On birinci yazı
Kənd həyatından bəhs edən yazılar -1970-ci illərin əhatəsi
Birinci hissə
Arçut kəndi -1970-1975-cu illərin nəşrlərinin səhifələrində
Tarixi Pənbək mahalının Arçut (Ardıc) kəndi XX əsrin 70-ci illərinin birinci yarısında da Ermənistanın mərkəzi mətbuat orqanlarının diqqət mərkəzində olmuşdur. Ötən əsrin 70-ci illərində kəndin potensialının güclənməsi sakinlərin sosial-mədəni həyatda həlledici fəallığını təmin etmişdir. Kənd rəhbərliyinin güclü fəaliyyəti, məktəbin yüksək səviyyəli şagird hazırlığı bu dövrün xarakterik cəhətlərindən olmuşdur. Mədəni tədbirlər əhalinin sosiallaşmasında mühüm rol oynamışdır. Bu dövr ərzində Arçut bölgənin avanqard yaşayış məskənlərindən birinə çevrilmişdir. Kəndin bu dövrdə imkanları genişlənmiş rabitə xidməti də güclənmişdir. Sadalanan dövrdə kənd kolxozdan sovxoza keçid etmiş, əməkdə yeni münasibətlər formalaşmışdır. Kənd əvvəlki dövrlərdə olduğu kimi, mərkəzi hakimiyyətin diqqət mərkəzində qərarlaşmışdır.
“Sovet Ermənistanı” qəzetinin 5 mart 1970-ci il tarixli, N27(9366) sayında, Əli Əliyevin imzası ilə dərc olunan “Nöqsanları aradan qaldırmalı” başlıqlı məqalədə yazılırdı: “Quqark rayonundakı Arcud kənd kolxozunda bu günlərdə hesabat-seçki yığıncağı keçirilmişdir. Yığıncaq tənqid əlaməti altında keçmiş, kolxoz idarə heyətinin bir illik fəaliyyəti dinlənilmişdir. İdarə Heyətinin sədri Məmməd Məmmədov öz məruzəsində əsas diqqəti dövlət planlarının kəsir qalmasının səbəblərinə həsr etmişdir. Kolxoz son illərdə bütün sahələr üzrə geridə qalır. Bəzi tikinti işlərini nəzərə almasaq heç bir dövlət planlarına əməl olunmamışdır. Keçən təsərrüfat ilində 83 hektar payızlıq buğda və 57 hektar arpa əkini sahələrindən çox az məhsul götürülmüşdür. Burada yem tədarükü işləri diqqət mərkəzindən kənarda qalmır. 3315 sentner əvəzinə 1460 sentner ot yığılmış, silos basdırılmışdır. Meyvə bağlarından hər hektar hesabı ilə 9.4 sentner məhsul yığılmışdır. Ümumiyyətlə, 750 sentner əvəzinə 235 sentner meyvə alınmışdır. Mal-qaranın sayı planda olduğundan çox azdır. Hər inəkdən 786 kiloqram süd sağılmış, hər yüz inəkdən 74 buzov götürülmüşdür. Hər yüz qoyundan 47 quzu alınmışdır. Hər qoyundan 1.1 kiloqram yun qırxılmışdır. Ferma müdirləri, tarlaçılılq briqadirləri işə laqeyd münasibət bəsləmişlər. Hesabat-seçki yığıncağında təftiş komissiyasının sədri İsmayıl Əmiraslanovun məruzəsi yığıncaqda iştirak edənlərin narazılığına səbəb olmuşdur. Çıxış edən kolxozçulardan Hüseyn İsgəndərov göstərdi ki, təsərrüfatda əmək intizamı olduqca zəifdir, əliəyrilik hökm sürür. Hesabat –seçki yığıncağında iştirak edən rayon zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin sədri A.Mailyan göstərdi ki, təsərrüfat dövlət planlarının heç birinə əməl etməmiş, kolxozçuların əməkgününə olduqca az pul bölünmüşdür. Lakin təsərrüfatda hər cür imkan və şərait vardır. İstər təsərrüfat rəhbərləri, istərsə də kolxozçular yaxşı çalışmış olsaydılar, hər əməkgününə çox məhsul bölünərdi. Yeni seçilən idarə heyəti nöqsanları nəzərə alıb təsərrüfatda ciddi dönüş yaratmalıdır”.
