Ermənistan böyük ehtimalla gələn ilin fevralında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacaq.
Bakıvaxtı.az "Hraparak" nəşrinə istinadla xəıbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bəzi komanda yoldaşlarına bildirib.
Xatırladaq ki, ötən ilin fevralında o, Ermənistanın təşkilata üzvlüyünü dondurduğunu açıqlamışdı. Və bundan əvvəl də aylardır hakimiyyətin müxtəlif nümayəndələri KTMT-ni öhdəliklərini yerinə yetirmədiyinə görə tənqid edir, üzvlüyün dondurulmasının səbəbinin bu olduğunu bildirirdilər. Paşinyanın sözlərinə görə, 2023-cü ilin sentyabrından Ermənistan KTMT proseslərində iştirakını dayandırıb.
Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan da deyib ki, Paşinyan ölkənin KTMT-yə üzvlüyünü dondurmaqla strateji səhvə yol verib. O bildirib ki, bu, onun etdiyi strateji səhvlərdən biridir:
"Münaqişənin ən qızğın vaxtında KTMT-ni tərk edir. Bu normal deyil. O bunun baş verməsi üçün hər şeyi etdi".
Siyasi şərhçi Abutalıb Səmədov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ermənistan KTMT-də fəaliyyətini dondurub.
Ekspert vurğulayıb ki, Paşinyan jurnalistin "bu donun açılma ehtimalı varmı" sualına cavabında bildirib ki, əksinə Ermənistanın KTMT-dən çıxma ehtimalı daha çoxdur:
"Əslində, Nikol Paşinyanın bu açıqlamasını Ermənistanın bu təşkilatdan çıxacağı ilə bağlı bəyanat kimi qəbul etmək lazımdır. Ancaq müəyyən qədər Paşinyan özünə manevr imkanları da saxlayır. Əgər bu addım atılarsa, Ermənistan KTMT-dən rəsmən çıxarsa, Rusiya daha kəskin hərəkət edərmi? Rusiya indiyədək Paşinyanı zorla hakimiyyətdən devirməyə dəstək verməkdən başqa hansısa addım atmayıb. Kənardan Ermənistan daxilindəki müəyyən qüvvələrə yardım göstərib və əlindən gələni edib ki, onlar Paşinyanı hakmiyyətdən uzaqlaşdıra bilsin. Hələlik, bu cəhdlər nəticə verməyib”.
Abutalıb Səmədov: Rusiya təsir vasitələrindən istifadə edərsə, Ermənistan ağır durumda qala bilər
Müsahibimiz qeyd edib ki, ancaq Rusiyanın əlində çox ciddi iqtisadi təsir vasitələri var. Onun fikrincə, Rusiya bu vasitələrdən istifadə edərsə, Ermənistan çox ağır durumda qala bilər:
“Ancaq Rusiya-Ukrayna müharibəsi davam etdiyi müddətcə, Moskva İrəvana qarşı sərt tədbirləri işə salmır. Ukrayna ilə sülh və ya atəşkəs əldə olunarsa, Rusiya Ermənistana iqtisadi təzyiq vasitələrini tətbiq edə bilər. Hətta hərbi müdaxilə ehtimalı da istisna olunmur".
Aydın Baxış