• Bakı 25° C

    6.09 m/s

  • USD - 1.7

    EUR - 1.9379

    RUB - 2.1492

Adını bitki adından götürən kənd: Ardıcın tarixinə dair maraqlı məlumatlar

CƏMİYYƏT

10 Iyun 2025 | 13:08

Adını bitki adından götürən kənd: Ardıcın tarixinə dair maraqlı məlumatlar

Qərbi Azərbaycan zəngin irsə malik olan tarixi bir bölgədir.

Vaxtilə Ərəb, Səlcuq, Səfəvi və Osmanlı kimi imperiyaların əsarətində və tabeçiliyində olmuş bölgələri çoxluq təşkil edir. Pənbək inzibati bölgəsi iki mühüm hissəyə: Şimali (Quzey) Pənbəyə və Cənubi (Güney) Pənbəyə bölünür. Arçut kəndi Güney Pənbək ərazisində yerləşir.

İlk növbədə qeyd etmək yerinə düşər ki, Arçut kəndinin toponumi bitki əsaslıdır və adının mənası “Arçarut” - Ardıc çayı, yaxud da “Arçayurt”-Ardıc ağaclarının məskəni deməkdir. “Arça” (“Arçın”) sözü bütün türk dünyasında ardıc ağacına verilən ümumi addır. Bu aspektdə Ardıc toponimi Asiyada geniş yayılıb.

Arça sözü Artış sözü ilə eyni məna kəsb edir və Ardıc ağacı deməkdir. Ardıcın, Arçanın tələffüzü müxtəlifdir. Məsələn, Azərbaycanın Astara rayonunun Ərçivan inzibati ərazi vahidində Ərçivan adında kənd var. Kənddə eyni adda çay da mövcuddur. Tədqiqatçılar qeyd edirlər ki, Ərçivan toponiminin bir mənası da ardıc ağacıdır.

Araşdırma nəticəsində hələlik məlum olub ki, leksik mənası Ardıc ağacı olan Arçut və Ardıc adlarında Qafqazda və Türkiyədə bu kimi yaşayış məskənləri var: Pəm(n) bək Mahalında yerləşən Arçut kəndi; Laçın rayonundakı Arduşlu (Ardıclı) kəndi; Quba rayonunda Ördüc (Ardıc) kəndi; Şamaxıda Ərçiman kəndi, Qusar rayonunda Arçan (Ardıc məkanı) kəndi; Dağıstanda Arçutta (Arçut) kəndi, Dağıstanın Xiv rayonunda Arçuq kəndi. Türkiyənin Girəsun ilində Ardıç kəndi.

Belə adda daha bir kənd də Tunceli ilinin Pertek ilçəsində də mövcuddur. Türkiyənin Sinop ilinin Boyabat ilçəsində də Ardıç kəndi var.

Rusiyada və Mərkəzi Asiyada Artış adında xeyli sayda toponim mövcuddur. Məsələn, Rusiyanın Kemerovo vilayətinin Prokopyev və Belov rayonlarının ərazisindən Artışta adlanan çay axır. Bu çay Baçata çayının sağ qoludur. Lüğətdə qeyd olunur ki, Artış sözü türkcə ardıc ağacı mənasını verir. XVII-XIX əsrlərdə Artışta çayı hövzəsində türkdilli xalqlardan olan teleutlar yaşayırdılar. Dağlıq Altayda Artış-tuu çayı, Artış-kol gölü, Artış çayı mövcuddur. Tuva Respublikasında Artış-Tayqa dağı, Qazaxıstanın cənubunda Artış adında dəmiryol stansiyası mövcuddur. Rusiyanın Kemerovo vilayətinin ərazisində “Arçekasskiy dağ silsiləsi” adlanan təbii ehtiyat var. Bu ehtiyatlar flora və fauna mühtindən ibarətdir. Sözün kökündə “Arçın” (Ardıc ağacı) dayanır. Kemerovo vilayətinin ərazisində Arçan mənasını verən Arçit kəndi var. Kənd Taştaqol rayonunun Ust-Kabırzin kənd sovetliyində yerləşir.

