Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış tələbə Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində 18.01.2025-ci il tarixində qonşu ölkədən təhvil alınaraq vətənə qaytarılıb.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xarici İşlər Nazirliyinin (XİN) birgə məlumatında bildirilib ki, Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.
Bakıvaxtı.az xəbər verir ki, Fərid Səfərlinin anası Dilarə Əsgərova Modern.az-a açıqlamasında oğlunun hazırda depressiyada olduğunu deyib.
“Fəridi sərhəddə təhvil verməyə gətirən SEPAH zabiti ona “sənin qalan bir ayını 10 il etmək bizim üçün çətin iş deyildi" deyib. ABŞ kimi bir dövlət belə İranda tutulmuş vətəndaşlarını illərlə azad etdirə bilmir. Ona görə bu məsələnin 23 ayda bitməsini böyük bir uğur kimi qiymətləndirirəm. Həm DTX əməkdaşlarının Fərid ilə danışığına, həm də Tehrandakı səfirliyimizin mənimlə olan telefon söhbətinə əsasən tam olaraq məlumatlıyam ki, bu məsələnin həll olunmasında ölkə rəhbərinin nə dərəcədə böyük rolu olub, buna görə də cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”, - Dilarə Əsgərova qeyd edib.
Tələbənin anası oğlunun məsələsini daim diqqətdə saxlayan mediaya da minnətdarlıq edib.
D.Əsgərovanın sözlərinə görə, oğlunun başına gətirilənlər haqqında bəlkə də bir kitab yazmaq olar:
“Onu heç bir aiddiyatı olmayan mövzularla saatlarca dindirməklə mənəvi əzab veriblər”.
Anasının sözlərinə görə, oğlunu casususluqda təqsirləndirirmişlər.
D.Əsgərova deyib ki, SEPAH Fəridin istintaqını apararkən oğlu ilk 51 günü kiçik bir otaqda tək-tənha saxlanılıb, asılmaq təhlükəsi ilə yaşayıb, dəhşətli hisslər keçirib.
“Bütün bu başına gələnlər onu dərin depressiya vəziyyətinə salıb. Ürəyi arzularla dolu bir gənci, həyatdan küskün, özünü cəmiyyətdən təcrid etmiş bir insana çeviriblər. Gəldiyi gündən bir otağa girib, heç kimi görmək istəmir. Biz onun sağlamlığına qovuşması üçün əlimizdən gələni edəcəyik və ümidvaram ki, TƏBİB də bu məsələdə əlindən gələn köməyi bizə göstərəcək”.