Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin birinci yarısında 24815 nikah və 10350 boşanma halları qeydə alınıb.
Bakıvaxtı.azxəbərverirki, bu, DövlətStatistikaKomitəsininyanvar-iyulayında ölkəniniqtisadivə sosialinkişafınınmakroiqtisadigöstəricilərində əksinitapıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,4-dən 4,9-a qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.
Ölkədə boşanma hallarında azalma müşahidə olusa da, getdikcə daha adi qarşılanması ciddi sosial narahatlıq doğurur.Artıq boşanmaq bir çox hallarda son çıxış yolu deyil, ilkin seçimlərdən birinə çevrilib.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, son dövrlərdə boşanmalar cəmiyyətimizdə getdikcə adi hala çevrilən bir prosesə çevrilib.
Uzun illər ənənəvi cəmiyyətin dəyərləri ilə yaşadığımızı deyən müsahibimiz Sovet dövrünə qədər və hətta həmin dövrdə də ictimai qınaq və nəzarətin çox güclü olduğunu bildirib:
“İnsanlar ailə qurarkən və ya boşanma qərarı verərkən bu qınağı nəzərə alır, məsuliyyətli davranırdılar. Cəmiyyətdə kişilərin dominantlığı və ictimai təzyiq səbəbindən qadınlar da, kişilər də boşanma qərarı verməkdə çətinlik çəkirdilər”.
O vaxtlar boşanmış qadın və ya kişinin cəmiyyət tərəfindən mənfi qarşılandığını deyən sosioloq nəzərə çatdırıb ki, buna görə də bir çox ailə, daxildə münaqişə olsa belə, qınaqdan qorunmaq üçün formal olaraq birgə yaşayırdı.
Müsahibimizin dediyinə görə, Sovet İttifaqının dağılmasından sonra Azərbaycan qlobal dünyaya inteqrasiya etdi.
Ü.Şəfiyevin fikrincə, xarici ölkələrlə əlaqələrin artması, filmlər, seriallar və son illərdə sosial medianın təsiri nəticəsində insanlar gördülər ki, Qərb ölkələrində boşanma faciə kimi qarşılanmır:
“Bu, düşüncə tərzində dəyişiklik yaratdı. İnsanlar daha çox özlərini, şəxsi rahatlıqlarını düşünməyə başladılar”.
Ekspert söyləyib ki, əvvəllər uşaqlı ailələrdə boşanma halları nadir idi və valideynlər uşaqlar üçün ailəni qoruyurdular:
“İndi isə əksinə, boşanmaların əksəriyyəti uşaqlı ailələrdə baş verir. Bu isə o deməkdir ki, cəmiyyətdə düşüncə transformasiyası baş verir. İnsanlar daha eqoist həyata üstünlük verirlər. Uşaq və ailə məsuliyyəti artıq bir çoxları üçün prioritet deyil”.
Sosioloq qeyd edib ki, digər maraqlı məqam isə 50 yaşdan yuxarı insanlar arasında boşanma hallarının artmadır. Dediyinə görə, 2024-cü ildə 49 508 nikah bağlanıb, 21 384 boşanma qeydə alınıb. Onların təxminən 7 minə yaxını 50 yaşdan yuxarı şəxslər arasında baş verib:
“Bu, onu göstərir ki, əvvəlki ictimai nəzarət və ənənəvi ailə institutları öz təsirini xeyli itirib. İnsanlar daha müstəqil qərarlar verirlər”.
Həmsöhbətimiz hesab edir ki, sosial şəbəkələr də bu prosesi sürətləndirən amillərdəndir.
Şəfiyev vurğulayıb ki, məşhur şəxslərin, xüsusilə qadınların boşanma sonrası “parlaq həyatları”nın mediada və sosial şəbəkələrdə nümayiş etdirilməsi, bəzən bunu bir uğur kimi təqdim etməsi cəmiyyətdə yanlış təsəvvür yaradır:
“Belə hallar digər qadınlara da boşanmaqla xoşbəxt olmaq kimi bir təəssürat verir. Halbuki bu, ailə dəyərlərinin zəifləməsinə gətirib çıxarır”.
Ü.Şəfiyev digər tərəfdən, süni intellekt texnologiyalarının geniş yayılmasının da bu məsələyə təsir göstərdiyini deyib.
Üzeyir Şəfiyev: Ənənəvi ailə institutları öz təsirini xeyli itirib
O əlavə edib ki, bəzi insanlar ailə problemləri zamanı süni intellektə müraciət edir və oradan “boşan” kimi cavablar alırlar. Unudurlar ki, süni intellekt alqoritm əsasında fəaliyyət göstərir və fərdi, emosional qərarlar vermək qabiliyyətinə malik deyil. Heç bir texnologiya insan münasibətlərinin dərinliyini, emosional bağlarını dəyərləndirə bilməz:
“Bu səbəbdən, ailə ilə bağlı qərarları texnoloji vasitələrə əsaslanaraq vermək son dərəcə yanlış və risklidir. Məhz buna görə də Prezident İlham Əliyevin 19 mart 2025-ci ildə təsdiqlədiyi “Süni intellekt üzrə Milli Strategiya”da qeyd olunur ki, süni intellektdən istifadə zamanı etik prinsiplər, hüquqi məsuliyyət və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməlidir”.
Müsahibimiz bildirib ki, ailə institutunun qorunması üçün həm media, həm də cəmiyyət məsuliyyətli davranmalıdır. Sosioloq qeyd edib ki, mətbuat ailə dəyərlərini təbliğ etməli, boşanma hallarını sensasiya kimi təqdim etməməlidir:
“Əksinə, nümunəvi ailələr, ailə dəyərlərini qoruyan insanlar efirə çıxarılmalı, gənclərə düzgün örnəklər göstərilməlidir”.
Həmsöhbətimiz hesab edir ki, ailənin dağılması təkcə iki insanın ayrılığı deyil. Bu, dövlət üçün əlavə sosial yük, cəmiyyət üçün isə mənəvi zərbədir. Boşanmış ailələrin övladları çox zaman gələcəkdə eyni təcrübəni təkrarlayırlar. Ü.Çəfiyev nəzərə çatdırıb ki, buna görə də ailə institutunun gücləndirilməsi, münaqişələrin böyümədən həll olunması istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və yerli icra orqanları birlikdə işləməlidirlər:
“Nəticə etibarilə, ailə dəyərləri təkcə şəxsi məsələ deyil. Bu, milli məsələdir. Cəmiyyətin sağlamlığı, gələcək nəsillərin mənəvi inkişafı məhz ailə üzərində qurulur. Ona görə də ailəni qorumaq, ailə dəyərlərini yaşatmaq hər birimizin borcudur”.
Mina Mikayılova