• Bakı 22° C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Dəm qazı kabusu: Mütəxəssis  baş verənlərə görə bu qurumları İTTİHAM EDİR - MÜSAHİBƏ

MÜSAHİBƏ

29 Yanvar 2024 | 11:47

Dəm qazı kabusu: Mütəxəssis  baş verənlərə görə bu qurumları İTTİHAM EDİR - MÜSAHİBƏ

Qış mövsümü başlayandan az qala hər gün dəm qazından zəhərlənmə, yanğınla bağlı xəbərlər eşidirik. Bəs bu faciələrin qurbanı olmamaq üçün nələrə diqqət etməliyik?

Kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımov Bakıvaxtı.az-a müsahibəsində bu və digər məsələlərə aydınlıq gətirib.

- Nüsrət bəy, il başlayandan partlayış, yanğın xəbərləri gündəmdən düşmür...

- Bu, hələ başlanğıcdır. Vəziyyət bundan da betər olacaq. Hələ indi havalar yaxşıdır. Soyuduqca dəm qazından ölüm, yanğın, partlayış halları da çoxalacaq.

- Sizcə, baş verən belə faciəvi hadisələrdə kim məsuliyyət daşıyır?

Qaz təchizatçısı "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin  ixtiyarındadır. "Azəriqaz"Qapalı Səhmdar Cəmiyyətidə onun keyfiyyətinə, kəmiyyətinə təhlükəsiz istifadə qaydasına cavabdehdir. Bütün dünyada belədir. Təkcə bizim ölkədə yox.

Həkimlər deyir ki, xəstəliyin profilaktikası onun müalicəsindən ucuz, həm də asandır. 10 milyon əhalinin 95 faizi qazdan istifadə edir. Qaz yüksək təhlükə mənbəyidir. Ən əhəmiyyətli strateji obyektdir. Əhalini qazın təhlükəsi ilə baş-başa qoymaq olmaz. Bu, ciddi nəzarətdə olmalıdır. Fövqəladə Hallar Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətiev yiyəsi ilə birlikdə buna cavabdehdir.

Qazdan təhlükəsiz istifadə qaydalarında yazılır ki, baş verən faciələrdə ev sahibi də nəzarətçilər, təchizatçılar ilə bir yerdə məsuliyyət daşıyır. Çünki əksər ev sahibləri kustar üsulla hazırlanan cihazlardan istifadə edir, qaz cihazlarının təmirinə çalışır, naşı ustaları çağırıb iş gördürürlər. Qazdan təhlükəsiz istifadə qaydalarına məhəl qoymurlar. Bəziləri səhlənkarlıqdan, bəziləri də məlumatsızlıqdan. Başları qarışıb Xoşqədəmlə Zaurun verilişlərinə, əsas məsələ qıraqda qalıb. Qanunlar işləməyən yerdə anarxiya olur. Onun da nəticəsində belə faciələr baş verir, mal-mülk, can məhv olur.

- Evlərdə qaz cihazları yoxlanılmalıdır?

- Sovet dönəmində qaz nəzarətçiləri ayda 1800 mənzil yoxlayırdılar. İnsanlar da çox həvəslə onları məzillərinə dəvət edirdilər ki, gəlin yoxlayın.

İndi tam əksini görürük. Bəzi sakinlər sayğaclara müdaxilə edir, qaz oğurluğu ilə məşğul olduqları üçün yoxlama aparılmasını da istəmirlər. Əlavə cihazlar quraşdırırlar, rekonstruksiya edirlər. Özbaşına qaz cihazlarında təmir işləri görürlər. Bu, qəti sürətdə qadağandır. Qazın qanunları var. Qanun ondan ötəri deyil ki, onu saymayasan. Saymayanda qaz da insanları belə tənbeh edir.

- Yoxlama hansı müddətdə aparılmalıdır?

