ATƏT Parlament Assambleyası (PA) nümayəndə heyətinin Tbilisiyə planlaşdırılan səfərinin təxirə salınması mövcud vəziyyətin diqqətlə nəzərdən keçirilməsi ilə bağlıdır.
Bakıvaxtı.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə PA-nın prezidenti Pia Kauma Gürcüstanın xarici işlər naziri Maka Boçorişviliyə məktubunda yazıb.
Daha əvvəl Avropa Parlamentinin üzvü Rihard Kols sosial şəbəkədə ATƏT PA prezidentinin nümayəndə heyəti ilə birlikdə yanvarın 8-dən 10-dək Gürcüstana səfər etməyi planlaşdırdığını yazıb. Daha sonra P.Kauma sosial şəbəkədə planlaşdırılan səfərini ATƏT PA-nın iştirakının ən səmərəli olacağı vaxta qədər müvəqqəti olaraq təxirə saldığını bildirib.
"Gürcüstana planlaşdırılan səfərlə bağlı bildirməliyəm ki, 8-10 yanvar tarixlərində səfər baş tutmayacaq. Bu qərar mövcud vəziyyətin əsaslı şəkildə nəzərdən keçirilməsindən sonra qəbul edilib", - P.Kauma məktubunda yazıb.