Qəzetin 24 iyun 1971-ci il tarixli, N75 (9566) sayında, “Kəndlərimiz abadlaşır (Oxucu məktublarının icmalı)” başlıqlı məqalədə bu kimi fikirlərə rast gəlinirdi: “Keçən dörd ildə respublikamız sürətlə inkişaf etmiş, bütün sahələrdə böyük irəliləmələr olmuş, şəhər və kəndlərimiz daha da gözəlləşmişdir. Son zamanlar redaksiyamıza gələn çoxsaylı oxucu məktublarında da bu barədə ətraflı söhbət açılır. Əii Eyvazov və Əli Əliyev Quqark rayonundan göndərdikləri məktublarında yazırlar ki, Hallavar və Arcud kəndləri son vaxtlarda yaraşıqlı qəsəbələrə çevrilmişlər. Kənd əhalisi böyük qayğı ilə əhatə olunmuşdur. Tibb ocaqları, klub-kitabxanalar, rabitə şöbəsi, yaraşıqlı məktəb binaları, mağaza və sair zəhmətkşelərə nümunəvi xidmət göstərirlər. Həmin kəndlərlə Kirovakan şəhərini birləşdirən geniş asfaltlı yollarda avtomobillər, avtobuslar şütüyür, adamları arzuladıqları yerlərə aparıb çatdırır...Arcud kəndində iməcilik yolu ilə abadlıq işləri aparmaq bir ənənəyə çevrilmişdir. Yeri gəldikcə bütün kənd əhalisi, xüsusilə məktəblilər tikintilərə kömək edir, abadlıq işlərinə əl atırlar...”
Eyniadlı qəzetin 29 iyun 1971-ci il tarixli, N77 (9568) sayında, Ə.Əliyevin imzası ilə dərc olunan “Yun qırxımına başlanmışdır”, məqalədə bu kimi sətirlərə rast gəlmək olur: “Quqark rayonundakı Arçut kənd kolxozunun qoyunçuları yun qırxımına müvəffəqiyyətlə başlamışlar. Birinci gün 340 kiloqram yun qırxılmışıdır. Bu sahədə Talıb Eminovun, Hüseyn Hüseynovun, İsa Əhmədovun, Abdulla Qasımovun yaxşı işini xüsusilə qeyd etmək lazımdır. Qoyunçuluq fermasının müdiri Yasin Məmmədov qeyd etdi ki, ilk yun qırxımında hər qoyundan orta hesabla 1.5 kiloqram yun alınmışdır. İşgüzar və bacarıqlı çobanlar cari təsərrüfat ilində hər qoyundan 2.1 kiloqram yun götürməyi vəd etmişlər. Sov.İKP XXIV qurultayının qərarlarına şərəflə əməl etmək üçün əzmlə çalışan heyvandarlar öhdəliklərini artıqlaması ilə yerinə yetirmək üçün məhz indidən yaxşı çalışırlar. Kolxozun qabaqcıl çobanları yaylaq dövründə qoyunları qayğı ilə bəsləyərək bol yun götürməyə cəhd edirlər”.
Qəzetin 15 iyul 1971-ci tarixli, N84(9575) sayında, Ə.Əliyevin imzası ilə dərc olunan, “Ot biçirlər” başlıqlı məqalədə yazılırdı: “Quqark rayonunun kolxoz və sovxozlarında ot çalını nümunəvi davam etdirilir. Rayonun Lernabad, Jdanov sovxozları və Arcud kənd kolxozu irəlidə gedirlər. Arcud kənd kolxozunun zəhmətkeşləri bu il 680 ton ot tədarük etməlidirlər. Artıq indiyədək demək olar ki, bu qədər ot yığılmışdır. Arcudlular ilyarımlıq yem toplayacaqlar. Şəmil Şərifovun başçılıq etdiyi tarlaçılıq briqadasının üzvlərindən Qasım Məmmədov, Məhəmməd Səfərov, Səyyad Alıyevin briqadasından isə İsa Əhmədov, İsa Qurbanov, gündə 5000 kvadratmetr sahədən çox yerin otunu biçirlər. Otun daşınması da nümunəvi təşkil olunmuşdur. Mexanizatorlardan İsmayıl Əmiraslanov, Süleyman Məmmədov, Vəli Alıyev, Elləz Rəfiyev maşınları müntəzəm olaraq saz saxlayır və fasiləsiz işlədirlər. Ot biçini davam edir”.
Qəzetin 21 sentyabr 1971-ci il tarixli, N113 (9604) sayında, Həsən İsgəndərovun imzası ilə dərc olunan, “Yem tədarük olunur” başlıqlı yazıda bu kimi sətirlərə rast gəlinirdi: “Quqark rayonundakı Arcud kənd 26 Komissar adına kolxozun üzvləri Sov. İKP XXIV qurultayının qərarlarına əməl edərək heyvandarlığı daha da inkişaf etdirir, məhsuldarlığını getdikcə artırırlar. Burada doqquzuncu beşilliyin birinci ilində işə müvəffəqiyyətlə başlanmışdır. Koxozçular kifayət miqdarda yem tədarük etməyi planlaşdırmışlar. Vaxtında becərilmiş və qorunmuş sahələrdən bol məhsul yığılmışdır. Məhz buna görə də otun çalınması və yığılıb tayaya vurulması keyfiyyətlə həyata keçirilmişdir. Yem tədarükü işində kolxozun sürücüləri Süleyman Məmmədov, Elləz Nəbiyev, Rəsul Çəltikov daha həvəslə çalışmışlar. Onlar gündəlik tapşırıqlarına artıqlaması ilə əməl etmişlər. 1 nömrəli tarlaçılıq briqadasının briqadiri Səyyad Məmmədov yem tədarükü işində öz briqada üzvləri ilə birlikdə yüksək əmək fəaliyyəti göstərir. Briqadanın üzvlərindən Sürəyya Abbasova, Əminə Binnətova, Valeh Budaqov, Hacıxəlil Nəbiyev yem tədarükü zamanı gündəlik tapşırıqlarına 130-150 faizlə əməl etmişlər. Təsərrüfatın heyvandarları yeni beşilliyin birinci ilində il yarımlıq yem ehtiyatı yaratmağa söz vermişlər. Öz vədlərinə şərəflə əməl etmək üçün burada hamı əzmlə çalışır”.