Qərbi Azərbaycanın tarixi Pəmbək mahalının (Səfəvilər dövründə mahal adlanırdı) Quqark (tarixən Yaqublu) rayonunda yerləşən Arçut kəndinin tarixi qədimdir. Onun qədimliyi tarix kitablarında, topoqrafik xəritələrdə, arxiv sənədlərində öz əksini tapır.

Qərbi Azərbaycanın yaşayış məskənlərinin türk mənşəli adlarını tədqiq edən alim İbrahim Bayramov özünün “Qərbi Azərbaycanın toponimlər sistemi”. Bakı, “Elm”, 2005, 432 səh. adlı əsərininn 308-ci səhifəsində -ud(-ut) adlanan qədim şəkilçi vasitəsilə əmələ gələn oykonimləri göstərir. Bunud (Ararat), Kurud (Qafan), Urud (Stepanavan), Şamud (Tumanyan), Hunud (Qafan), Xunut (Ararat) və s.kimi adları qeyd edir. Bu məntiqlə hesab edə bilərik ki, Arçut (Arçud) oykonimi (yaşayış məskəninin adı) da Arç və ud (yaxud ut) birləşməsindən əmələ gələ bilər. Arçut kəndinə danışıq dilində Ardıc və Ard(t)ış da deyirdilər.

Arçut qədim yaşayış məskənidir. XVI əsr mənbələrində adı keçir. Həmin əsrin sonlarında Cənubi Qafqaz Səfəvilərdən alınaraq Osmanlı imperiyasının tabeliyinə keçmişdir. 2004-cü ildə AMEA-nın akad. Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı alim Şahin Mustafayev tərəfindən buraxılmış Lori Vilayətinin icmal dəftəri. Bakı: Nurlan, 2004.-87 səh. (Osmanlı dilindən tərcümə) adlı kitabın ön hissəsində yazılır:

“...Osmanlı məmurları yeni fəth olunmuş torpaqlar üzərində inzibati-ərazi bölgüsü, təhrir və qeydiyyat işləri aparmış, onların nəticələrini tərtib etdikləri müfəssəl və icmal dəftərlərində əks etdirmişdilər. Günümüzə qədər gəlib çatmış bu sənədlərdən biri 1590-cı il Lori vilayətinin icmal dəftəridir. Əlyazması İstanbul Başbakanlık Osmanlı Arxivində saxlanılır...” Kitabda Pəmbək Sancağına da yer ayrılır. 63-cü səhifədə yazılır ki, Pəmbək sancağının keçmiş sancaqbəyi Əhməd bəyin adına zeametdə Güney Pəmbək nahiyəsinə tabe olan Erçud kəndindən, Qasım Abdulla oğlunun timarından (feodal mülkiyyətindən, feodal torpaqlarından) yeddi min ağça gəlir olub. Kəndin ümumi gəliri doqquz min ağça olub. Onun iki mini başqasına məxsus olub. Həmin sancağın Güney Pənbək nahiyyəsinə aid olan Aşağı Sarımsaqlı kəndinin gəliri-on dörd min ağça, ondan Xosrov Abdulla oğlunun timarına aid hissənin gəliri isə yeddi min ağça olub. Eyni nahiyənin Yuxarı Sarımsaqlı kəndinin gəliri altı min ağça, bundan Xosrov Abdulla oğlunun timarına aid olan hissə isə üç min ağça məbləğində olub.

Qeyd: lüğətə əsasən, zeamet (ziyamət)-Osmanlı imperiyasının torpaq sistemində illik gəliri 20.000 axça ilə 100.000 axça arasında dəyişiklik göstərən torpaqlar və bu torpaqlardan alınan vergidir. Əyalət mərkəzlərində yaşayan ali səviyyəli idarəçilərə (xəzinə və timar xəzinədarlarına, sancaqlardakı alay rəhbərlərinə, qalaların dizdarlarına, divan məmurlarına və s.) verilirdi. Dizdar fars sözü olub, Osmanlı imperiyasında qala keşikçilərinə verilən ada deyilirdi.

