• Bakı 23° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Aİ-nin Ukrayna planı Avropa iqtisadiyyatını çökdürə bilər?

İQTİSADİYYAT

29 Iyun 2026 | 16:05

Aİ-nin Ukrayna planı Avropa iqtisadiyyatını çökdürə bilər?

Avropa İttifaqı (Aİ) Ukraynadakı münaqişənin uzunmüddətli fazaya keçməsi ehtimalına qarşı maliyyə planlarını indidən hazırlayır. Qurum, müharibə 2027-ci ildən sonra da davam edəcəyi təqdirdə, Kiyevə 30-45 milyard avro məbləğində yeni kredit paketi ayırmağı müzakirə edir.

Bəs Avropanın öz iqtisadiyyatı bu donor tranşlarının altından necə qalxacaq? Bu vəsaitlər real sektora əlavə yük və risklər gətirə bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, bu vəsaitlərin ayrılması Avropa iqtisadiyyatı üçün ciddi bir təhlükə və ya ağır maliyyə yükü yaratmayacaq:

"Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, Avropa iqtisadiyyatı kifayət qədər böyük iqtisadiyyatdır və ən müxtəlif resurslar vasitəsilə müvafiq dəstəyin göstərilməsi imkanlarını özündə birləşdirən bir iqtisadi sistemdir. Bu baxımdan da düşünmürəm ki, tranşın ödənişinə başlanılması Avropa İttifaqı üçün hər hansı bir böyük maliyyə yükü formalaşdıracaqdır. Burada kifayət qədər böyük iqtisadiyyata malik olan dövlətlərin prosesdə iştirakçılığını da nəzərə almaq lazımdır".

Müsahibimiz qeyd edib ki, digər tərəfdən, bu vəsaitlərin bir qismi məhz kredit şəklində veriləcəkdir ki, bu istiqamətdə də Avropa Birliyinin kifayət qədər böyük imkanları var.

Rəşad Həsənov, iqtisadçı ekspert

İqtisadçı bu yardımların Avropadakı daxili inflyasiya proseslərinə mənfi təsir edəcəyi ilə bağlı narahatlıqların əsassız olduğunu vurğulayıb:

"Bu prosesin Avropa Birliyində inflyasiya, yaxud inflyasiya ilə mübarizə tədbirləri ilə hər hansı bir birbaşa (mənfi) əlaqəsi yoxdur. Əksinə, normalda inflyasiya ilə mübarizə çərçivəsində atılan addımlardan biri də nisbətən daha sərt monetar və ya fiskal siyasətin həyata keçirilməsi yönümündə olur. Bu yanaşmanın özü, əslində, resursların başqa istiqamətlərə yönəldilməsi, o cümlədən Ukraynaya dəstək verilməsi ilə bağlı indiki şərtlər daxilində müəyyən bir maliyyə imkanı formalaşdıran faktor kimi çıxış edir. Ona görə də məsələnin bu aspektdən (əlavə risk və yük kimi) qiymətləndirilməsini doğru hesab etmirəm".

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR