• Bakı 21° C

    1.8 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Birinci sinfə imtahanla qəbul doğrudurmu? - AÇIQLAMA

CƏMİYYƏT

07 Iyun 2023 | 13:03

Birinci sinfə imtahanla qəbul doğrudurmu? - AÇIQLAMA

Son illərin ən geniş müzakirə mövzularından biri də uşaqların 1-ci sinifə imtahanla qəbul edilməsidir. Belə ki, valideynlər imtahanların çətin olduğundan və bu imtahanın düzgün olmadığından şikayətlənirlər.

Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, dövlət məktəblərində şagirdlərin imtahanla qəbul edilməsi, əslində, onların bərabərhüquqlu təhsilini pozur. Belə ki, dövlət məktəbi, əslində, hamı üçün təhsil ideyası ilə ortaya çıxır. Dövlət məktəbi hamıya əlçatan olmalı, sosial ədaləti, ictimai bərabərliyi təmin etmək üçün çalışmalıdır.

Onun sözlərinə görə, əgər dövlət məktəbi imtahan edirsə, onda əvvəldən övladlarını yaxşı hazırlaşdırmış, müəllim tutmuş, özü ali savadlı olduğu üçün daha yaxşı təhsil vermiş valideynlərin uşaqları imtahandan keçəcək və dövlət məktəbinə qəbul olacaq. Digərləri isə qəbul olmayacaq: “Bu o deməkdir ki, sosial-iqtisadi vəziyyəti yaxşı olan insanların övladları liseylərə, imtahanla qəbul aparan məktəblərə qəbul olacaq, sosial-iqtisadi vəziyyəti yaxşı olmayanların övladları isə digər məktəblərə qəbul olacaq. Bunun nəticəsində bir qisim məktəblərdə yaxşı, savadlı şagird tapmaq çətin olacaq, digər məktəblərdə isə bu işlər asan olacaq və onlat reputasiyasını yüksəldəcək”.

Mütəxəssis qeyd edib ki, bizim təhsil anlayışımızda ən yaxşı məktəb evə ən yaxın məktəbdir: “Bu anlayışda isə məktəbləri bərabərləşməsinə çalışmalıyıq. Yəni bir məktəb eyni dərəcədə yaxşı və ya pis olmalı, zəif və ya güclü şagirdlər bir məktəbdə toplanmamalıdır. Belə olduqda sosial bərabərlik yenə də pozulacaq. Bakını nəzərdə tutsaq, Xəzər rayonu, Binə qəsəbəsindəki məktəblə Nərimanov, Səbail rayonundakı məktəblər arasında şagird kontingenti baxımından böyük fərq olmamalıdır. Lakin hazırda böyük fərqlər var. Liseylər şagirdi imtahanla götürür, deyirlər ki, xüsusi nizamnaməmiz var, adı lisey olduğu üçün xüsusi şagirdləri seçir, savadlı uşaqları daha da inkişaf etdiririk. Düşünürəm ki, bu da doğru yanaşma deyil. Bu məktəblərə zəif, ortabab, güclü şagirdlər də daxil ola bilməkidir. Ona görə olmalıdır ki, bunun nəticəsində bir-birindən öyrənmə hasil olsun, beləcə sosial bərabərlik təmin olur”.

Q. Məhərrəmov bildirib ki, dövlət məktəbi şagirdi seçəcəksə, onun özəl məktəbdən fərqi olmur: “Dövlət məktəbi şagirdi birinci sinifdə seçməməlidir. Xüsusi istedadların oxuduğu və ya olimpiyadaya hazırlıq üçün olan qrupların olduğu məktəblərdə bunu başa düşə bilərəm, amma hələ 6 yaşını təzəcə tamamlamış şagirdə 1-ci sinif materialından suallar verib qəbul etmək heç ədalətli deyil”.

Müsahibimiz hesab edir ki, bu, şagirdlər üçün travma, valideynlərinə qarşı haqsızlıqdır: “Düşünürəm ki, belə olmamalıdır. 6 yaşlı uşağı imtahan edib səni qəbul etmirəm demək düzgün addım deyil”.

Qeyd edək ki, mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu göndərilib.

Aytac Aslan


SON XƏBƏRLƏR