Osmanlılar yaylaqdan da vergi alıblar. Məsələn, həmin kitabın 44-cü səhifəsində yazılır ki, Lori qalasının yaxınlığında Ləlvər dağında toplanan yaylaq vergisindən əldə olunan gəlir ildə beş min ağça olmuşdur. Tasık və Həmzəçəmən nahiyyələri aralarında olan Əyridaş dağında (burada qədimdən Qazax camaatı yaylayır) toplanan yaylaq vergisindən əldə olun illik gəlir beş min manat olmuşdur. Çubuqlu və digər dağlarda olan yaylaqlardan da Pənbək sancaqbəyliyinə vergilər ödənilmişdir. Qeyd: kənd camaatının yaddaşında var ki, Güneyli Pəmbək Qazax camaatının yaylağı olub. Həmin camaatın müəyyən qismi birdəfəlik köçüb bizim ərazilərdə məskən salıblar. Bölgənin demoqrafiyasında, miqrasiyasında Qazaxın böyük rolu olub. Arçut kəndinin əhalisinin formalaşmasında Qazaxdan Yaqubluya (Sonradan Megrut adlanmış və Quqark rayonunun mərkəzinə çevrilmişdir) köç edənlər də böyük rol oynamışlar. Ardıcda doğulmuş, elmlər doktoru, əməkdar müəllim, alim Yusif Qazıyev KREDO qəzetinin 25 aprel 2024-cü il tarixli sayında Əsirlikdə qalmış Ardıc (Arçut) kəndinin tarixinə, mədəniyyət və maarifinə dair qısa xülasə adlanan məqaləsində kəndin tarixinə, toponiminə, köçünə, adının mənşəyinə dair maraqlı yanaşma etmişdi. O, məqalədə kəndin tarixini iki mühüm mərhələyə bölür: birincisi, xarabalığa qədər mövcud olan Ardıc kəndi; ikincisi, xarabalıqdan sonra formalaşan kənd. Bu (ikinci mərhələ) formalaşmanın başlanğıc tarixini 1989-cu ilə qədər olan dövr üçün 247 il götürür. Son xarabalıq dövrünü 1679-cu il 4 iyun tarixində İrəvan xanlığında baş vermiş dağıdıcı zəlzələ ilə bağlayır. Yeni Ardıc (xarabalıqdan sonrakı Ardıc) kəndinin ilk sakinləri fərəhli tayfaları-Ağsaqqalıevi, Rəfievi, Canalıyev, Mesimevi (sonradan Qazılar) Ardıc xarabalıqlarının 13 km.məsafəsində yerləşən Yaqublu kəndindən köçüb gəlmişlər. Ardıc xarabalıqları Yaqublu kəndnin qışlağı olmuşdur. Yaqubluya köçmüş dörd Fərəhli (Fərəhli Qazaxa aid kənddir) tayfasının qışlağı məhz Ardıc xarabalıqları olmuşdur. Alim Yusif Qazıyev daha sonra qeyd edir ki, 1742-ci ildən bu yana, yeni köçənlərin hesabına kəndin adı el arasında Ardıc olaraq adlanmağa başlamışdır.

Qeyd: kənd sakinləri kəndin adına bu gün də, həm də Ardıc deyirlər. XIX –XX əsrlərdə (1892-1998) yaşamış kənd sakini İsgəndərova Şahnisə Hacımurad qızı da kəndin adının həm də Ardıc olmasını təsdiqləyirmiş. Ardıc adını daha çox yaşlı insanlar-1925-cı il təvəllüdlü Əliyev Məhəmməd Abbas oğlu, 1934-cü il təvəllüdlü Nəriman Musayev, 1933-cü il təvəllüdlü Abbas Əli oğlu Məşədiyev və çoxlu sayda digər şəxslər təsdiq edirlər. 1956-cı il təvəllüdlü Elmira Nəsibova qeyd edir ki, bizim baba və nənələrimiz, ata və analarımız kəndimizə daha çox Ardıc adını vermişdilər. Qonşu kəndlər də Ardıclı, Artışlı, Ardıştı deyirdilər.

