6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Hər bir xalqın tarixində milli kimliyini, dövlətçilik şüurunu ifadə edən xüsusi günlər var. Azərbaycan üçün belə günlərdən biri 28 Maydır.
Bakıvaxtı.az xatırladır ki, 28 May 1918-ci ildə müsəlman Şərqində ilk parlamentli, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaranıb.
1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir. 15 oktyabr 2021-ci ildən isə Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü olub.
23 ay ömür sürməsinə baxmayaraq bu qısa müddət ərzində böyük işlər görüb. Belə ki, ilk dəfə qadınlara seçim hüququ tanınması, qadın-kişi bərabərliyinin təmin edilməsi, o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.
Bu önəmli tarixin gələcək nəsillərin yaddaşında yaşaması üçün, onun rəsmi tədbir və çıxışlarla yanaşı, eyni zamanda təhsil sistemində davamlı şəkildə təbliğ edilməsi də vacibdir. Çünki 28 Mayın öyrədilməsi müstəqilliyin nə qədər çətin əldə edildiyini anlatmaq, bu çətin əldə olunan müstəqilliyin qorunması üçün gənclərə məsuliyyət hissini aşılamaq deməkdir.
Elmin Nuri: Dövlətçilik şüuru təhsil müstəvisində daha çox erkən yaş qruplarında təbliğ edilməlidir
Bakıvaxtı.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, təhsilin əsas prinsiplərindən biri də milli dəyərlərin, xəlqilik meyarlarının təbliği və mühafizəsi, dövlətçilik şüurunun formalaşdırılmasıdır.
Onun sözlərinə görə, təhsilin missiyası fərdi şəxsiyyət müstəvisinə qaldırmaq və onu özünüdərk mexanizmləri ilə təmin etməkdir. Lakin bunlar nəzəri konseptual məsələlər yox, praktiki proseslər kimi də inkişaf etməlidir. Müsahibimiz izah edib ki, təhsil özü-özünü dəyişdirən, dövrün tələblərinə uyğunlaşdıran bir mexanizm olduğundan onun praktikiliyini mütləq inkişaf etdirmək lazımdır.
E.Nuri qeyd edib ki, hazırda orta və ali təhsil seqmentində “təhsil-dövlət” tandeminə, dövlətçilik şüurunun inkişafında tədris prosesinin rolunun inkişafına diqqət yetirilir. Ekspert rusdilli bölmələrdə Azərbaycan dili, Azərbaycan tarixi ilə bağlı verilən qərarlara, ümumən təhsilə olan hüquqi-konseptual məsələlərdə dövlətçilik şüurunun təbliği mexanizminə xüsusi diqqət yetirildiyini nəzərə çatdırıb:
“Xüsusən də Vətən Müharibəsində qazandığımız böyük zəfərdən sonra orta təhsildə vətənpərvərlik duyğularının tərənnümü, dövlətçilik düşüncəsinin gücləndirilməsi faktorlarının sayı artıb. Qalib ölkə imicinin burada xüsusi rolu olub. Çünki təhsil həm də sosiopsixoloji bir prosesdir. O, aid olduğu məkanın enerjisinə uyğun hərəkət edir və öz prinsiplərini ona uyğun diktə edir. Odur ki, son 5 ildə biz bu tendensiyanın yalnız və yalnız inkişafından danışa bilərik”.
Müsahibimiz söyləyib ki, hələ XX əsrin əvvəllərində böyük maarifçi Üzeyir bəy Hacıbəyli özünün bir neçə məqaləsində təhsilə aid yanaşmanın kökündə iki əsas meyarı vurğulayırdı ki, bunlar sistemlilik və xəlqilik, başqa sözlə, millilikdir. O, xüsusən də “Xəbərdarlıq” adlı felyatonunda milli dəyərlərdən uzaq olan təhsili gələcək üçün çox təhlükəli hesab edib.
