Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvilinin axtarışda olan keçmiş müşaviri Georgi Baçiaşvili Gürcüstan-Azərbaycan sərhədində saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti yayıb.
Bildirilib ki, mayın 26-da Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə G.Baçiaşvilinin “Qırmızı Körpü” və “Sadaxlı” sərhəd keçid məntəqələri arasındakı “yaşıl sərhəd” adlanan ərazinin yaxınlığında hərəkət etməsi ilə bağlı məlumat daxil olub.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində isə həmin şəxs saxlanılıb.
Qeyd edək ki, G.Baçiaşvili hazırda iki iş – kriptovalyuta oğurluğu və cinayət yolu ilə əldə edilmiş gəlirin leqallaşdırılması üzrə istintaqa cəlb olunub. Belə ki, o, İvanişvilidən kriptovalyuta oğurlamaqda ittiham edilir. Bundan əvvəl, Gürcüstan məhkəməsi Baçiaşvilinin İvanişviliyə 8 mindən çox “Bitcoin” (800 milyon dollardan çox) ödəməli olduğu barədə qərar çıxarıb, eləcə də onu qiyabi olaraq 11 il müddətinə azadlıqdan məhrum edib.