• Bakı C

    14.31 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Bakı küçələrinə dolan Çin maşınları: Alırlar, amma tərəddüdlər də var

CƏMİYYƏT

19 Mart 2025 | 14:02

Bakı küçələrinə dolan Çin maşınları: Alırlar, amma tərəddüdlər də var

Son illərdə Çin istehsalı olan avtomobillərə tələbatın sürətlə artdığı müşahidə edilir. Azərbaycan da daxil olmaqla, bir çox ölkədə sürücülər Çindən gətirilən avtomobilləri əlçatan qiymətə və yüksək funksionallığa görə üstün tutur. Bu tendensiya, gələcəkdə Çin avtomobil markalarının bazardakı payının daha da artacağını göstərir.

Bəs gələcəkdə bu təlabat özünü doğruldacaqmı?

Elməddin Muradlı: Gətirilən yeni modellərin bəzilərinin heç rəsmi satışı yoxdur

Mövzu ilə Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, son illərdə yeni gətirilən Çin istehsalı olan maşınlarla bağlı müəyyən tərəddüdlər var:

"Tərəddüdlər əsasən onların ehtiyat hissələrinin tapılması, servis xidməti və s. ilə bağlıdır. Bəzi modeller tam yeni model olduğu üçün gələcəkdə hansı fəsadlara yol aça biləcəyi bəlli deyil.

Ancaq bəzi Çin maşınları da var ki, artıq servis xidmətini qurub və ehtiyat hissələrini də gətirərək sürücülərə keyfiyyətli xidmət göstərir".

Müsahibimiz deyir ki, gətirilən yeni modellərin bəzilərinin heç rəsmi satışı belə yoxdur. Onun sözlərinə görə, o maşınlar ölkəyə qeyri-rəsmi vasitələrlə gətirilir ki, bu da 50-100 min risk deməkdir:

“Belə maşın alan sürücü, gələcəkdə maşınla bağlı hansısa problem çıxsa, ya gərək maşını atsın, ya da aylarla oturub ehtiyat hissəsi gözləsin".

Bəs insanlar niyə bu maşınlara üstünlük verirlər?

Əziz Abbasov: Çin maşınlarına marağın əsas səbəbi münasib qiymət və yanacaq sərfiyyatıdır

Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan avtomobil ustası Əziz Abbasov bildirib ki, sürücülərin Çindən gətirilən maşınlara üstünlük verməsinin bir neçə səbəbi var:

"Əsas səbəblərdən biri münasib qiymətin olması və yanacaq sərfiyyatıdır. Müasir texnologiyalar, dizayn, keyfiyyət və zəmanət kimi xüsusiyyətlər də belə maşınlara üstünlüyü artırır".

Usta bildirib ki, hazırda bəzi Çin markalarının ehtiyat hissələri tam geniş yayılmasa da, rəsmi diler şəbəkələrinin artması və idxal prosesinin sürətlənməsi ilə bu problem tədricən həll olunur:

“Xüsusilə son illərdə ölkədə Çin avtomobillərinin populyarlığının artması fonunda ehtiyat hissələrinin əlçatanlığı da artır. Gələcəkdə isə daha çox marka və model üçün ehtiyat hissələrinin tam təmin olunacağı gözlənilir".

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR