz açır, amma biz buna inana bilərikmi? Beş il sonra müəyyən bir dəyişiklik olanda, dünya siyasətində və ya regional siyasətdə, regional vəziyyətdə Rusiya Azərbaycana yenə də qarşı gəlmiyəcəkmi? Baxın bütün bunlar cavabını tapmayan suallardır. Bu cür suallar davam etdikcə “3+3 formatı”nın tam formada həyata keçməsi qeyri-mümkün görünür”.
Onun sözlərinə görə, bu format o zaman reallaşacaq ki, Gürcüstan öz süverenliyini təmin etmiş olacaq və artıq Rusiya amilinə görə bu formatdan qaçmamağa çalışacaq. Xatırlamaq lazımdır ki, bir müddət əvvəl Gürcüstan dövləti məhz Rusiyanın da “3+3 formatı”nda yer alması və onun Gürcüstanın süverenliyini təmin etməməsi səbəbindən formatda iştirakdan imtina etmişdir. İran Zəngəzur dəhlizinin açılmaması üçün hətta hərbi güc istifadəsi kimi yersiz açıqlamalar verirsə, belə olan halda məlum formatı necə və hansı səviyyədə reallaşdırmaq olar? “3+3 formatı” əslində sırf bu altı dövlətin (Türkiyə, Rusiya, İran, Azərbaycan, Gürcüstan, Ermənistan) bir-birinə güllə atmaması, bir-birinə düşmən olmaması üçün ən effektiv layihələrdən biridir.
Aydın Baxış