"Ermənistanın hüquq-mühafizə orqanları dekabrın 4-də Azərbaycandan vətəninə qayıdan 10 məhbusdan beşini saxlayıb".
Bakıvaxtı.az xəbər verir ki, bu məlumatı "Sputnik Ermənistan"a İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan təsdiqləyib.
Onun sözlərinə görə, hazırda ağır nəticələrə səbəb olan hərbi xidmət və döyüş növbətçiliyi qaydalarının pozulması faktı üzrə açılmış cinayət işi çərçivəsində 5 hərbçi saxlanılıb. Tadevosyan bildirib ki, hərbçilərin həbsi ilə bağlı məhkəməyə vəsatətlər verilib.
Xatırladaq ki, noyabrın 16-da Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılın hərbçilər dekabrın 4-də azərbaycanlı əsarətdən Ermənistana qayıdıb. Onları Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin keçmiş komandiri Rüstəm Muradov müşayiət edib.
