Qəzetin 6 yanvar, 1972-ci il tarixli, N3(9650) sayında H.Sadıqovun imzası ilə dərc olunan “Arcutlu oğlan” başlıqlı yazıda bu kimi fikirlər qeyd olunurdu: “Gözəl Lori düzlərində nə qədər yaraşıqlı kəndlər vardır. Bu kəndlərdən biri də qışda qarlı-boranlı, yayda gül-çiçəkli, baharda xoş ətirli Arcut kəndidir. Kolxoz iqtisadiyatının möhkəmlənməsində, kəndin günü-gündən gözəlləşməsində arcutluların hər birinin öz əməyi, öz payı vardır. Zəhməti ilə camaatın hörmətini qazanmış işgüzar adamlar, Fərhad biləkli gənclər burada çox-çoxdur. Onlardan biri də kənddə arcutlu oğlan deyə çağırdıqları Sayat Məmmədovdur. İndi qışın şaxtalı, boranlı çağıdır. Təsərrüfatın 531 baş qaramalı, 2,355 baş qoyunu isti tövlələrdə bəslənilir. Yem sarıdan narahatlıq duyulmur. Bunun üçün kənd camaatı ilə birlikdə 1 nömrəli tarlaçılıq briqadasının üzvləri də yaz-yay və payız aylarında az əmək sərf etməmişlər. Bu briqadaya S.Məmmədov başçılıq edir. Kollektiv bir yerə toplaşanda, görüləcək işlər götür-qoy ediləndə, yeni öhdəlik qəbul olunanda onda öz sözünü demiş, hamı ilə birlikdə işin qulpundan yapışmışdır. Keçən ilin baharı idi. Axşamdan xeyli keçmişdi. Kolxoz idarə heyətinin binasının gur işıqları hələ də ətrafa səpələnirdi. Kommunist Partiyasının XXIV qurultayının Direktivlərini müzakirə edirdilər. Sayat da orada idi. Bir küncdə oturmuşdu. Qabarlı əllərini bir-birinə çarpazlamışdı, nə barədəsə düşünürdü. Baxışları ciddi idi. Çıxış edənlər təsərrüfatın iqtisadiyyatının əsasını təşkil edən heyvandarlıq məhsullarını artırmaq üçün öz təklif və tələblərini bildirirdilər. Neçə ildən bəri kolxoza başçılıq edən, təsərrüfatın işgüzar sədri Məmməd Məmmədov sözə başladı.: -Cari ildə dah çox yem tədarük etməliyik. 1.100 ton ot, keçən ildəkindən xeyli artıq silos hazırlanmalıdır. 120 ton yem çuğunduru tədarük etmək gərəkdir. Bu işdə tarlaçılıq briqadasının üzvlərindən çox şey asılıdır....S. Məmmədovun çıxışı qısa oldu. O dedi:-Bu il işləməliyik. Bunu partiyamız tələb edir. Briqada üzvlərimiz ilyarımlıq yem toplamaq üçün öz öhdələrinə düşən vəzifəni şərəflə yerinə yetirəcəklər....Sayat 1966-cı ildə Yerevan Azərbaycan kədn təsərrüfatı texnikumunun aqronom fakultəsin bitirib doğma kəndinə qayıtmışdı. Əvvəlcə kolxoz rəhbərləri gənc mütəxəssisi tarlaçılıq briqadasına rəhbər təyin etmək fikrində idilər. Bununla belə bəziləri “hələ gəncdir, onun üçün çətin olar”, Sayadın bu vəzifəni doğruldacağına şübhə ilə yanaşırdılar. Lakin kolxoz idarə heyətinin qərarı qəti idi. 1 nömrəli tarlaçılıq briqadasına rəhbərlik ona tapşırıldı. Əvvəllər briqadanın işləri o qədər də könülaçan deyildi. Birinci ili göstəricilər də könülaçan olmadı. Amma bunlar gənc mütəxəssisi ruhdan salmadı. O, rəncbərlik peşəsində püxtələşmiş ağsaqqalların ağıllı məsləhətlərini dinləyib işdə tətbiq edirdi. İllər ötdükcə briqada da tapşırıqlarını artıqlaması ilə yerinə yetirirdi. Sayat Məmmədov özünü işdə doğrultmuşdu. Kommunistlər bunu nəzərə alıb onu partiya sıralarına qəbul etdilər. Bu, gənc oğlanı öz səylərini daha da artırmağa, briqadanı irəli çıxarmağa ruhlandırdı. Keçən il yem tədarükükn qızğın dövründə briqada üzvləri fəallıq göstərirdilər. Onlar briqadirlərinin ümumi ümumi yığıncaqda verdiyi sözə əməl etmək üçün gecəni gündüzə qatıb namus və qeyrətlə çalışmağa başladılar. 