• Bakı C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.7969

    RUB - 1.5741

“Bəyanatlar fabriki” AŞPA: “Xoruzlanan” Fransa niyə narahatdır? - Sabiq nazirdən CAVAB

MÜSAHİBƏ

25 Yanvar 2024 | 13:48

“Bəyanatlar fabriki” AŞPA: “Xoruzlanan” Fransa niyə narahatdır? - Sabiq nazirdən CAVAB

Xəbər verdiyimiz kimi, Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə əməkdaşlığı dayandırıb. Belə ki, Azərbaycan nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib.

Bəyanatda bildirilib:

“Biz Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək təşəbbüsünü bu çirkin kampaniyanın tərkib hissəsi kimi dəyərləndiririk. Biz, həmçinin bu təşəbbüsü Azərbaycanda hazırda gedən seçki prosesinə əsassız müdaxiləyə yönəlmiş məqsədyönlü və qəbuledilməz cəhd, ölkəmizdə demokratik təsisatların fəaliyyətinə xələl gətirən məkrli addımların bariz nümunəsi kimi qiymətləndiririk. Nümayəndə heyətimizin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklif bütövlükdə Avropa Şurasının etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq, bunun ciddi və geri dönməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcək.
Dünyada heç kim, o cümlədən bu zalda əyləşənlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər. AŞPA-nın tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı şəkildə aparmayıb.
AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib”.

Prosesin kökləri, detalları və gələcək gəlişmələrlə bağlı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Bakıvaxtı.az-a müsahibə verib.

- Tofiq müəllim, AŞPA Azərbaycana qarşı niyə belə kəskin mövqedə dayanır, real səbəblər hansılardır?

- Bunun arxasında Fransa durur. Buna heç kəsin şübhəsi yoxdur. Rəsmi Paris istəyir ki, Türkiyəyə qarşı gərginlik mənbəyi yaratsın. Bu mənada ardıcıl şəkildə işlər həyata keçirir. Fransanın Ermənistanla bacılıq etməsnin arxa fonunda məhz bu sayaq işlər, planlar mövcuddur. Bundan başqa, Aralıq dənizi bölgəsində çox vacib məsələlər, geopolitik proseslər cərəyan edir. Türkiyənin nüfuzu artır. Fransanın başlıca hədəfi Türkiyənin nüfuzunun zəiflədilməsidir. Rəsmi Ankaraya qarşı cəbhə yaratmaq niyyətləri aydın görünür. PKK mövzusu da bu niyyətlərdən doğur.

Fransa başa düşür ki, gec və ya tez Ermənistan hansısa şəkildə Türkiyə və Azərbaycanla dil tapıb, konfrontasiya və ya və müharibəyə son qoyacaq. Bu da Fransanı qane etmir. Tarixə nəzər yetirsək, görəcəyik ki, Fransa Ermənistanı daim alət kimi istifadə edib. “Erməni soyqırımı” da onların uydurmasıdır. İndi ermənilər də onları kimin bu vəziyyətə saldığını yaxşı başa düşürlər. İndi “top” ermənilərdədir. Ermənilər tarixə nəzər yetirib, Türkiyə ilə dostluq və düşmənliyin onlara nələr vəd etdiyini dərk etməlidirlər. AŞPA-da yaşananlar da həmin oyunların tərkib hissəsidir. Fransanın bu istiqamətkəki fəallığı və hadisənin dərin kökləri məhz bu amillərlə sıx bağlıdır.

- Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dondurması ilə nə itiririk?

- Heç nə. 22 ildir, bu təşkilata üzvük, onlardan bizə nə xeyir gəlib? Konkret onlar, bu və buna bənzər təşkilatların məqsədi ayr-ayrı ölkələrə təzyiq və təsir göstərmək, onların siyasi həyatına öz maraqlarına uyğun müdaxilələr etmək və öz istədikləri kimi formalaşdırmaqdır. Amma anlamaq istəmirlər ki, daha onların nağıllarına heç kəs inanmır. Onların real imkanları demək olar ki, sıfır səviyyəsindədir. Onlara həmişə “bəyanatlar fabriki” deyirəm. O təşkilatı formalaşdıran Avropa İttifaqıdır (Aİ) .

