Hesablama Palatası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) 2020-2021-ci illər ərzində dövlət əmlakının özəlləşdirilməsində nöqsanlar aşkarlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Palatanın ƏMDX-də apardığı auditin nəticələrində bildirilib.
Məlumata görə, 2020-ci ildə özəlləşdirmədən daxilolmalar 2019-cü ilin icrasından (93692,3 min manat) 32206,7 min manat və ya 34,4% az olub.
Dövlət əmlakının investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi üsulu ilə 2021-ci ildə özəlləşdirilmiş 4 müəssisədən 2-si üzrə qalıq borc yaranıb. Qalıq borcun yaranması digər şərtlərin də yerinə yetirilməməsi ilə bağlı risklərin mövcudluğu ehtimalını yaradır.
2020-ci ildə dövlət əmlakının investisiya müsabiqələri vasitəsi ilə satışı üsulu ilə 7 dövlət əmlakının özəlləşdirilməsi nəzərdə tutulub, dövlət büdcəsinə 15500000,0 manat vəsait daxilolması proqnozlaşdırılıb, lakin hesabat ilində adı çəkilən satış üsulu üzrə özəlləşdirilmə həyata keçirilməyib.
“Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 13.07.2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmlərinin investisiya müsabiqəsi vasitəsilə satışı üsulu ilə özəlləşdirilməsi haqqında qərar qəbul edilib. Lakin Azərbaycan Respublikası Prezidentinin 01.09.2020-ci il tarixli 2245 nömrəli Sərəncamı ilə müvafiq Sərəncamda dəyişiklik edilib, “Daşkəsən Filizsaflaşdırma” ASC-nin ləğv edilməsi ilə bağlı qərarı əsasında 05.10.2020-ci il tarixində “Daşkəsən Filizsaflaşdırma” ASC ləğv edilərək 14.12.2020-ci il tarixindən “AzerGold” QSC tərkibində törəmə hüquqi şəxs qismində “Daşkəsən Dəmir Filiz” MMC təsis edilib. Buna baxmayaraq, 2021-ci ildə “Daşkəsən Dəmir Filizi” MMC-yə 9600,0 min manat maliyyə dəstəyi ayrılıb və 100% həcmində istifadə edilib. Beləliklə, qeyd edilən vəsaitin ayrılması "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın məqsədlərinə tam uyğun olmayıb.
"Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı" ilə özəlləşdirilməsi nəzərdə tutulan, hazırda Xidmətin sərəncamında olan müəssisələr barədə təqdim edilmiş məlumatlara əsasən, Xidmətin sərəncamında 78 dövlət müəssisəsi vardır ki, onların 65-i fəaliyyətsiz, 3-ü qismən fəaliyyətli, 6-sı isə hal-hazırda fəaliyyətini davam etdirir. Bir müəssisə icarədə, 1 müəssisənin əmlakı olmadığı, 2 müəssisənin isə ləğv prosesində olduğu bildirilib. Təqdim edilən məlumatlara əsasən, 78 müəssisə üzrə 64-nün özəlləşmə perspektivi olduğu qeyd edilib.
İbRa