30 hektar əkmə ot sahəsinin məhsulu bir neçə gündə toplanıb tayaya vuruldu. Bu işdə Məhərrəm Alıyev, İbrahim Məşədiəliyev və başqaları irəlidə gedirdilər. Ayşəxanım İsgəndərova dırmığı bir an belə yerə qoymurdu. İşin sürəti getdikcə artırdı. Bir tərəfdən ot çalınır, digər tərəfdən isə mexanizatorlar qurumuş yemi fermaların yanına daşıyırdılar. Mustafa İsmayılov səliqə ilə otu taya vururdu. İsmayıl Əmraslanovla Həmdəm Binnətov bir-biriləri ilə yarışırdı. Hər kəs irəlidə getmək üçün qüvvə və səy əsirgəmirdi. Onların hər biri gün ərzində iki norma yerinə yetirirdi. Bir sözlə briqada üzvlərinin əməksevərliyi sayəsində nəzərdə tutualn sahənin otu vaxtında çalınıb qurtardı. Briqada bu şərəfli vədi alnıaçıq yerinə yetirdi. Kolxozun yeni beşilliyi birinci ilinin tapşırıqlarını vaxtından əvvəl, bütün göstəriciləri üzrə artıqlaması ilə yerinə yetirməsində bu briqadanın da əməyi az olmamışdır. Briqadanın irəlidə getməsində sosializm yarışının da köməyi çox olmuşdur. Onlar iki nömrəli tarlaçılıq briqadası ilə yarışırdı. Yarışın nəticələri fərəhli olmuşdur. İkinci briqada da yaxşı işləmiş, öz tapşırıqlarını artıqlaması ilə ödəmişdir. Qışın bu oğlan çağında briqada üzvləri boş deyillər. Yazbaşı sahələrə vermək üçün yerli və mineral gübrə haqqında düşünür, kənd təsərrüfatı alətlərini qaydaya salırlar. Briqada doqquzuncu beşilliyin ikinci ilini daha yaxşı yola salmaq üçün indidən ciddi hazırlaşır. Arcutlu oğlan Sayat Məmmədov cari ildə görüləcək işlər barəsində müxtəsər plan tərtib edir”.
Qəzetin 26 mart 1972-ci il tarixli, N37 (9684) sayında Quqark rayonu, Arcut kənd orta məktəbinin müəllimi Şura Dilbazovun imzası ilə dərc olunan, “Qayğıkeş satıcı” başlıqlı yazıda bu kimi fikirlər qərarlaşırdı: “ Bizim kənd mağazasının satıcısı Hüseyn Eminov öz mədəni rəftarı, gözəl münasibəti ilə alıcıların hörmətini qazanmışdır. O, mağazanı səliqəli saxlayır, həmyerlilərinin tələbini nəzərə alaraq çatışmayan malları vaxtında mağazaya gətirmək üçün tədbir görür. Alıcılar ondan razıdırlar. Eminov öz qayğıkeşliyi ilə kənd camaatının, xüsusilə müştərilərin hörmətini qazanmışdır”.
Qəzetin 29 aprel 1972-ci il tarixli, N52 (9699) sayında, Şura Dilbazovun imzası ilə dərc olunan “Gözəlləşən diyar” başlıqlı məqalədə qeyd olunurdu: “Quqark rayonunun digər yerləri kimi Arcut kəndi də ildən-ilə öz simasını dəyişərək daha gözəl olur. Məişət xidməti sexləri, klub-kitabxana, məktəb, mağaza və sair zəhmətkeşlərə lazımi xidmət göstərir. Hər il onlarca ailə özü üçün yeni yaraşıqlı ev tikdirir; kənd sakinlərinə nəqliyyat xidməti də yaxşı təşkil edilmişdir. Onlar istədikləri vaxt avtobusla rayona mərkəzinə və qonşu kəndlərə gedə bilirlər. Partiya və hökumətin göstərdikləri bu qayğıya arcutlular yaradıcı əməklə cavab verirlər. Onlar zəhmətkeşlərin beynəlxalq həmrəyliyi günü olan 1 May bayramını təsərrüfat və mədəni quruculuq sahəsində yen-yeni nailiyyətlərlə qarşılamağa cəhd edirlər”.