- Aİ Azərbaycanla əlaqələrin qopmasında maraqlıdırmı?

- Brexitdən sonra Aİ-də Fransanın liderliyi aydın görünür. Amma orada yer alan təbliğati qurumların Azərbaycana problemlər yaradacağı real görünmür. İndiki böhranla məqamda Azərbaycanın enerji ehtiyatlarına ümidli olan ölkələr var. Onlar Fransanın mövqeyini dəstəkləmir və dəstəkləməyəcək. Boş və mənasız bəyanatlarla bizə təzyiq göstərə bilməzlər. Amma real olaraq Aİ-nin maraqları məhz Azərbaycanla əməkdaşlığa yönəlib. Təkcə enerji mövzusu deyil, kommunikasiya və tranzit məsələlərində Azərbaycan “açar” rolunu oynayır. Bu mənada hesab edirəm ki, təzyiqlər müvəqqətidir, təbliğat xarakteri daşıyır.

- Təəssüf doğuran məqam odur ki, onlar digər ölkələrin də deputatlarını öz məkirli oyunlarına cəlb edə bilirlər...

- AŞPA parlament təşkilatıdır. Orada həmin deputatlara bu və ya digər vədlər verilir. Bilirsiniz ki, Avropa İttifaqında kadr siyasəti ilə bağlı böyük bir bürokratik aparat var. Orada kadr siyasətində dominant olan Fransa və Almaniyadır. Bu ölkələr həmin deputatlara vədlər verib, onları bu cür idarə edirlər. Çünki Avropa Parlamentinə seçilmək və hansısa Avropa qurumlarında karyera qurmaq kimi vədlər verilir. Ona görə də həmin deputatlar üçün bu cür “musiqilər” sifariş olunur və onlar da həmin musiqini ifa edirlər. Hesab edirəm ki, bu cür kampaniyalara çox da ciddi fikir vermək lazım deyil.

- Hazırda Fransada kənd təsərrüfatı işçiləri, məxsusi olaraq traktoristlər küçələrə axın edib, aksiya keçirirlər. Ölkədə iqtisadi tənəzzül eynəksiz də görünür. Belə olan halda rəsmi Paris niyə zəngin, nüfuzlu Azərbaycanı deyil, kasıb Ermənistanı müdafiə etməyə çalışır? Bu tarixi bağlarla yanaşı, həm də Fransanın Cənubi Qafqazdakı mövqelərinin zəifləməsi ilə əlaqədar ola bilərmi?

- Fransanın kolonial ideologiyası hökm sürür. Neokolonializmə oxşar halların fəsadları ortdadır. Makron hərbçilərin qarşısında çıxış edərkən problemlərdən deyil, daha çox koloniyaların necə saxlanılmasından, öz nüfuzlarını genişləndirməkdən danışır. Şimali Afrikadakı kolonial strukturların qorunmasını dilə gətirir. Onlar hələ Şarl De Qolun vaxtından bu işlərlə məşğul olublar. Koloniya təfəkkürü təkcə Rusiya siyasətçilərinə aid deyil, bəzi fransız siyasətçilər də bu təfəkkürün daşıyıcısıdır. Onlarda psixoloji baxımdan kompekslər yaranıb. Buna görə də Fransa “xoruzlanır”. Liviyanın nüfuzu artanda Fransa ona qarşı nə kimi kəskin siyasət həyata keçirdiyini bilirik. İndi onlar görürlər ki, Aralıq dənizi bölgəsində Türkiyənin nüfuzu artır. Bunun qarşısını almağa çalışırlar. Misiri Türkiyəyə qarşı silahlandırırlar. Çünki Misir bəzi məqamlarda anti-Türkiyə mövqeyi sərgiləyir. Fransanı narahat edən digər məsələlərdən biri Əlcəzairdir. Onun da Fransaya dair bir çox iradları var. Əlcəzair indi güclü bir ölkədir. Onun hərbi imkanları genişdir. Nüvə silahını hesab etməsək, digər hərbi imkanları Fransa ilə müqayisə oluna bilər. Geopolitik proseslər gedir. XIX əsrin sonu, XX əsrin əvvəlindəki təfəkkürlə siyasi addımlar atmaq yersizdir. Bu da onların sindromlarıdır. Biz nə etsək də, onlar seçim ediblər. Son olanlar da öncədən bəlli olan nəticədir.

