Zaman-zaman coğrafiyalar yalnız sərhədlərlə deyil, sınaqlarla da formalaşır. Gürcüstan bu gün öz siyasi tarixinin növbəti sınaq mərhələsindədir.
Uzun illər Qərbə inteqrasiya xəttini seçmiş bu Qafqaz ölkəsi indi daxili parçalanmalar, etimadsızlıq və xarici təsirlərin cəngində istiqamət axtarır. Ənənəvi seçki institutları artıq böhranın həlli aləti olmaqdan çıxıb, əksinə, gərginliyi dərinləşdirən amilə çevrilib.
Gürcüstan cəmiyyəti sual qarşısındadır: sabitlik naminə güzəşt, yoxsa ədalət naminə mübarizə?
Bu sual təkcə Tbilisinin meydanlarında səslənmir, bütün Cənubi Qafqazda əks-səda doğurur. Çünki Gürcüstandakı hər bir proses, bütövlükdə regionun taleyinə toxunan ipə bənzəyir - bir ucunda demokratiya, digər ucunda qeyri-müəyyənlik dayanır.
İndi Gürcüstan sadəcə siyasi kurs seçmir, həm də regional güclərin maraqları arasında öz mövqeyini müəyyənləşdirməyə çalışır. Bu isə tək ölkənin deyil, Cənubi Qafqazın gələcəyinə birbaşa təsir göstərən faktordur.
Hadisələrin bu məqamında əsas sual budur: bu proseslər Gürcüstanı hara aparacaq və bu dalğaların təsiri regionu hansı istiqamətə yönəldəcək?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Əli Mustafanın sözlərinə görə, Gürcüstanda son dövrlərdə baş verən hadisələr onu deməyə əsas verir ki, ölkədə vəziyyət arzuolunan səviyyədə deyil:
"Cəmiyyətlə hakimiyyət arasında dərin bir uçurum yaranıb. Bu ixtilaf nə keçmiş parlament seçkilərində, nə də son bələdiyyə seçkilərində aradan qalxdı. Halbuki, seçkilər adətən cəmiyyətin daxilindəki ziddiyyətləri yumşaldan, münaqişələri aradan qaldıran, siyasi sabitliyi bərpa edən əsas mexanizmdir. Lakin Gürcüstan reallığında vəziyyət tamamilə fərqlidir - seçkilərdən sonra da siyasi gərginlik səngimir, əksinə, daha da dərinləşir".
Onun sözlərinə görə, bu gərginliyin kökündə iki əsas güc - Saakaşvili və tərəfdarları ilə İvanaşvili və onun komandasının mübarizəsi dayanır:
"Müxalifət hakimiyyəti seçkiləri saxtalaşdırmaqda ittiham edir, hakimiyyət isə xalqın iradəsinə söykəndiyini iddia edərək öz legitimliyini müdafiə edir. Hakimiyyət nümayəndələri əsasən hüquq-mühafizə strukturlarına arxalanır, siyasi opponentlər tərəfindən isə Rusiya yönümlü qüvvələr kimi xarakterizə olunurlar".
Müsahibimiz əlavə edib ki, digər tərəfdən, Gürcüstanın keçmiş prezidenti Prezident Administrasiyasına edilən hücumu kəskin tənqid edərək bu hadisəni təxribat kimi qiymətləndirib. O, belə addımların dinc siyasi mübarizəyə kölgə saldığını bəyan edib:
"Hazırda vəziyyət aydındır - ölkədə ciddi siyasi problem mövcuddur. Müxalifət liderlərinin bir qismi həbsdədir, hakimiyyət isə bütün gücü ilə öz mövqeyini qorumağa çalışır. Vəziyyəti daha da mürəkkəbləşdirən isə odur ki, bu siyasi qarşıdurmanın ortasında real, neytral bir arbitr mövcud deyil. Avropa İttifaqı açıq şəkildə müxalifəti müdafiə edir, Rusiya isə dolayı və qeyri-rəsmi yolla hakimiyyətin arxasında dayanır".
Əli Mustafa: Bu mənzərə onu göstərir ki, Gürcüstandakı siyasi böhran sadəcə daxili məsələ deyil
Həmsöhbətimiz əlavə edib ki, Gürcüstanda xalqın dağıdılması və etirazların yatırılmasında istifadə edilən qüvvələrin bir hissəsinin Rusiya mənşəli olması ehtimalları da cəmiyyətdə ciddi narahatlıq doğurur. Hərçənd bu, rəsmi şəkildə təsdiqlənməyib, amma ictimai rəydə bu kimi şübhələr mövcuddur.
"Hazırkı durumda görünən odur ki, iqtidar ölkədəki proseslərə nəzarət etmə gücünə sahibdir, lakin bu gücün legitimliyi cəmiyyətin əhəmiyyətli bir hissəsi tərəfindən qəbul edilmir. Gərginlik qalmaqdadır və yaxın zamanlarda onun səngiyəcəyinə dair ciddi əlamətlər müşahidə olunmur. Müxalifət liderlərinə qarşı yeni həbslər baş verə bilər, amma bu, mövcud gərginliyi daha da alovlandıra bilər. Cəmiyyət parçalanıb: bir hissə hakimiyyəti, digər hissə isə müxalifəti dəstəkləyir. Bu şəraitdə yeganə çıxış yolu azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi ola bilər. Amma real olaraq bu, yaxın perspektivdə baş verəcəkmiş kimi görünmür".
Sonda Əli Miustafa vurğulayıb ki, Cənubi Qafqazın ümumi mənzərəsinə nəzər salsaq, Ermənistan Qərbyönümlü siyasət yürüdür, Azərbaycan nisbətən müstəqil xətt tutur, Gürcüstan isə zahirən müstəqil görünsə də, mövcud hakimiyyətin arxasında Kremlin təsirinin dayandığına dair ciddi ehtimallar var. Beləliklə, region böyük güclər arasında geosiyasi çəkişmə meydanına çevrilmişdir:
"Bu mənzərə onu göstərir ki, Gürcüstandakı siyasi böhran sadəcə daxili məsələ deyil - bu, Qərb və Rusiya arasında gedən böyük mübarizənin regional təzahürüdür. Gürcüstan Avro-Atlantik blokla Moskva arasında yaşanan geosiyasi qarşıdurmanın bir növ güzgüsüdür . Bölgə hələ tam formalaşmayıb - nə tam Qərbin tərəfindədir, nə də tam Rusiyanın. Bu qeyri-müəyyənlik və qarşıdurma Gürcüstanda siyasi gərginliyin davam edəcəyini göstərir. Hadisələrin inkişafı isə bir daha sübut edir ki, Gürcüstan hazırda yalnız öz siyasi gələcəyi üçün deyil, həm də regionun geosiyasi taleyi üçün vacib bir arenaya çevrilib".
Əli Hüseynov