Qəzet özünün 11 iyun 1972-ci il tarixli, N70(9717) sayında, Şura Dilbazovun imzası ilə dərc olunan məqaləsində qeyd edirdi: “Alpaşa Alıyev 11 ildir ki, Quqark rayonunun Arcut kəndində poçtalyon işləyir. O, qəzet, jurnal, məktub, teleqram və bağlamaları sahiblərinə vaxtında çatdırır. Yaxşı işinə görə Alıyev kənd camaatının dərin hörmətni qızanmışdır”.
Qəzetin 22 avqust 1972-ci il tarixli, N101(9748) sayında, Şura Dilbazovun imzası ilə dərc olunan yazıda, “İşıq ustası”, başlıqlı məqalədə qeyd olunurdu: “Quqark rayonundakı Arcud kəndinin gecələri də gündüzləri kimi nur içindədir. Bu işdə mantyor Ramazan İbrahimovun əməyi böyükdür. Ramazan öz işinin əsil ustası, qayğıkeşdir. Elektriklə əlaqədar olan nə varsa öhdəsindən bacarıqla gəlir. O, 1959-cu ildən bəri kənd mantyoru vəzifəsində işləyir. Xidmət etdiyi elektrik xətlərini həmişə saz saxlayır. Arcudlular ona işıq ustası deyə hörmətlə müraciət edirlər. Kəndin küçə və səkilərini, idarə və mədəniyyət ocağını daimi gur işıqla təmin etmək üçün Ramazan İbrahimov var qüvvəsini əsirgəmir”.
Qəzetin 26 dekabr 1972-ci il tarixli, N155 (9802) sayında Ermənistan SSR kənd təsərrüfatı qabaqcıllarının SSRİ orden və medalları ilə təltif edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 14 dekabr 1972-ci tarixli Fərmanının mətni dərc olunmuşdur. Həmin fərmana əsasən, Quqark rayonunun Arçut sovxozunun fəhləsi Xəlilova Güləbatın Əli qızı “Əmək igidliyinə görə” medalı ilə təltif olunub.
Qəzetin 22 sentyabr 1973-cü il tarixli, N113(9916) sayında, Ermənistan SSR-in qabaqcıl heyvandarlarının SSRİ orden və medalları ilə təltif edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 6 sentyabr 1973-cü il tarixli Fərmanının mətni dərc olunmuşdur. Həmin sənədlə Quqark rayonundakı Arcut heyvandarlıq sovxozunun sağıcısı Nəsibova Gülsüm Mustafa qızına “Qırmızı Əmək Bayrağı Ordeni” verilib”.
Qəztin 25 dekabr 1973-cü il tarixli, N152 (9955) sayında, 1973-cü il taxıl, tərəvəz, meyvə və digər əkinçilik məhsulları istehsalı və satışının artırılmasında fərqlənən Ermənistan SSR kənd təsərrüfatı qabaqcıllarının SSRİ orden və medalları ilə təltif edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 12 dekabr 1973-cü il tarixli Fərmanı dərc edilmişdir. Həmin sənədə əsasən, Quqark rayonun Arcut sovxozunun fəhləsi Əliyeva Mənzər Aycazak qızı “Şərəf Nişanı Ordeni” ilə təltif olunmuşdur. Qeyd: Təltif olunanın ata adı ilə bağlı qəzetdə texniki səhvə yol verilmişdir. Kənd camaatının təsdiqinə görə Əliyeva Mənzərin ata adı Alqazaxdır.
Qəzetin 16 iyul 1974-cü il tarixli, N84(10042) sayında, Arçut kənd orta məktəbinin şagird istehsalat briqadasının briqadiri, məktəb komsomol təşkilatının katibi Kamil Məşədiyevin imzası ilə dərc olunan “Tarlalardan, fermalardan xəbərlər. Yüksək mütəşəkkilliklə”, başlıqlı məqalədə qeyd olunurdu: “Quqark rayonundakı Arçut kənd kolxozunun tarlaçı və mexanizatorları ictimai heyvanlar üçün möhkəm yem bazası yaratmağa başlamışlar. Bir neçə gündür ki, burada ot biçini və yem tədarükü mütəşəkkil qaydada irəli aparılır. Arcutlular bu il 700 ton ot, 750 ton silos tədarük etməyi öhdələrinə götürmüşlər. Bunun üçün bütün qüvvələr səfərbərliyə alınmış, ot biçinində iştirak edəcək maşın və mexanizmlər vaxtında təmir edilmiş və işə hazırlıqlı vəziyyətə salınmışdır. İndi hər gün onlarca ton ot biçilir və silos hazırlanır. Bu işdə Arçut kənd orta məkətbinin şagird istehsalat briqadasının əməyi də çoxdur. Briqada yığımda fəal iştirak edir. Şagirdlər bir tərəfdən biçilmiş otu yığır, digər tərəfdən isə onu avtomaşınlara yükləyib fermaların yanında qurulan tayalara gətirirlər. Briqada qısa müddətdə 200 tona yaxın silosluq üçün ot tədarük etmişdir. Şagirdlərdən Fərrux İsayev, Mehman Cəbrayılov, Saleh Məşədiyev, Fitnə İsayeva, Amalya Alıyeva, Eldar İsmayılov və başqaları fəal çalışırlar”.
