Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfər edəcəyini təsdiqləyib. Ərdoğan-Paşinyan görüşü sabah keçiriləcək.
Nikol Paşinyanın Türkiyə səfərini Bakıvaxtı.az-a dəyərləndirən politoloq Natiq Miri deyib ki, Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırması Azərbaycanla sülhün əldə olunmasından keçir.
Ekspert bildirib ki, İrəvan bu məsələdə nə qədər aktiv olsa da, öz havadar dövlətlərinə bu yöndə yalvarsa da, Bakı ilə sülh müqaviləsi imzalanmadan, bütün kommunikasiyalar, o cümlədən Zəngəzur dəhlizi açılmayanadək Ermənistan-Türkiyə münasibətləri tənzimlənməyəcək:
"Hətta Ermənistan tərəfi gündə 20 dəfə "soyqırım olmayıb, bu iddialar yalandır" bəyanatını səsləndirsə belə Türkiyədən hansısa güzəşt xarakterli addım atılmayacaq. Bu, birmənalıdır. Ermənistanın baş nazirinin Türkiyəyə çağırılmasında da əsas məqsəd bu reallıqların Paşinyanın diqqətinə çatdırılmasıdır. Yəni baş nazirdən bu yöndə hərəkət etməsi, siyasət yürütməsi tələb olunacaq”.
Müsahibimiz qeyd edib ki, Türkiyə ilə münasibətlərin tənzimlənməsi Ermənistanın Avropaya inteqrasiya yolunu açır:
“Türkiyə ilə sərhədlər, kommunikasiya açılmadan, normal münasibətlər sistemi qurulmadan, diplomatik əlaqələr olmadan heç bir normallaşmadan söhbət gedə bilməz. Türkiyəsiz Ermənistan Qərbə inteqrasiya siyasətində topal ördək kimi hərəkət edəcək. Ona görə Türkiyə Ermənistan üçün olmazsa olmazdır".
Natiq Miri: Türkiyəsiz Ermənistan Qərbə inteqrasiya siyasətində topal ördək kimi hərəkət edəcək
Analitik vurğulayıb ki, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək:
"Seçkilərdə Nikol Paşinyanın siyasi uğuru Azərbaycanla sülh müqaviləsinin imzalaması, Türkiyə ilə normal münasibətlərin qurulması, sərhədlərin, kommunikasiyaların açılması olacaq. Bu, parlament seçkiləri öncəsi Paşinyanın əlində ən böyük qalibiyyət bayrağı olacaq. Ona görə də bu məsələləri həll etmək üçün həlledici görüşə ehtiyac var. Türkiyə və Ermənistan rəhbərliyi bugünədək ancaq ayaqüstü söhbətlər ediblər. Sabahkı görüş isə çoxtəməlli görüş olacaq. Görüşdən konkret nəticələr çıxa bilər”.
N.Miri əlavə edib ki, İran-İsrail gərginliyi fonunda Ermənistanın ciddi narahatlığı ortadadır:
"İran indiki vəziyyətdə Ermənistan hayında olmayacaq. Dünənədək "Zəngəzur dəhlizini biz əngəllədik" deyən siyasətçilərin bu gün səsini eşidən yoxdur. Ümumiyyətlə efirdə görünmürlər, çünki sadəcə "hava atırdılar". İranın öz canının hayına qaldığı bir vəziyyətdə Azərbaycan bu şəraitdən istifadə edərək Naxçıvanla quru yolundakı əngəli asanlıqla aradan qaldıra bilər. Bu məsələ Ermənistan siyasilərinin yuxusunu qaçırıb. Bunun reallaşmasını istəmirlərsə, Bakının tələbləri çərçivəsində kommunikasiya açılmalıdır".
Aydın Baxış