Azərbaycan Xalq Cümhuriyyəti (AXC)- yalnız Azərbaycanın 28 may 1918-ci ildə elan olunmuş, cəmi 23 ay yaşamasına baxmayaraq, həm Azərbaycanın, həm də bütün şərqin tarixində mühüm yer tutan bir dövlət qurumu olmuşdur. “Şərqdən doğan günəş” metaforası bu dövlətin Avropa tipli ilk parlamentli respublika olaraq müsəlman Şərqində demokratiyanın, insan haqlarının və milli özünüdərkin başlanğıcı olmasına işarə edir. AXC, Şərqdə ilk demokratik respublika olmaqla, yalnız Azərbaycanın deyil, həm də islam aləminin və Türk dünyasının milli dövlətçilik tarixinə parlaq səhifə yazmışdır.
AXC demokratik əsaslarla idarə olunan, milliyyətindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verən bir dövlət idi. Bu Şərq üçün misli görünməmiş bir siyasi mədəniyyət nümunəsi idi.
Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay yaşamasına baxmayaraq, nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi qalacağını vurğulayaraq deyirdi: “Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və hökuməti ölkənin başının üstünü alan xarici müdaxilə təhlükəsini sovuşdurmaq məqsədilə gənc respublikanın beynəlxalq aləmdə tanınması üçün də böyük iş aparırdı. Bununla bağlı olaraq Cümhuriyyət Parlamenti 1918-ci il dekabrın 28-də Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Paris Sülh Konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi.
Görkəmli dövlət xadimi Ə.Topçubaşov ağır çətinlikləri dəf edərək Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra dövlətlər tərəfindən de-fakto tanınmasına nail olsa da, Qızıl ordunun Şimali Azərbaycanı işğal etməsi ilə onun bu sahədəki fəaliyyəti yarımçıq qaldı.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması, 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur. Bu, onu göstərir ki, xalqımız çox mütərəqqi xalqdır. Onu göstərir ki, Azərbaycanın görkəmli ziyalıları ölkəmizin inkişafı üçün çox böyük işlər görmüşlər”. Bu fikirlər 2019-cu il mayın 27-də Azərbaycanın milli bayramı- Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məxsusdur...
1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində digər müttəfiq respublikalarla birlikdə Azərbaycan da müstəqilliyə nail oldu. Ancaq əfsuslar olsun ki, ölkədə gedən xoşagəlməz proseslər imkan vermirdi ki, gənc müstəqil Azərbaycan ayaqda möhkəm dayana bilsin, öz müstəqil siyasətini apara bilsin və xalqın maraqlarını doğrulda bilsin. Məhz o illərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi alovlanmış və torpaqlarımız işğal altına düşmüşdü. Ölkəmizdə xaos, total böhran hökm sürür, iqtisadiyyat iflic vəziyyətində idi. Xalqımız nicat yolunu Heydər Əliyevin simasında gördü, onu hakimiyyətə dəvət etdi və bir daha öz müdtikliyini təsdiqlədi.
Xalq Heydər Əliyevi hələ çox da uzaq olmayan 1970-ci illərdən yaxşı tanıyırdı. Onun fəaliyyəti nəticəsində respublikada elə bir sahə yox idi ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm və incəsənət, səhiyyə sahələri inkişaf edərək Azərbaycanı keçmiş müttəfiq respublikaların sırasında ən ön yerlərdən birini tutmasına gətirib çıxarmışdı.
Heydər Əliyevin ikinci hakimiyyəti illərində Azərbaycan dünya miqyasında tanınan və tərəqqiyə doğru gedən dövlət statusunu qzandı. Ulu öndərin yenidən ölkəyə rəhbərliyi sayəsində siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.
Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrini yaşadan Prezident İlham Əliyev çıxışlarının birində demişdir: “Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”.
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası inkişaf yolunda iri addımlarla irəliləyir. Hazırda Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Təbii ki, bu inkişafın və sabitliyin əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xalq Cümhuriyyətinin ənənələrini davam etdirən qətiyyətli siyasətinin nəticəsidir ki, onun Ali Baş Komandanlığı altında rəşadətli Azərbycan Ordusu 2020-ci il sentyabrın 27-də əks hücum əməliyyatına keçərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Otuz illik Vətən həsrəti aradan qaldırıldı. Bu böyük zəfər, qalibiyyət Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasi xəttinin, öz liderinin arxasınca inamla addımlayan xalqımızın sarsılmaz birliyinin qətiyyətli rəhbərinə bəslədiyi sonsuz inam və etimadının qələbəsidir. Bu zəfər ölkəmizin siyasi, iqtisadi və mədəni inkişaf yolunda qazandığı misilsiz nailiyyətlərin labüd nəticəsidir.
Azərbaycan Xalq Cümhuriyyətinin əmanəti olan Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad edilmiş Şuşada, Zəngilanda, Füzulidə, Laçında, Ağdamda, Xocalıda, Xankəndidə, Kəlbəcərdə, Qubadlıda, Ağdərədə dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. Bu əmanəti qoruyub saxlamaqsa hər bir Azərbaycan vətəndaşının borcudur. Necə ki, İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətindən miras qalmış coğrafiyanı qoruyub daha da inkişaf etdirdi, gələcək nəsillər də Heydər Əliyevdən miras qalmış inkişaf etmiş Azərbaycanı göz bəbəyi kimi qorumaq borcunu heç zaman unutmamalıdırlar.
İradə Sərdarova
ADU-nun dosenti,
Filologiya üzrə fəlsəfə doktoru,
YAP Nəsimi rayon təşkilatının üzvü