Qəzetin 3 avqust 1974-cü il tarixli, N92 (10050) sayında, Şura Dilbazovun imzası ilə dərc olunan, “Gözləyirik” başlıqlı məqalədə bu kimi fikirlərə rast gəlinirdi: “Arcut kəndi Quqark rayonunun böyük yaşayış məntəqələrindən biridir, özü də yaraşıqlıdır. Burada kənd sakinləri özləri üçün bir, iki və üç mərtəbəli yaraşıqlı binalar tikdirmişlər. Əlbəttə bunlar sevindiricidir. Lakin bizi narahat edən rabitə xidməti məsələsidir. Doğrudur, üç il bundan əvvəl kəndimizdə poçt şöbəsi açılıb zəhmətkeşlərin xidmətinə verilmişdir, ancaq rayon mərkəzinə, habelə başqa kəndlərə zəng etmək üçün burada şərait yaradılmamışdır. Heç olmasa, bir ədəd avtomat telefon da yoxdur. Bu barədə əlaqədar təşkilatlara müraciət etsək də nəticəsiz qalmışdır. Rayon rabitə şöbəsinin müdiri Manukyan yoldaşın ünvanına 100-dən artıq şikayət ərizəsi yazılıb göndərilmişdir, ancaq heç bir cavab alınmamışdır. Yenə də gözləyirik, görək şikayətimizə nə zaman əməl olunacaqdır”.
Qəzetin 29 oktyabr 1974-cü il tarixli, N128 (10086) sayında, Şura Dilbazovun imzası ilə dərc olunan, “Abunə yazılışı davam edir” başlıqlı məqalədə bu kimi fikirlər yer alırdı: “Quqark rayonunun 1975-ci il üçün qəzet və jurnallara abunə yazılışı müvəffəqiyyətlə davam edir. Arcud kəndində, xüsusilə kənd orta məktəbində bu iş daha yaxşı təşkil edilmişdir”.
Qəzetin 22 fevral 1975-ci il tarixli, N23(10135) sayında, “Kənddə qış” başlıqlı məqalədə bu kimi fikirlər yer alırdı: “ Quqark rayonunun kənd təsərrüfatı zəhmətkeşləri Sov.İKP MK-nın partiyaya, sovet xalqına müraciətinə cavab olaraq Ermənistan KP MK yanvar plenumunun qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirmək üçün zərbəçi əmək növbəsində durmuşlar. Fermalarda, kənd təsərrüfatı maşınları təmiri emalatxanalarında qızğın iş gedir. Rayonun heyvandarları qış dövründə məhsuldarlığı artırmaq və gündən-günə genişlənən sosializm yarışının önündə getmək üçün əzmlə çalışırlar. Komsomolçu sağıcı Səlbi Cavayeva 14 inəyə xidmət edir. Hallavar kəndində bu gənc sağıcını yaxşı tanıyırlar. O, xidmət etdiyi hər inəkdən bir sağlam buzov almağı və hər inəyin südlülüyünü xeyli artırmağı öhdəsinə götürmüşdür. Zülfüqar Səmədov Səlbi işlədiyi fermada naxırçıdır. Z. Səmədov beşilliyin yekun ili tapşırıqlarını müvəffəqiyyətlə və artıqlaması ilə yerinə yetirmək üçün fədakarlıqla çalışır. Arcut sovxozunda kənd təsərrüfatı texnikası yaz tarla işlərinə müvəffəqiyyətlə hazırlaşır. Mexanizatorlar (sağdan)-qeyd: qəzetdəki foto nəzərdə tutulur. İsmayıl Əmiraslanov və Arif Məmişov gündəlik tapşırıqlarını əlavəsilə ödəyirlər”.
