• Bakı C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.7969

    RUB - 1.5741

Epidemiya gözləyə bilərik - Həkimdən XƏBƏRDARLIQLARLA DOLU MÜSAHİBƏ

MÜSAHİBƏ

24 Yanvar 2024 | 09:18

Epidemiya gözləyə bilərik - Həkimdən XƏBƏRDARLIQLARLA DOLU MÜSAHİBƏ

Ötən ilin son aylarından başlayaraq, ölkənin ayrı-ayrı ərazilərində Hepatit A virusuna tək-tək yoluxma halları qeydə alınıb. Dünən isə Səhiyyə Nazirliyi qeydə alınan yoluxma hallarının Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələri üzrə müxtəlif orta məktəb və məktəbəqədər təhsil müəssisəsində baş verməsi ilə bağlı məlumat yayıb.

Nazirliyin Bakı kəndlərində sarılıq xəstəliyinin yayılmasını təsdiqləməsi haqlı olaraq insanların narahatlığını artırıb.

Pediatr həkim Vafiq Qarayev insanlar arasında təşviş yaradan sarılıq xəstəliyi ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandırıb.

- Hepatit A virusu necə yaranır?

- Hepatit yaradan viruslar müxtəlifdir: A, B, C, D və s. Bunlardan ən çox yayılan B və C hepatitləridir. Bu viruslar daha çox qanla keçir. Amma A hepatiti çirklənmiş su hövzələrindən, qidadan, ərzaqdan, çirklənmiş qab-qacaqdan, birbaşa çirkli predmetlərdən keçir.

- Bakıda ilk yoluxma Əmircan və Bülbülə qəsəbələrində qeydə alındı. Əhali iddia edir ki, orda suya nəsə qatıblar. Sizcə, belə bir hal  ola bilərmi?

- Rəsmilərin dediyinə görə, ora daim yoxlanılır monitorinqlər aparılır. Əhalinin dediyinə görə isə hamı oradan yoluxur. Onda belə çıxır ki, əhali düz demir. Bu halda epidemioloqlar məlumat verməlidirlər ki, niyə ancaq iki qəsəbədə yaşayan sakinlər yoluxur. Bunu tapmaq epidemioloqların vəzifəsidir. Virusun mənbəyini tapmalıdırlar. Hələ ki, onlar bu haqda məlumat vermir.

Valideynlər uşaqlarına görə həddən artıq narahatdır. Haqlı həyəcan və narazılıq var. Rəsmilər Bülbülə və Əmircanda yayılan Hepatit A xəstəliyinin mənbəyi barədə əhaliyə məlumat verməlidir. Lap əhalinin boynuna atsınlar. Amma bizə bir şey desinlər.

Qızılcaya yoluxmanı yıxmışıq əhalinin boyununa ki, valideyn peyvənd vurdurmayıblar deyə yoluxma artıb. Düzdür. Bəs Hepatitə nə deyək? Xəstə soruşur haradan yoluxmuşam. Mən ona nə deyim?

- Hepatit A epidemiya ola bilərmi?

- Ən təhlükəli virus iri su hövzələri ilə yayılır. Əhalinin də iddia etdiyi kimi iri su hövzələri virusla çirklənibsə, onda epidemiya gözləyə bilərik.

- Daha çox hansı yaş qruplarından olan şəxslər Hepatit A-ya yoluxa bilər?

- Bütün yaş qrupundan olan insanlar Hepatit A-ya yoluxa bilər. Bu, nə uşaq, nə də böyük xəstəliyidir. Yayılırsa, hamı yoluxacaq.

- Hepatit A-dan necə qoruna bilərik?

- Ümumiyyətlə, yoluxucu infeksiyalardan qorunmaq üçün ilk növbədə şəxsi gigiyena qaydalarına əməl olunmalıdır. Ən çox da uşaqların təmizliyinə çox ciddi fikir vermək lazımdır. Bəzən görürsən küçədə uşağın əlindən kirli damcılar tökülür. Analar uşaqlara küçədə nəsə alıb verir, uşaq da həmin kirli əllərlə onu yeyir. Belə olmaz.

21-ci əsr yarıya çatıb, biz hələ insanlara şəxsi gigiyena qaydalarını başa sala bilməmişik.

Yadıma gəlir, koronovirusun geniş yayıldığı vaxtlarda “əllərinizi 30 saniyə yuyun” deyən həkimləri sosial şəbəkələrdə lağa qoyurdular: “Olar 29-31 saniyə yuyaq?”. Ciddi məsələləri belə lağlağıya çevirəndə fəsadlar da ağır olur.

Vaqif Qarayev: Hepatit A-nın nədən yayıldığı hələ açıqlanmasa da, media həkimlərlə əlbir olub əhalini maarifləndirməlidir

- Yediyimiz qidaların belə viruslara yoluxmağımızda təsiri var?

- Əlbəttə var. Hər yerdən su içmək, küçələrdə satılan qidaları alıb yemək olmaz. Bakı bəlkə də yeganə şəhərdir ki, küçədə nə desəniz satılır. Məsələn, köşklərdə açıq şəkildə paxlava, süd məhsulları satılır. Yolun kənarında, avtobus dayanacaqlarının yanında dönər satılır. Bütün yolun tozu, çirki o qidaya hopur. Əhali də növbəyə durub o dönəri alır. Bunları nə qədər desək də, məhəl qoyan yoxdur. İnsanın şəxsi məsuliyyəti olmalıdır.

- Əhalini bu mövzuda maarifləndirməyə ehtiyac var?

- Hepatit A-nın nədən yayıldığı hələ açıqlanmasa da, media həkimlərlə əlbir olub əhalini maarifləndirməlidir. Sosialist inqilabından sonra Leninin verdiyi ilk sənəd sağlamlıq haqqında dekret olub. Orada altından qırmızı xətt çəkilməklə şəxsi gigiyena məsələləri yazılırdı. 100 il keçib, biz əhaliyə yenə də eyni şeyləri deyirik.

Günəş Mərd


SON XƏBƏRLƏR

01 Dekabr 2024