Dünən İran tərəfindən Laçın dəhlizindən keçərək Qarabağa yükdaşımalarının qadağan edilməsi barədə qərar verilib. İranın bu qərarına cavab olaraq isə Azərbaycanda saxlanılan iki İran vətəndaşı olan sürücü ölkələrinə qaytarılıb.
İranın bu qərarı Azərbaycanla bağlı siyasətdə dəyişiklik niyyətini göstərir, yoxsa başqa səbəbələr var?
Mövzu ilə bağlı politoloq Cümşüd Nuriyev Bakıvaxtı.az-a danışıb:
"Əvvəla qeyd edim ki, İranın Laçın dəhlizinə yük maşınlarının buraxılmasını qadağan etməsi heç də xoşməramlı qərar deyil. İran bu günə qədər beynəlxalq hüquq normalarını pozurdu və Azərbaycan tərəfi bu məsələyə xoşməramlı yanaşmışdı. Amma onlar çox ciddi səhvlər buraxandan sonra Azərbaycan onların narkotrafiki ilə bağlı faktlar ortaya qoydu. İran da bu addımı atmağa məcbur oldu. Çünki Laçın dəhlizinə girmək qeyri-qanunidir. Onların növbəti dəfə həbs olunması artıq Rusiyanın marağında olacaqdı. İkincisi, Azərbaycan İranın səhvini başa düşdüyünə görə deyil, İran daxilində Azərbaycan əleyhinə təbliğat aparıldığına görə bunu etdilər. Onlar Azərbaycanın İran vətəndaşı olan türkləri həbs etdiyini deyirdilər. Ona görə də, Azərbaycan həm öz xarici siyasətindəki anlaşılmazlığı aradan qaldırdı, həm də bu məsələlərdə Cənubdakı soydaşlarımızın çətin vəziyyətdə qalmaması üçün çalışdı. Əlavə olaraq, bilirsiniz ki, Azərbaycan öz xarici siyasətində “qonşu dövlətlərlə sıfır problem” strategiyasını qəbul edib. Biz qonşu dövlətlərlə hər hansı problemimizin olmasını istəmirik. Ən böyük problem Ermənistanla idi, onu da Azərbaycan həll etmək üzrədir. Sülh müqaviləsi bağlandıqdan sonra buna da son qoyulacaq. Bu mənada, cənab Prezident də səfərində elan etdi ki, bu, dostluq sərhəddidir. Yəni, bir növ mesaj verdi ki, Azərbaycan ona davranıldığı kimi qarşılıq verəcək. Azərbaycan qısa bir müddətdə İranın tranzit keçən yüklərini ciddi yoxlamağa başladı, nə qədər narkotik ortaya çıxdı. Bundan başqa, İran iqtisadiyyatı çox ciddi ziyan gördü. Yəni, bütün bunların fonunda İran Azərbaycana qarşı olan siyasətini dəyişmək məcburiyyətində qaldı. Çünki bunu Azərbaycan istədi və məcbur etdi".
Aytac Aslan
