- Qaz işçiləri ildə iki dəfə - qış və yay mövsümünün əvvəlində evləri yoxlamalıdırlar. Bundan əlavə, əhali ilə profilaktik söhbət etməlidirlər. Ev sahibinin qaz cihazlarını silmək, təmizləmək, onda təmir işləri görmək səlahiyyətləri yoxdur. Özbaşınalıq baş alıb gedir. Belə olanda da faciə baş verəcək.

Ölkədə 1 milyon 600 min avtomobil var, qaz abonentlərinin sayı isə 2 milyon 500 mindir. Necə olur ki, həmin avtomobilləri yoxlamağa imkan tapılır, evləri isə yox?! Əhalini bu boyda təhlükəli maddə ilə baş-başa qoyurlar. Belə olmaz.

- Paytaxt başda olmaqla bölgələrdə zəlzələ olur. Zəlzələ sonrası qaz kəmərlərinin yoxlanması nə dərəcədə vacibdir?

- Bu mütləqdir. Dünya praktikasında zəlzələdən sonra gedib qaz kəmərlərini yoxlayırlar, möhkəmliyinə baxırlar. Bəlkə “svarka” yeri çatlayıb, sızma yaranıb. Bizdə isə bu yoxdur. Zəlzələdən sonra dəmir reysləri yoxlanılmadan vaqonları buraxmırlar. Amma qaz kəmərlərinə baxmağa tənbəllik edirlər.

- Ölkəmizdə qazdan istifadə ilə bağlı hansı təhlükəli məqamlar var?

- Qaradağda neft emalı zavodu var. O 100 faiz təmizlənməlidir. Sertifikatlaşdırılmalı, ondan sonra əhalinin istifadəsinə verilməlidir. Buna kim baxır? Kim məsuliyyət daşıyır?Hamı özünü sığortalayır ki, məndən bir şey soruşmasınlar. Axı bu işi gördüyünüz üçün yaxşı maaş alıb cibinizi doldurursuz. O pulları nə üçün alırsınız? Dövlət sizə nəyə görə bu qədər pul xərcləyir? Gedin yoxlayın da.

- Dəm qazı faciələrindən qorunmaq üçün dünyada müasir texnologiyadan istifadə olunur...

- Bəli. Ağıllı cihaz var, quraşdırırsan qazın molekulları onun ekranına dəyəndə səs siqnalı verir. Bir də elektromaqnit dalğaları göndərir. Çağırışdan qabaq klafan qazın yolunu bağlayır, təhlükəsiz şərait yaranır. Bütün dünyada istifadə olunur. Bizdə isə yox...

Deyirlər yanvarın 1-dən Nazirlər Kabineti evlərə gedib yoxlama aparmalı idi. Artıq ayın sonudur. Soruşan lazımdır ki, neçə evi yoxlayıblar? Kimin qapısını döyüblər? Bu camaatı niyə aldadırlar.

Çoxumuz evlərdə qaz təhlükəsiliyi qaydalarını da bilmirik...

- Evlərin tüstü bacası damdan yarım metr hündürlükdə olmalıdır. Küləkli havalarda yuxarıdan külək üfürür, qaz evə dolur. Orada da karbonmoksid yığılır. Beləcə 7 dəqiqədə insanın müqəddəratı həll olunur. Ölüm hadisəsi baş verir. Beyin toxumaları zəhərlənir. Ventilyasiya kanalı daim işləməlidir. Vintilyasiya kanalı elə olmalıdır ki, bir saatda otağın havası üç dəfə dəyişsin. Tüstü bacalarına nəzarət olunmalıdır.

Hamısı yaddan çıxıb. Adam var ki qazdan təhlükəsiz istifadə qaydalarını bilmir. Bu ayıb bir şey deyil. Hərənin öz sənəti var... Mütləq profilaktik söhbət aparılmalıdr. Bu da təchizatçının borcudur. İsətmirəm ki, bir yandan avtoxuliqanlar bir yandan qonçuların göndərdiyi narkotik maddələr bir yandan da özümüz səhlənkarlıq edib millətimizi qıraq. Belə olmaz.

Günəş Mərd


SON XƏBƏRLƏR