• Bakı 24° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Bu şəxslər işləməsələr də altı ay maaş alacaqlar

CƏMİYYƏT

29 May 2025 | 10:24

Bu şəxslər işləməsələr də altı ay maaş alacaqlar

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sonuncu iclasında “Əmək Məcəlləsində” dəyişikliklər müzakirə edilərək plenar iclasa tövsiyə olunub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, qanunvericiliyə təklif edilən yeni dəyişikliklər ilə sertifikasiya şəhadətnaməsinin əldə edilməsi üçün tibb mütəxəssislərinin öz seçimlərindən asılı olaraq beş ildə bir dəfə imtahanda iştirak etməsi və ya elmi, pedaqoji və digər tədris fəaliyyətləri ilə məşğul olmaqla davamlı peşəkar inkişafını həyata keçirməsi təklif olunur:

"Bununla belə, illik və beş illik minimum kreditlərini toplamayan şəxslər praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiya imtahanından keçməlidirlər".

V.Bayramov vurğulayıb ki, dəyişikliklərdə əsas məqamlardan biri sertifikasiya imtahanından keçməyən işçilərin altı ay müddətində iş yeri və aylıq vəzifə maaşının saxlanılmasıdır. Yəni, sertifikasiyadan keçməyən vətəndaşımızın altı aylıq maaş saxlanacaq ki, o növbəti, ikinci imtahana hazırlaşa bilsin.

"Bu zaman onun əmək müqaviləsinə xitam verilməyəcək. Yəni, həmin vətəndaşlarımız sertifikasiyanın birinci mərhələsində uğur qazana bilməsələr də belə onlar işdən azad edilməyəcəklər. Bu onlara əmək müqaviləsi saxlanmaqla yenidən özünü sınamaq imkanı deməkdir.

Dəyişikliklər sertifikasiyanın birinci mərhələsində uğur qazana bilməyənlərin sosial müdafiəsini qorumaq və eləcə də onlara əmək müqaviləsi saxlanılmaqla yenidən imtahanda iştirak imkanı yaradacaq. Yalnız ikinci cəhdə uğursuz olanların əmək müqaviləsinə xitam veriləcək. Birinci imtahanda sertifikasiyadan keçə bilməyənlərin işdən azad olunmaması sosial ədalət baxımdan da vacib dəyişiklikdir",- deyə Vüqar Bayramov nəzərə çatıdırıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

30 May 2025