Belə bir məlumat var ki, 1679-cu ildə İrəvanda (maqnitutudu təxminən 7) güclü və dağıdıcı zəlzələ olub. Alim Yusif Qazıyevin məlumatına əsasən, bu zəlzələ nəticəsində Arçut kəndi dağılıb. Bəli, zəlzələnin Pəmbək mahalına təsirləri haqqında digər mənbələrdə də məlumatlar var.

Arçut haqqında daha bir maraqlı məlumat var. Belə ki, alim İbrahim Bayramov qeyd edir ki, 1849-cu ildən İrəvan quberniyasının tərkibinə daxil olan Aleksandropol qəzası dörd polis sahəsinə bölünmüşdür. Pəmbək kəndləri, o cümlədən Arçut birinci polis sahəsinə daxil olmuşdur. Bax.“Qərbi Azərbaycanın toponimlər sistemi” Bakı, “Elm”, 2005, 432 səh., səh 82. Aleksandropol qəzası Tiflis quberniyasının tərkibində, sonradan da 1849-cu ildə təşkil edilən İrəvan quberniyasının (Tiflis quberniyasından ayrılmaqla ayrıca formalaşan quberniya) tərkibində olmuşdur. Yeni yaradılan İrəvan quberniyası 1850-ci ilin yanvar ayının 1-dən etibarən fəaliyyətə başladı. Bax. Nurlana Əliyeva. Azərbaycanın Rusiya tərəfindən işğalından sonra Naxçıvanın tarixi coğrafiyasında baş verən dəyişikliklər. (XIX əsr)., səh.58. AMEA-nın Naxçıvan Bölməsinin Elmi əsərləri. 2021.N.3, s., 57-61. Tarixin məlumatına görə Aleksandropol qəzası 10 aprel 1840-1929-cu il aralığında mövcud olub.

Tarixdə belə bir fakt var ki, 1918-ci ilin 24-28 may aralığında Osmanlı qoşunları ilə ermənilər arasında Qarakilsə döyüşü olub. Osmanlıların qələbəsi ilə başa çatıb. Döyüşlər Arçut, Qışlaq, Bozabdal (Bazum) kəndlərində və ətrafında baş verib. Osmanlıların qələbəsi ilə başa çatıb. Erməni quldur dəstəsinin başçısı Qaregin Njde (Ter-Arutyunyan) bu döyüşün həvəsləndiricilərindən və təşkilatçılarından biri olub. O, cəbhə komandanı Tovmas Nazarbekyanın əmri ilə özünün min nəfərlik dəstəsi ilə birinci olaraq hücum edib və nəticədə məğlub olub. Qarakilsəni təhvil verib. Центр поддержки русско-армянских стратегических и общественных инициатив. Рафаэл Амбарцумян. Гарегин Нжде. 14 июня, 2016. russia-armenia.info

Tarixdə belə bir fakt var ki, Türkiyə ilə Ermənistan arasında 1920-ci il dekabrın 2-dən 3-nə keçən gecə sülh müqaviləsi imzalanıb. Bu müqavilə Türkiyə Böyük Millət Məclisinin bağladığı ilk beynəlxalq müqavilə hesab olunur. Bünyamın Bünyadzadə. 13.04.2023. Visiontv.az Sənəd 1920-ci ilin sentyabr-dekabr ayları arasında türk ordusu ilə erməni silahlı birləşmələri arasında baş verən hərbi əməliyyatlara son qoymalı idi. Müqavilənin şərtlərindən biri də Ermənistan ərazisindən qovulmuş müsəlmanların qayıtması üçün şərait yaratmalı idi. Müqavilə Ermənistanın silahlı qüvvələri və silahları üzərində məhdudiyyətlər qoyurdu. Dekabrın 4-də İrəvana Sovet Rusiyasının ordu hissələri daxil olur. Ermənistanda qurulmuş sovet hökuməti Gümrüdə imzalanmış müqaviləni tanımaqdan imtina edir və onu qüvvədən düşmüş elan edir. Bünyamın Bünyadzadə. 13.04.2023. Visiontv.az

