• Bakı 12° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

IV Antalya Diplomatiya Forumu: ilk panel sessiya baş tutub

SİYASƏT

11 Aprel 2025 | 16:37

IV Antalya Diplomatiya Forumu: ilk panel sessiya baş tutub

Aprelin 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında təşkil olunan IV Antalya Diplomatiya Forumu çərçivəsində regional və qlobal məsələlərin müzakirə edildiyi ilk panel iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, panelə Monteneqro Prezidenti Yakov Milatoviç, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Bolqarıstanın Baş naziri Rosen Jelyazkov qatılıb.

Panelin moderatorluğunu Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu edib.

İclasda çıxış edən Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ankaranın Tbilisinin etibarlı və strateji tərəfdaşı olduğunu vurğulayıb. O bildirib ki, Gürcüstan bu gün 50 ölkə ilə ticarət sazişi imzalayıb və Avropa ilə Asiya arasında mühüm nəqliyyat marşrutunun bir hissəsinə çevrilib. 

“Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi bizim üçün həyati əhəmiyyət daşıyır və Türkiyə bu prosesdə fəal rol oynayır. Türkiyə inkişafı və tərəqqini dəstəkləyən, sülhsevər vizyona sahib ölkədir. Biz də bu istiqamətdə Ankaranın səylərinə dəstəyimizi davam etdirəcəyik”,- Kobaxidze əlavə edib.

Bolqarıstanın Baş naziri Rosen Jelyazkov isə çıxışında çoxtərəfli dünya nizamının formalaşdığı bu dövrdə ölkələr və xalqlar arasında qeyri-bərabərliyin aradan qaldırılmasının əsas hədəf olmalı olduğunu bildirib.

“Yeni qlobal reallıqlar konfrontasiya üçün deyil, əməkdaşlıq üçün bir fürsətdir. Bəşəriyyətin başqa alternativi yoxdur. Ölkələr öz maraqları çərçivəsində siyasət həyata keçirirlər, bu təbiidir. Amma bu zaman digərlərinin hüquqları pozulmamalıdır”, – deyə o qeyd edib.

Monteneqro Prezidenti Yakov Milatoviç isə çıxışında Türkiyənin Osmanlı İmperiyasının varisi olaraq Balkan ölkələri ilə yaxın əlaqələrə malik olduğunu vurğulayıb. Milatoviç həmçinin qeyd edib:

“Ankara yeni reallıqlar fonunda bu münasibətləri daha da gücləndirir. Türkiyə dünya diplomatiyasında daha böyük məsuliyyətlər götürə biləcək mövqeyə sahibdir. Üç qitənin kəsişməsində yerləşən bu ölkə qlobal problemlərin həlli və Şərq-Qərb arasında körpü rolunu oynamaq baxımından əhəmiyyətli aktora çevrilə bilər”.

Əli Hüseynov


SON XƏBƏRLƏR