• Bakı 21° C

    2.49 m/s

  • USD - 1.7

    EUR - 1.8442

    RUB - 0.019

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək 

İQTİSADİYYAT

19 Aprel 2024 | 20:48

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək 

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.

Bu barədə Bakıvaxtı.az-a Energetika Nazirliyindən bildirilib.

Nazirliyin məlumatında qeyd olunub ki, energetika naziri Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının “Dayanıqlılıq Həftəsi” çərçivəsində “Enerji əlçatanlığında boşluğun aradan qaldırılması və karbonsuz enerji sistemlərinə keçid” mövzusunda keçirilən sessiyada çıxış edib. Çıxışda Azərbaycanda keçiriləcək COP29-un ədalətli, nizamlı və bərabərhüquqlu enerji keçidi üzrə beynəlxalq əməkdaşlığı genişləndirmək, bərpa olunan enerji və enerji səmərəliliyinin artırılmasını, xalis sıfır emissiyalı enerji sistemlərinin tətbiqini sürətləndirmək üçün imkanlar yaradan mühüm platforma olacağı vurğulanıb.

Nazir Avropa İttifaqı tərəfindən etibarlı pan-Avropa təchizatçısı hesab edilən Azərbaycanın hazırda “yaşıl enerji”yə keçidi sürətləndirən təşəbbüslərə liderlik etdiyini, “Qlobal Metan Vədi”nə qoşulmaqla və “Enerji Effektivliyi Fondu”nu yaratmaqla iqlim dəyişikliyinə qarşı mübarizəyə dəstək verdiyini qeyd edib. Enerji təhlükəsizliyinə, əlçatanlıq və dayanıqlılığa cavab verən bərpa olunan enerji Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş 2030-cu ilədək milli inkişaf strategiyasında “təmiz ətraf mühit” və “yaşıl artım” prioritetinin icrasının əsas hərəkətverici qüvvəsi, enerji təchizatında ölkəmizin mövqeyini möhkəmləndirən yeni mənbə kimi dəyərləndirilib. Bu sahədə qabaqcıl ölkə olmağı hədəfləyən Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə 28 QVt “yaşıl enerji”, hidrogen və “yaşıl ammonyak” layihələrinin 2037-ci ilədək mərhələli icrası üzrə əməkdaşlıq etdiyi, hazırda elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını 33 faizə yüksəldəcək 2 QVt-lıq “yaşıl enerji” güclərinin enerji sisteminə inteqrasiyasını həyata keçirdiyi bildirilib. “Bu çərçivədə bu il ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq. Paralel olaraq, ilkin mərhədə 5 QVt “yaşıl elektrik”, “yaşıl qaz”ların ixracı üçün “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa”, həmçinin Qazaxıstan və Özbəkistandan “yaşıl enerji”ni nəql edəcək “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizlərinin yaradılması üzrə əhəmiyyətli addımlar atılır”, - deyə nazir diqqətə çatdırıb.

Pərviz Şahbazov deyib ki, Azərbaycanın bərpa olunan enerjinin inkişafına BMT-nin “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi” ilə yanaşı, post-münaqişə quruculuğu kontekstində yanaşması azad edilmiş ərazilərimizdə “yaşıl enerji zona”larının yaradılmasına da təkan verib. “Qarabağ və Şərqi Zəngəzurun, həmçinin Naxçıvanın “yaşıl enerji” zonasına çevrilməsi ölkəmizi xalis sıfır emissiyalı enerji sisteminə doğru aparan yolun əhəmiyyətli hissəsidir. “İnanırıq ki, “yaşıl enerji” üzrə fəaliyyətimiz və COP29-a sədrliyimiz BMT ilə əməkdaşlığımızı möhkəmləndirməklə yanaşı, dövrümüzün ən böyük qlobal iqtisadi transformasiyalarından olan hazırkı prosesə layiqli töhfəsini verəcək və bizi qlobal hədəflərimizə daha da yaxınlaşdıracaqdır,” - deyə nazir əlavə edib.


SON XƏBƏRLƏR