• Bakı 23° C

    12.41 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Dövlət qulluğu sistemi: Peşəkarlıq, islahatlar, müasir çağırışlar

CƏMİYYƏT

22 Iyun 2026 | 11:55

Dövlət qulluğu sistemi: Peşəkarlıq, islahatlar, müasir çağırışlar

Müasir dövlətlərin inkişaf səviyyəsini müəyyən edən əsas amillərdən biri peşəkar, şəffaf və səmərəli dövlət idarəçiliyi sisteminin mövcudluğudur. Dövlət idarəçiliyinin əsas hərəkətverici qüvvəsi isə dövlət qulluqçularıdır.

Onlar dövlət siyasətinin həyata keçirilməsi, vətəndaş müraciətlərinin operativ və obyektiv şəkildə cavablandırılması, sosial-iqtisadi proqramların icrası, ictimai xidmətlərin təşkili və dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsində mühüm rol oynayırlar. Məhz bu səbəbdən dövlət qulluqçularının fəaliyyəti hər bir ölkənin inkişafında strateji əhəmiyyət daşıyır.

Azərbaycanda hər il 23 iyun tarixi Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur. Bu tarix dövlət idarəçiliyi sahəsində çalışan minlərlə insanın əməyinə verilən yüksək qiymətin göstəricisi olmaqla yanaşı, dövlət qulluğu institutunun inkişafına verilən önəmin ifadəsidir. Peşə bayramı dövlət qulluqçularının cəmiyyət qarşısındakı məsuliyyətini bir daha xatırladır, onların fəaliyyətinin qiymətləndirilməsi və dövlət idarəçiliyi sistemindəki rolunun ön plana çıxarılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanda dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyin ilk illərində ölkədə dövlət idarəetmə sisteminin yenidən qurulması, dövlət institutlarının formalaşdırılması və peşəkar kadr potensialının yaradılması istiqamətində mühüm addımlar atılmışdır. Sonrakı mərhələdə dövlət qulluğu sahəsində hüquqi baza təkmilləşdirilmiş, dövlət qulluqçularının seçimi, fəaliyyəti və karyera inkişafı ilə bağlı müasir mexanizmlər tətbiq edilmişdir.

2000-ci il iyulun 21-də qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu bu sahədə əsas normativ sənəd kimi çıxış edir. Qanun dövlət qulluğunun prinsiplərini, dövlət qulluqçularının hüquq və vəzifələrini, onların fəaliyyətinin qiymətləndirilməsi mexanizmlərini müəyyənləşdirmişdir. Bu sənəd dövlət idarəçiliyində peşəkarlığın, qanunçuluğun və şəffaflığın təmin edilməsinə mühüm töhfə vermişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə dövlət idarəçiliyi sistemində həyata keçirilən islahatlar dövlət qulluğunun keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə şərait yaratmışdır. Elektron hökumət layihələrinin genişləndirilməsi, rəqəmsal xidmətlərin tətbiqi, vətəndaş məmnunluğunun artırılmasına yönələn təşəbbüslər dövlət qulluğunun fəaliyyət prinsiplərini müasir çağırışlara uyğunlaşdırmışdır. Xüsusilə “ASAN xidmət” modeli dövlət-vətəndaş münasibətlərində yeni idarəetmə mədəniyyətinin formalaşmasına səbəb olmuş, Azərbaycanın beynəlxalq səviyyədə tanınan uğurlu idarəçilik nümunələrindən birinə çevrilmişdir.

Müasir dövrdə dövlət qulluqçularının qarşısında duran əsas vəzifələrdən biri dəyişən sosial-iqtisadi şəraitə və qlobal çağırışlara çevik uyğunlaşmaqdır. Rəqəmsallaşma, süni intellekt texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişlənməsi dövlət qulluqçularından yeni bilik və bacarıqlar tələb edir. Artıq dövlət qulluqçusunun fəaliyyətində yalnız inzibati idarəetmə bacarıqları deyil, həm də strateji düşüncə, kommunikasiya qabiliyyəti, informasiya texnologiyalarından istifadə bacarığı və innovativ yanaşma mühüm əhəmiyyət daşıyır.

Dövlət qulluğunun səmərəliliyi həm də vətəndaşların dövlətə olan etimad səviyyəsini müəyyən edən əsas amillərdən biridir. Vətəndaşlarla gündəlik təmasda olan dövlət qulluqçuları dövlətin simasını təmsil edir, dövlət siyasətinin praktik icraçısı qismində çıxış edirlər. Bu baxımdan onların peşəkarlığı, etik davranışı, qanunvericiliyə sadiqliyi və məsuliyyət hissi dövlət-vətəndaş münasibətlərinin keyfiyyətinə birbaşa təsir göstərir.

Qlobal təcrübə göstərir ki, inkişaf etmiş dövlətlərdə güclü və dayanıqlı idarəetmə sistemi məhz peşəkar dövlət qulluğu institutuna əsaslanır. Dövlət qulluqçularının davamlı təlimlərə cəlb olunması, karyera yüksəlişi imkanlarının genişləndirilməsi, fəaliyyətlərinin obyektiv qiymətləndirilməsi və sosial təminatının gücləndirilməsi dövlət idarəçiliyinin effektivliyini artıran əsas mexanizmlər sırasındadır. Azərbaycan da bu istiqamətdə beynəlxalq təcrübədən yararlanaraq dövlət qulluğunun təkmilləşdirilməsi siyasətini ardıcıl şəkildə davam etdirir.

İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri dövlət qulluqçularının üzərinə əlavə məsuliyyət qoyur. Yeni infrastrukturun yaradılması, dövlət xidmətlərinin təşkili, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi və bölgələrin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər peşəkar dövlət idarəçiliyinin əhəmiyyətini bir daha nümayiş etdirir.

Dövlət qulluqçularının peşə bayramı günü təkcə təqvimdə qeyd olunan əlamətdar tarix yox, dövlət idarəçiliyinin inkişafına töhfə verən insanların fəaliyyətinə verilən dəyərin ifadəsi, dövlət qulluğu institutunun gələcək inkişaf perspektivlərinin müzakirə olunduğu mühüm platformadır. Güclü dövlətin formalaşmasında, vətəndaş rifahının yüksəldilməsində və milli inkişaf strategiyalarının həyata keçirilməsində dövlət qulluqçularının rolu əvəzsizdir.

Məhz buna görə də Dövlət Qulluqçularının Peşə Bayramı Günü dövlət idarəçiliyində çalışan insanların əməyinə hörmətin ifadəsi olmaqla yanaşı, peşəkarlıq, məsuliyyət, şəffaflıq və vətənə xidmət prinsiplərinin təbliği baxımından da mühüm ictimai-siyasi əhəmiyyət daşıyır. Azərbaycanda həyata keçirilən idarəetmə islahatları göstərir ki, müasir və güclü dövlət quruculuğunun əsas şərtlərindən biri yüksək peşəkarlığa malik dövlət qulluqçularının formalaşdırılması və onların fəaliyyətinin daim təkmilləşdirilməsidir. Bu isə ölkənin dayanıqlı inkişafının və gələcək uğurlarının mühüm təminatlarından biri hesab olunur.

Əli Hüseynov,
Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Iyun 2026