• Bakı 24° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9474

    RUB - 2.321

Gürcüstanda miqrasiya qaydaları sərtləşdirilir

DÜNYA

23 Iyun 2026 | 19:56

Gürcüstanda miqrasiya qaydaları sərtləşdirilir

Gürcüstan parlamenti miqrasiya qaydalarının sərtləşdirilməsini ilk oxunuşda təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, Gürcüstan parlamenti miqrasiya proseslərinin daha effektiv idarə olunması və dövlət təhlükəsizliyinin gücləndirilməsi məqsədilə hazırlanmış dəyişikliklər paketini ilk oxunuşda dəstəkləyib.

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında" qanuna və əlaqəli normativ aktlara dəyişiklikləri deputatlara daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze təqdim edib.

Dəyişikliklərə əsasən, xarici tələbələrin ali və peşə təhsili müəssisələrinə qəbulu üçün əlavə tələblər müəyyənləşdirilir. Belə ki, əcnəbi tələbələrdən beynəlxalq dil sertifikatı təqdim etmək, yaxud Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin təşkil etdiyi dil imtahanından keçmək tələb olunacaq.

Bundan başqa, təhsil müəssisələri xarici tələbələrin qəbulu, statusunun dəyişdirilməsi, təhsilini başa vurması və digər məlumatları vahid informasiya sisteminə daxil etməli olacaq. Bu tələblərin pozulması inzibati məsuliyyət yaradacaq və təhsil müəssisələri cərimələnə, xarici tələbə qəbul etmək hüququndan məhrum edilə bilər.

Qanun layihəsi xarici tələbələrə verilən yaşayış icazələrinin şərtlərini də sərtləşdirir. Akademik tələblərə əməl etməyən, iş şərtlərini pozan və ya müəyyən müddət ərzində Gürcüstanda faktiki yaşamayan tələbələrin yaşayış icazələri ləğv ediləcək.

Dəyişikliklər paketində Gürcüstan vətəndaşları ilə əcnəbilər arasında bağlanan nikahlar da diqqət mərkəzindədir. Belə nikahlar əsasında yaşayış icazəsi verilməzdən əvvəl onların həqiqiliyi xüsusi komissiya tərəfindən yoxlanılacaq.

Sənədə əsasən, Gürcüstan vətəndaşlığı və ya yaşayış icazəsi əldə etmək məqsədilə bağlanmış saxta nikahlar cinayət əməli hesab olunacaq. Bu halda əcnəbi şəxsin ölkədən çıxarılması və 2 ildən 10 ilədək Gürcüstana girişinə qadağa qoyulması, həmçinin cərimə, ev dustaqlığı və ya azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.

Qanun layihəsi həmçinin DİN-in Miqrasiya Departamentinə qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə əməliyyat-axtarış tədbirləri həyata keçirmək səlahiyyəti verir.

Bundan əlavə, miqrasiya məsələləri üzrə məhkəmə prosedurlarının sürətləndirilməsi nəzərdə tutulur. Apellyasiya müddəti qısaldılır, işlərə baxılması üçün daha sərt vaxt məhdudiyyətləri tətbiq edilir və bəzi hallarda işlərə şifahi dinləmə keçirilmədən baxılması mümkün olacaq./Report

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR