• Bakı C

    2.46 m/s

  • USD - 1.7

    EUR - 1.7513

    RUB - 1.6667

Bu ticarət mərkəzi sökülə bilər: kimlərə pul veriləcək?

CƏMİYYƏT

09 Avqust 2024 | 11:29

Bu ticarət mərkəzi sökülə bilər: kimlərə pul veriləcək?

Bir neçə gün əvvəl “8-ci kilometr bazar”ının yaxınlığında yerləşən “Lotos” Ticarət Mərkəzində baş verən yanğın müxtəlif müzakirələrə səbəb oldu. Yanğından sonra həmin ticarət mərkəzinin söküləcəyinə dair məlumat yayıldı. Görəsən, zərərçəkənlərə kompensasiya veriləcəkmi?

Bakıvaxtı.az xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov bu cür ticarət mərkəzlərində yanğınların tez-tez baş verdiyini təəssüflə qeyd edib.

Onun fikrincə, yanğına səbəb təhlükəsizlik qaydalarına tam əməl olunmaması ilə əlaqədardır:

“Çünki baxdıqda görərik ki, ölkədə tanınmış ticarət mərkəzlərində belə hal baş vermir. Deməli, problem yanğın olan yerdədir. Düşünürəm, tələb yüksəlməlidir. Əvvəllər kustar üsulla təşkil olunan ticarət mərkəzləri var idi, hansı ki, yanğına davamı olmayan materiallardan istifadə olunurdu və s. Bunlar yavaş-yavaş aradan qaldırılmalı və şəhərdə olan müasir ticarət mərkəzləri kimi bütün tələblərə cavab verməlidir.

S.Məmmədovun sözlərinə görə, ticarət mərkəzi araşdırmalardan sonra təhlükəsizliyə cavab vermədiyi üçün sökülə də bilər:

“Bununla bağlı hansı qərar qəbul ediləcək, bilmirəm. Zərərçəkənlərin məsələsinə gəldikdə isə ola bilər ki, mülkiyyətçi həmin yeri daşınmaz əmlak kimi sığortalayıb. Belə olan halda o, sığorta şirkətindən kompensasiya alacaq. Amma orada satılan mallar sığortalanmayıb axı. Ümumiyyətlə, Azərbaycanda o malların sığortalanması həyata keçirilə bilmir. Çünki heç bir sığorta şirkəti satış şəbəkələrində olan malları sığortalamır.

Sığorta edə bilmək üçün sığorta şirkətində təminatlar olmalıdır. Sığorta şirkəti anbara daxil olan və çıxarılan malları görməlidir. Bunun üçün ciddi hesabatlılıq olmalıdır. Artıq o zaman onlar bu riski üzərlərinə götürüb, malları sığortalayacaqlar. Bəzən ticarət şəbəkələrində olan malların müəyyən hissəsi gömrükdən yayınaraq gətirilir və ya daxili istehsaldır deyə vergi uçotuna alınmayıb. Ona görə də sığorta şirkəti anbar qalğını görə bilməyəcək, sığorta da etməyəcək. Sığorta olmayanda da təəssüf ki, sahibkarlar ziyana düşmüş olurlar”.

Hüquq müdafiəçisi deyib ki, bəzi hallarda dövlət xoş niyyət göstərərək qismən də olsa, zərərçəkənlərə kompensasiya verir:

“Burada yenə də ədalətli kompensasiya vermək olmur. Məsələn, malı az olan deyir ki, filan qədər malım var idi, əksinə, malı çox olan sübut edə bilmir ki, bu qədər malı olub. Ona görə də kim az, kim çox kompensasiya alır, bilinmir. Çox olub ki, dövlət yardım əlini uzadıb. Hətta bu pulu dövlət ödəyəcəksə belə, anbarda olan qalığın həcmini, qiymətini bilməlidir ki, ona uyğun kompensasiya ödəsin. Bir sözlə, burada yeganə yol odur ki, belə ticarət mərkəzlərinin sahibkarlarına tapşırılmalı, vaxt verilməlidir. Lazım gələrsə, müəyyən layihələr də təqdim edilməlidir ki, onlar müasir standartlara, təhlükəsizlik qaydalarına cavab verən ticaret mərkəzləri tikə bilsinlər. Belə olan halda bu cür hadisələrin sayı da azalacaq”.


SON XƏBƏRLƏR