- Rəsmi Bakı bundan sonra hansı yollarla addımlamalı, hansı beynəlxalq təşkilatlarda mövqelərini gücləndirməlidir?

- Qoşulmama Hərəkatında fəallığı artırmışıq. O təşkilatın nüfuzunu yeni bir səviyyəyə gətirib çıxarmışıq. Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal olmalıyıq. Qoşulmama Hərəkatına sadə qurum baxmaq olmaz. O Birləşmiş Millətlər Təşkilatında (BMT) dominant təşkilatdır. Bu baxımdan onların da orada bir mövqedə çıxış etməyi bizim üçün önəmlidir. Ən əsası odur ki, Azərbaycan-Türkiyə müttəfiqliyi bizim üçün çox güclü bir format yaradıb. Bu formatı daha da gücləndirməliyik. Yenə o fikrimə qayıdıram ki, AŞPA-dakı bu addımlar bizə deyil, ilk növbədə Türkiyəyə qarşı yönəlib. Biz bunu anlamalıyıq. Hesab edirəm ki, Azərbaycan və Türkiyə rəhbərliyi də bunu yaxşı başa düşür.

- Türkiyə ilə Azərbaycan arasında imzalanan “Şuşa Bəyannaməsi” bu iki qardaş ölkəni həm də strateji müttəfiqə çevirdi. Azərbaycan analoji bəyannaməni digər türkdilli ölkələrlə də imzalaya bilərmi və bunun üçün zəmin varmı?

- Proseslər ardıcıl şəkildə bu istiqamətə gedir, amma dəqiq zaman söyləmək çətindir. Mərkəzi Asiyada yerləşən ölkələrin geopolitik xüsusiyyətləri fərqlənir. Həm Rusiya ilə münasibətləri, həm Çinin nüfuzunun artırılması, həm də onların yanında qeyri-stabil Əfqanıstanın qalması kimi məsələlər var. Onlarda geopolitik məsələlər mürəkkəbdir.Amma tendensiya olaraq türkdilli ölkələrin birliyi qaçılmazdır. Bu ölkələrin geopolitik çağırışlara qarşı bir-birinin yanında olmaları çox məntiqli siyasət olardı.

- Rusiyanın adını çəkdiniz. Son aylar rəsmi Moskvanın Azərbaycana loyal münasibəti müşahidə olunur. Qərb mətbuatı bəzi hallarda Azərbaycanı Rusiyanın “nəfəsliyi” adlandırır. Ölkəmizə göstərilən təzyiqlərin səbəblərindən biri də bu amil ola bilərmi?

- Rusiyanın siyasəti Fransa siyasəti kimi tək vektordan ibarət deyil. Hansısa dövrlərdə bəzi məqamlarda Azərbaycanla Rusiyanın maraqları üst-üstə düşə bilər. Bu normaldır. Ən təbii hal odur ki, Azərbaycan bu imkanlardan öz xeyrinə istifadə edir. Bu da normal siyasətdir. Buna rəğmən deyə bilmərik ki, biz Rusiya siyasətinin hər bir vektoruna dəstək verəcəyik”.

Ayyət Əhməd


SON XƏBƏRLƏR

01 Dekabr 2024