Qəzetin 1 mart 1975-ci il tarixli, N26 (10138) sayında “Qışlama necə keçir? Ciddi imtahan qarşısında”, başlığı ilə dərc olunan məqalənin “Arcut sovxozunda” başlıqlı hissəsində bu kimi fikirlər qeyd edilirdi: “Bu sovxoz Gözəldərə sovxozunun qonşuluğundadır. Təsərrüfatın təbii biçənək və otlaqları, əkin yerləri genişdir. Lakin buna baxmayaraq heyvandarlıq üçün möhkəm yem bazası yaradılmamışdır. 600 ton əvəzinə 260 ton ot, 700 ton əvəzinə 400 ton silos, 100 ton əvəzinə 26 ton senaj tədarük olunmuşdur ki, bu da 1600 baş qoyun, 519 baş qaramal, o cümlədən 220 baş inək üçün azlıq edir. Bütün bunlara baxmayaraq heyvandarlar qışlamanı müvəffəqiyyətlə və itkisiz keçirmək üçün can-başla işləyir, mal-qaraya zootexniki qaydalar əsasında qulluq edirlər. Reyd briqadamız fermalardakı səliqə-sahmandan, yemdən qənaətlə, itkisiz istifadə olunmasından, körpə buzovlar üçün münasib arakəsmələr düzəldilməsindən və onların bəslənilməsi işindən razı qaldı. Sağıcılardan Şövkət Əhmədova, Gülsüm və Gülnaz Nəsibovalar, qocaman sağıcı Qubalı Mustafayeva və onun qızı sağıcı Güllü Mustafayeva və başqaları neçə ildir ki, qabaqcıllar sırasında inamla addımlayırlar. Sovxozda keçən təsərrüfat ilində bəzi sahələrdə müvəffəqiyyət qazanmaqla yanaşı, ciddi nöqsanlara da yol verilmişdir. 100 qoyundan 80 əvəzinə 71 quzu, 100 inəkdən 80 əvəzinə 59 buzov alınması, hər qoyundan 1,8 kiloqram yun qırxılması nə sovxoz direksiyasına, nə də əməkçilərə hörmət gətirmir. İnəklər arasında qısırlıq hələ də davam edir. Keçən il süni mayalanma işi qeyri-qənaətbəxş təşkil olunduğundan doğan inəklərin sayı hələ də azdır. Lakin bu nöqsanları aradan qaldırmaq üçün vaxtında tədbirlər görülmədiyindən süd istehsalı keçən ilə nisbətən azalmışdır”.
Qəzetin 31 may 1975-ci il tarixli, N65(10179) sayında, Şura Dilbazovun imzası ilə dərc olunan, “Maraqlı görüş”başlıqlı məqalədə yazılırdı: “Arcud kənd orta məktəbində bu günlərdə canlanma vardı. Müəllimlər, şagirdlər və kənd sakinləri əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin partizan dəstəsinin üzvü, gözəldərəli Məhər Məmmədovla görüşmək üçün toplaşmışdılar. M.Məmmədov öz xatirələrindən danışmışdır. Partizanların həyatından gətirdiyi epizodlar toplaşanların marağına səbəb olmuşdur. Görüşün sonunda şagirdlər Vətən haqqında yazılmış şerlərdən parçalar söyləmişlər. Özfəaliyyət dərnəyinin çıxışı olmuşdur. Hazırda məktəbdə ilaxırı imtahanlara hazırlıqla yanaşı, həm də vaxtaşırı mədəni-kütləvi tədbirlər həyata keçirilir”.
Qəzetin 19 iyun 1975-ci il tarixli, N73(10185) sayında, Şura Dillbazovun imzası ilə dərc olunan “Bizə cavab verirlər”, başlıqlı məqalədə qeyd edilirdi: “Quqark rayonundan aldığımız məktubda Nuraydın Rəfiyevin ixtisasına görə işlə təmin olunmadığından, rayon rəhbərlərinin isə məsələyə laqeyd münasibətindən bəhs olunurdu. Tədbirlər görülmək üçün məktubu Ermənistan KP Quqark Rayon Komitəsinə göndərdik. Rayonun birinci katibi Harutyun Şarbatyan yoldaş redaksiyamıza cavabında bildirir ki, N.Rəfiyev öz ixtisası üzrə işlə təmin olunmuşdur. O, Arcut kənd klubuna müdir təyin olunmuşdur”.
Qəzetin 26 iyul 1975-ci il tarixli, N89(10201) sayında, “Yem tədarükü mütəşəkkillik sevir. “Sovet Ermənistanı”nın reydi”, başlığı ilə dərc olunan yazıda bu kimi fikirlər yer alırdı: “Quqark rayonunun iqtisadiyyatında heyvandarlıq əsas və həlledici sahələrdən birini təşkil edir. Məhz buna görə də kolxoza və sovxoz əkinçiləri ot biçini və yem tədarükünə mütəşəkkil qaydda hazrlaşmış, biçini vaxtında və itkisiz keçirməyi qərara almışlar. İndi rayonun təsərrüfatlarında yem tədarükünün qızğın çağıdır. Stepanavanlıların vətənpərvərlik təşəbbüsünə qoşulan kolxoz əməkçiləri, sovxoz fəhlələri, kənd ziyalıları il yarımlıq yem ehtiyatı toplamaq uğrunda sosializm yarışına qoşulmuşlar...Rayonun Arcut, Vahaqni, Buzovdal, Lernabad sovxozlarında da ot biçini və yem tədarükü mütəşəkkil qaydada davam etdirilir. Lakin bunu Jdanov adına sovxoz haqqında demək olmaz...”