Tarixin qeydinə əsasən, 16 mart 1921-ci ildə RSFSR ilə Türkiyə arasında 26 maddə və 3 əlavədən ibarət Moskva müqaviləsi imzalanıb. WIKIPEDIA açıq internet saytının məlumatına əsasən, Müqavilənin on ikinci maddəsində 1918-ci ilədək Rusiyanın tərkib hissəsi olan bu müqavilə ilə Türkiyənin suverenliyi altında olan RSFSR hökumətinin tanıdığı ərazilərin hər bir sakininin öz əşyaları və əmlakı ilə birlikdə Türkiyəni sərbəst tərk etmək hüququnun olduğu qeyd olunub.

Osmanlıya köç etmiş Arçutun yaşlı adamları qeyd edirdilər ki, Qarsda onlara torpaq təklif ediblər, qalıb yaşamağı məsləhət biliblər. Onlardan bəziləri qalıblar. Məsələn, Qarsda Arçutun Çilovdarlılar tayfasından nümayəndələr qalıblar. Bu gün də həmin nümayəndələrin xələfləri ilə əlaqə, gediş-gəliş mövcuddur. Arçut sakinlərinin böyük əksəriyyəti yaranmış şəraitdən istifadə edərək geriyə kəndlərinə qayıdıblar.

Arçut indiki Ermənistanın Lori mərzinin mərkəzi şəhəri olan Vanadzora (Yaqubluya, Quqarka, Kirovakana) tabe olan kənd olub. Bir məqalədə qeyd olunur ki, təxminən XIII əsrdə burada kilsə olub və Səlcuqların bölgəyə gəlişi ilə həmin kilsə “Qarakilsə” adlanıb. XVI-XVII əsrlərdə bu ərazilər Gürcüstanın cənub kənarları olub. Грузия. Ванадзор. www.travelgeorgia.ru Gürcüstanın Rusiyaya birləşməsindən sonra ərazilər Gürcüstan quberniyasının sərhəd şəhəri olub. 1849-cu ildə İrəvan quberniyasına verilib. 1826-cı ildə bu şəhərdə rus qoşun birləşmələri ilə İran ordusu arasında toqquşma olub. İranlılar kilsəni dağıdıblar və şəhəri yandırıblar. 1831-ci ildə Qarakilsəni yenidən bərpa ediblər. Грузия. Ванадзор. www.travelgeorgia.ru.

1935-1993-cü illər arasında şəhər Kirovakan adlanıb.

Arçut haqqında maraqlı olan məlumatlardan biri də ondan ibarətdir ki, 1895-1898-ci illər ərzində tikilmiş Tiflis-Aleksandropol-Qars dəmiryolu layihəsi kəndin altından keçir. Layihə ətrafında Arçut kəndinin cələsi, Saral çayı (el arasında belə adlanırdı və Ardıc çayı həmin çaya tökülür) və Vanadzor-Gümrü şose yolu mövcuddur. Kəndin altında Arçut dəmiryol stansiyası fəaliyyət göstərir. Tədqiqatçılar qeyd edirlər ki, layihənin inşasında işçi qüvvəsi olaraq ətraf kəndlərin sakinlərindən istifadə ediblər.

Elşən Nəsibov (Elşən Ardıc)

Siyasətşünas-alim, yazıçı-publisist

Qərbi Azərbaycan İcmasının üzvü, “ARDIC” Hərəkatının təsisçisi.

Bakıvaxtı.az üçün


SON XƏBƏRLƏR

10 Iyun 2025