• Bakı 12° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanda nazirlər istefa verəcək: yeni kabinet formalaşdırılacaq

SİYASƏT

14 Fevral 2024 | 10:34 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda nazirlər istefa verəcək: yeni kabinet formalaşdırılacaq

Fevralın 7-də keçirilən növbədənkənar Prezident seçkilərində qalib gələn İlham Əliyev bu gün and içəcək.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə fevralın 13-də olub. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı və İlham Əliyevin Prezident seçilməsini rəsmən elan edib.

And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Ölkə qanunvericiliyinə görə, prezident seçkilərindən sonra Nazirlər Kabinetinin tərkibi yenidən formalaşdırılmalıdır.

Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verir. Bundan sonra dövlət başçısı Baş nazir vəzifəsinə namizəd irəli sürdüyü şəxs haqqında Milli Məclisə təsdiq verməlidir.

Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən 1 həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabineti baş nazir, onun birinci müavini, baş nazirin 2 müavini, 17 nazir, 7 komitə sədri, 5 Xidmət rəisi və 4 Agentlik sədrindən formalaşıb.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026