• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

“Dilimizi dəfn edən elə özümüzük” - Gənc filoloqdan SƏRT AÇIQLAMA

CƏMİYYƏT

23 Sentyabr 2024 | 11:40 | Müəllif: Qalib İbrahimoğlu

“Dilimizi dəfn edən elə özümüzük” - Gənc filoloqdan SƏRT AÇIQLAMA

Dil - xalqın ruhudur, kimliyidir, keçmişinin səsi, gələcəyinin aynasıdır. Amma bir millətin ən böyük sərvəti olan dil, cəmiyyət tərəfindən doğru və səlis istifadə olunmayanda o ruh tədricən sönməyə başlar. Azərbaycanda son illər ana dilimizin düzgün istifadə edilməməsi sanki bir susqunluğa doğru gedən addımdır.

Bəs nədir bizi bu sükuta sürükləyən səbəblər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən filoloq Ruslan Mustafayev bildirib ki, məktəblərdə dil təhsili hər bir fərdin dili sevməsi və ona hörmət etməsi üçün ilkin addımdır. Onun sözlərinə görə, Azərbaycan dili dərsliklərindəki məntiqsizliklər və tədris keyfiyyətinin zəifliyi gənclərin ana dilinə olan marağını azaldıb:

“Müasir dərsliklərdəki bəzi fikirlər dilimizi sanki bir çərçivəyə salır, ona can verən səlislik və incəliyi arxa plana keçirir. Nəticədə dil quru və cansız söz yığınına çevrilir”.

Filoloq qeyd edib ki, müasir texnologiya və sosial şəbəkələr həyatımıza sürətlə daxil olduqca, dilimiz də bu axının içində itir:

“Sosial media platformalarında qısa və tələsik yazılan mesajlar, orfoqrafik səhvlərlə dolu olan yazışmalar dilin strukturu ilə oynayır. Qərb dillərinin qısa terminləri, qeyri-formal yazışmalar cəmiyyətdə düzgün dildən uzaqlaşmağa səbəb olub. İnsanlar zamanla “yazı dili”ni və “danışıq dili”ni bir-birindən ayırmağa, ana dilinin zənginliyindən uzaqlaşmağa başlayıb”.

Müsahibimizin sözlərinə görə, qloballaşma yalnız mədəniyyəti deyil, dili də qlobal trendlərə uyğunlaşdırır. Mütəxəssisin fikrincə, xarici dillərin iş dünyasında və təhsildə dominantlıq etməsi, insanların bu dillərə meyl etməsi Azərbaycan dilinin ikinci plana keçməsinə gətirib çıxarır. Ana dilini ikinci planda istifadə etmək isə uzun müddətdə insanların dilin zənginliyini unutmasına səbəb olur:

“Azərbaycan dili böyük tarixi, zəngin ədəbiyyatı və incəlikləri ilə seçilən bir dildir. Lakin dilimizə olan laqeyd münasibət onu yalnız gündəlik məişət səviyyəsində istifadə etməklə məhdudlaşdırır. Dilə olan sevgi və hörmət azalanda onun düzgün istifadəsi də arxa planda qalır. Cəmiyyətdə müəyyən nəsillər öz ana dilini yalnız ünsiyyət vasitəsi olaraq görür, lakin onun dərinliyini, mədəniyyətini kəşf etmək üçün səy göstərmirlər. Biz cəmiyyət olaraq dilimizi özümüz dəfn etmişik”.

Ruslan Mustafayev: Sosial şəbəkələr həyatımıza daxil olduqca, dilimiz də bu axının içində itir

Son olaraq Ruslan Mustafayev diqqətə çatdrıb ki, dilimizi yenidən sevərək, ona sahib çıxmaq mümkündür:

“Hər bir fərd dilin qorunması və inkişafı üçün öz payını verməlidir. Cəmiyyət Azərbaycan dilini yalnız təhsil çərçivəsində deyil, gündəlik həyatın hər anında, evdə, ictimai yerlərdə və sosial platformalarda yaşatmalıdır. Texnologiya və qloballaşmanın gətirdiyi çətinliklərə qarşı cəmiyyət öz dəyərlərini möhkəmləndirməli, dilə olan münasibətini dəyişməlidir. İnsanlar dilin gözəlliyini, zənginliyini anlayıb ona sahib çıxmadıqca dərsliklərin və tədrisin keyfiyyəti də istənilən nəticəni verməyəcək. Ailələr, icmalar, işgüzar mühit dilə olan sevgini və onun doğru istifadəsini təbliğ etməlidir. Cəmiyyət yalnız məktəblərə ümid etmədən öz daxilində dilin yaşamasını təmin etməli, ana dilinin gündəlik həyatda daha çox istifadə olunmasına nail olmalıdır.Çünki dil susanda, millətin də ruhu susar. Ana dilimiz isə bizə babalarımızın mirasıdır, gələcək nəsillərə səsimizdir. Ona sahib çıxmaq hər birimizin vəzifəsidir”.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026