Ramazan ayının başa çatmasına sayılı günlər qaldıqca fitrə zəkatının verilməsi məsələsi də gündəmə gəlir. İslamda mühüm ibadətlərdən biri hesab olunan fitrə zəkatı Ramazan bayramı ərəfəsində ehtiyacı olan insanlara yardım məqsədi daşıyır.
Bəs fitrə zəkatı nə zaman və hansı qaydada çıxarılmalıdır?
QMİ sədrinin müavini, hacı Fuad Nurullayev Bakıvaxtı.az-a bildirib ki, əgər sabahın bayram olduğu dəqiqləşirsə, həmin günün axşamı - yəni bayram günündən əvvəlki axşam gün batana qədər fitrə zəkatı çıxarılır.
Sədr müavininin sözlərinə görə, fitrə zəkatının çıxarılması vacibdir. İstər oruc tutanlar, istərsə də oruc tuta bilməyənlər fitrə zəkatı verməlidir. Ailə başçısı ailədə neçə nəfər varsa, həmin şəxslərin sayına uyğun olaraq fitrə zəkatı çıxarmalıdır. Burada yaşın əhəmiyyəti yoxdur. Evdə yeni dünyaya gəlmiş körpə belə olsa, ailədə neçə nəfər varsa, onların hər biri üçün fitrə zəkatı verilməlidir:
"Hətta bayram axşamı qonaq gəlsə və şam namazına qədər həmin evdə qalsa, o qonağın da adına fitrə zəkatı çıxarılması tövsiyə olunur.
Fitrə zəkatının məbləği şəriət baxımından ərzaqla müəyyən edilir. Əsasən insanların ən çox istifadə etdiyi qida məhsulları əsasında hesablanır. Ərzaq pul ilə də əvəz oluna bilər. Ən çox istifadə olunan qidalardan biri çörəkdir, yəni buğda məhsulları. Maddi imkanı yaxşı olanlar isə buğdadan daha dəyərli məhsullarla - məsələn, xurma və ya kişmişlə də hesablaya bilərlər".
Hacı qeyd edib ki, hər bir şəxs üçün təxminən 3 kiloqram ərzaq miqdarı hesablanır. Məsələn, 3 kilo düyünün pulu nə qədər edirsə, həmin məbləğ hər adam üçün fitrə zəkatı kimi ayrılır.
Bu vəsait əsasən qohum-əqrəba arasında olan kasıblara, imkansız insanlara verilməlidir. Eyni zamanda qonşular, məhəllədə yaşayan və ehtiyacı olan insanlar da nəzərdə tutula bilər:
"Pul şəklində verilməsi ona görə məqsədəuyğun sayılır ki, ehtiyacı olan insanlar həmin vəsaitlə öz ailələrinin müxtəlif ehtiyaclarını ödəyə bilsinlər. Məsələn, bir ailəyə çoxlu miqdarda buğda, düyü və ya xurma vermək əvəzinə, pul verildikdə onlar həmin vəsaitlə özlərinə lazım olan ərzaqları, dərmanları və ya digər zəruri ehtiyacları ala bilərlər.
Fitrə zəkatının fəlsəfəsi də bundan ibarətdir. İmkanı olan insanlar bayram ərəfəsində fitrə zəkatını çıxarır ki, onların qohumları, qonşuları və ətrafındakı ehtiyacı olan insanlar da bayramı rahat şəkildə qeyd edə bilsinlər".
Müsahibimiz vurğulayıb ki, bu ibadətin mahiyyəti həm də ehtiyacı olan insanlara diqqət göstərmək, kasıblara kömək etmək, paylaşmaq və yardımlaşmaqdır. Beləliklə, insan həm maddi, həm cismani, həm də mənəvi baxımdan ibadətini tamamlamış olur:
"Qafqaz Müsəlmanları İdarəsinin fətvasına görə, orta hesabla bir nəfər üçün 10-15 manat civarında fitrə zəkatı çıxarılması tövsiyə olunur. Bu, sadəcə tövsiyədir. Hər bir insan öz imkanına uyğun olaraq məbləği müəyyən edə bilər".
Zeynəb Rzayeva
Bakı 