Qəzetin 26 avqust 1975-ci il tarixli, N102(10214) sayında, Şura Dilbazovun imzası dərc olunan, “Veterana mükafatlar” başlıqlı məqalədə bu kimi fikirlər öz əksini tapırdı: “Böyük qələbənin 30 illiyi yubileyindən bir müddət keçsə də, hələ hə bu şənliklərə həsr olunmuş təntənəli gecələr davam edir. Budur, Quqark rayonunun Arcut kənd klubu izdihamlıdır. Burada Böyük Vətən Müharibəsinin veteranı; 900 gün Leninqradın müdafiəsində fəal iştirak etmiş Arcut sovxozunun qabaqcıl fəhləsi Qəhrəman Quliyevlə görüş keçirildi. Quqark rayon müharibə veteranları şurasının sədri Gevork Davtyan yoldaş veterana “Leninqradın müdafiəsi üçün” döş nişanını təqdim etdi. Quliyevə başqa mükafatlar da verildi. Müharibə veteranı cəbhə xatirələrindən maraqlı epizodlar danışdı. Sonda konsert oldu”.
Qəzetin 2 sentyabr 1975-ci il tarixli, N105 (10217) sayında, Şura Dilbazovun imzası ilə dərc olunan, “Süd istehsalı artır” başlıqlı məqalədə yazılırdı: “Quqark rayonundakı Arcud sovxozunun heyvandarları Sov.İKP XXV qurultayı şərəfinə sosializm yarışını genişləndirmişlər. Onlar beşilliyin yekun ilində 2564 sentner süd istehsal etmək və dövlətə 1980 sentner süd satmaq uğrunda mübarizə aparırlar. Budur, ilin qurtarmasına cəmi 4 ay qalmışdır. Qazanılan müvəffəqiyyətlər sevindiricidir. Üçüncü kvartalın birinci ayının sonuna qədər fermada 2.005 sentner süd istehsal edilmiş, dövlətə 1550 sentnerdən çox süd satılmışdır. Fermada gündəlik süd istehsalı göstərir ki, qarşıda duran vəzifələr müvəffəqiyyətlə yerinə yetiriləcəkdir. Sovxozda hər gün keçən ilin müvafiq dövrünə nisbətən 60-70 kiloqram çox süd sağılır. Kollektiv arasında elə sağıcılar vardır ki, onlar iyul ayının sonunda illik planı ödəmiş, avqust ayının 1-dən etibarən onuncu beşillik hesabına süd sağırlar. Sabirə İsgəndərova, Nazlı Əhmədova belə sağıcılardandır. Uzun illərdir ki, bu rəfiqələr sağıcı işləyir, həmişə də qəbul etdikləri sosialist öhdəliklərini artıqlaması ilə yerinə yetirirlər. Onların hərəsi cari ildə bəslədikləri 14 baş inəkdən eyni sayda buzov almağa müvəffəq olmuşdur. Heyvandarlıq məhsulları istehsalının artırılması işində naxırçıların da əməyi çoxdur. Onlar mal-qaranı otlaqlarda qayğı ilə bəsləyir, süd istehsalının çoxalmasına yaxşı şərait yaradırlar. Murtuz Xəlilov, Bayram Məşədiyev, Veysəl Xəlilov kimi naxırçılar öz fədakar əməkləri ilə sovxoz ictimaiyyətinin hörmətini qazanmışlar”.
Qəzetin 13 dekabr 1975-ci il tarixli, N148 (10260) sayında, Ermənistan SSR-də Yaşayan Çoxuşaqlı Analara “Qəhrəman Ana” Fəxri adının verilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 18 noyabr 1975-ci il tarixli Fərmanının mətnini dərc etmişdir. Həmin sənədə əsasən, Quqark rayonunun Arcut kəndində evdar qadın İbrahimova Şahı Məmməd qızı da bu ada layiq görülmüşdür.
Qəzetin 25 dekabr 1975-ci il tarixli, N 154 (10266) sayında, Ş.Dilbazovun imzası ilə dərc olunan, “Quqark” başlıqlı məqalədə bu kimi fikirlər yazılırdı: “Qurultayqabağı sosializm yarışına qoşulan Arcud sovxozunun heyvandarları yekun ilinin planlarını yerinə yetirmişlər. Sovxozun bir sıra sağıcıları illik planı hələ on ayda yerinə yetirdikləri barədə raport vermişlər. Həmin qabaqcıl sağıcılar artıq onuncu beşillik hesabına işləyirlər. Əməksevər sağıcılar Səbirə İsgəndərova, Nazlı Əhmədova, Minayə Yusifova illik planla nəzərdə tutulduğundan xeyli çox süd sağmışlar. Hazırda heyvandarlar mal-qaranı tövlə şəraitində qayğı ilə bəsləyirlər. Onlar partiyamızın ali məclisini yüksək əmək nailiyyətləri ilə qarşılayırlar”.
Elşən Nəsibov (Elşən Ardıc)
Siyasətşünas-alim, yazıçı-publisist. “ARDIC” Hərəkatının təsisçisi. Qərbi Azərbaycan İcmasının üzvü
12 oktyabr 2025
Bakıvaxtı.az üçün