Azərbaycan ilə NATO arasında əməkdaşlıq son illərdə yeni mərhələyə qədəm qoyub. Bu əlaqələr artıq təkcə siyasi dialoq və texniki yardım səviyyəsində deyil, regional təhlükəsizlik, müdafiə islahatları və beynəlxalq sülhməramlı təşəbbüslər kontekstində də öz əhəmiyyətini artırır.
Noyabrın əvvəlində NATO-da akkreditə olunmuş 15 xarici ölkənin səfirlərinin Azərbaycana planlaşdırılan səfəri bu münasibətlərin aktuallığını göstərir. Alyans nümayəndələrinin regiona ardıcıl səfərləri, xüsusilə Ermənistandan sonra Bakıya gəlməsi, Cənubi Qafqazda formalaşmaqda olan yeni təhlükəsizlik arxitekturasının bir hissəsi kimi dəyərləndirilə bilər.
Azərbaycanın NATO ilə əməkdaşlığı üzvlük hədəfi daşımır, lakin qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlıq modelinə çevrilməkdədir. Bakı uzun illərdir “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində alyansla iş birliyini davam etdirir, bu əməkdaşlıq isə əsasən müdafiə planlaşdırılması, təlim və sülhməramlı missiyalarda iştirak sahələrini əhatə edir. Azərbaycan NATO üzvü olan Türkiyə ilə strateji müttəfiqliyini əsas körpü kimi istifadə edir. Hərbi sistemin türk modeli əsasında yenilənməsi və ordu standartlarının NATO ilə uyğunlaşdırılması da bu istiqamətin praktiki nəticələrindəndir.
Kreml isə bu prosesləri diqqətlə izləyir. Rusiya üçün Cənubi Qafqazın NATO ilə yaxınlaşması regionda təsir balansını dəyişə biləcək amil kimi qiymətləndirilir. Moskva rəsmiləri bir neçə dəfə bildiriblər ki, Alyansın bölgədə fəallaşması sabitliyə xidmət etməyə bilər. Lakin Azərbaycanın mövqeyi aydındır: Bakı üçün əsas məqsəd hərbi bloklaşmaya qoşulmaq deyil, milli maraqlar çərçivəsində təhlükəsizlik və inkişaf imkanlarını genişləndirməkdir. Azərbaycan həm Rusiya, həm də Qərb istiqamətində balanslı siyasət yürütməklə beynəlxalq münasibətlərdə neytral, lakin fəal mövqeyini qorumağa çalışır.
Bu mənada, qarşıdakı səfir səfəri təkcə diplomatik hadisə deyil, həm də tərəflər arasında strateji etimadın dərinləşməsi baxımından vacib mərhələ sayılır. Görüşlərdə regional sabitlik, sərhəd təhlükəsizliyi, enerji marşrutlarının mühafizəsi və kiber müdafiə kimi məsələlərin gündəmdə olacağı gözlənilir. Azərbaycan NATO ilə əməkdaşlığı özünün çoxvektorlu xarici siyasətinin tərkib hissəsi kimi görür və bu münasibətləri hər hansı bloklaşma deyil, qarşılıqlı faydaya əsaslanan tərəfdaşlıq prinsipi üzərində qurur.
Bu əməkdaşlıq Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirir, müdafiə sisteminin modernləşməsinə dəstək verir və ölkənin regiondakı strateji çəkisini artırır. Eyni zamanda, Bakı üçün əsas məqsəd sabitlik və müstəqil qərarvermə imkanlarını qorumaqdır. Azərbaycanın NATO ilə əlaqələrinin gələcəkdə dərinləşməsi gözlənilsə də, bu prosesin balanslı və ehtiyatlı şəkildə, milli maraqlara uyğun davam etdiriləcəyi şübhəsizdir.
Ruslan Zəngəzur
Bakı 