Həm bu, həm də digər klassik maarifçilərimizin təhsilə olan yanaşmasının bugünümüz üçün də çox vacib olduğunu söyləyən ekspert bildirib ki, onların hər birində milli dövlətçilik məsələləri əsas xətt kimi keçməkdədir.
E.Nuri dövlətçilik dəyərlərinin məktəb və universitet mühitində təbliği üçün yeni metodlara ehtiyac olub-olmaması barəsində danışarkən, bir detalı xüsusi qabardıb. Onun fikrincə, dövlətçilik şüuru təhsil müstəvisində daha çox erkən yaş qruplarında təbliğ edilməli və bu yanaşma fərdlərin şüurunda daha erkən yaşlardan “yazılmalıdır”.
Təhsil eksperti izah edib ki, insanın şəxsiyyət kimi formalaşmasında müstəsna rollardan biri də onun 7 yaşınaqədərki yaşantıları, “topladıqları” və istiqamətləndirilməsidir. Bu 7 yaş fərdin şüurunda daimilik, qalıcı statusuna sahiblənir və yaşın başqa dövrlərində, həyatın fərqli mərhələlərində də onunla addımlayır:
“Fərd heç zaman 7 yaşınaqədərki şüuraltı enerjisinin sərhədlərindən o yana çıxa bilmir. Bu səbəbdən də biz məktəbəqədər təhsil müəssisələrində, məktəbəhazırlıq qruplarında, ibtidai təhsil dövründə azyaşlı şagirdlərdə dövlətçilik şüurunun inkişafına daha çox yer ayırmalıyıq. Bu yaş qrupu üçün hazırlanan tədris proqramında millilik, xəlqilik kimi prinsiplər onların zehin tutumuna uyğun şəkildə əks olunmalıdır. Bu, həyata keçdiyi halda fərd orta təhsilin sonrakı dövründə, eləcə də ali təhsil müddətində hər zaman proseslərə dövlətçilik pəncərəsindən baxa biləcək”.
28 May Müstəqillik Günü və onun təhsildə təbliği mövzusuna toxunan Elmin Nuri bu əsnada bir məsələyə xüsusi diqqət yetirir.
Müsahibimiz hesab edir ki, təhsil prosesində digər tarixi günlərimiz kimi 28 May Müstəqillik Gününün təbliği də qənaətbəxş formada həyata keçirilir.
“Doğrudur, bu istiqamətdə xüsusi proqramı olan, məsələyə daha innovativ, yaradıcı yanaşan məktəblərimizin çox olması arzuolunandır. Amma yenə ölkə əhəmiyyətli tarixi günün məktəblərdə təbliği məsələsinə çox da mənfi yanaşmaq olmaz. Lakin bir detalı xüsusi qeyd edək: 28 May Müstəqillik Günündə bu tarixin günün əsasını qoyan Cümhuriyyət xadimlərinin təhsil fəaliyyəti, təhsilə aid düşüncələri daha çox təbliğ olunmalı və gənclərimizə çatdırılmalıdır. Onların təhsil fəaliyyətləri, pedaqoji mühitə olan yanaşmaları məktblilərə çatdırılmalı və onlara təlqin edilməlidir”,-deyə Elmin Nuri fikrini tamamlayıb.
Kənan Məmmədov: Bu gün azadıqsa, sabah da azad qalmaq üçün dövlətə sadiq, xalqına bağlı fərd olmalıyıq
Tarixçi Kənan Məmmədov Bakıvaxtı.az-la söhbətində bildirib ki, hər bir xalqın tarixində onu dünya səhnəsinə çıxaran, milli kimliyini təsdiqləyən mühüm dönüm nöqtələri olur.
Onun sözlərinə görə, Azərbaycan xalqı üçün belə şərəfli və qürurverici günlərdən biri də 28 May 1918-ci il tarixidir ki, məhz bu gün Azərbaycan Xalq Cümhuriyyəti, müsəlman Şərqində ilk parlamentli respublika elan olunib.
Bu hadisə təkcə Azərbaycan xalqının deyil, bütün Şərq xalqlarının milli istiqlal mübarizəsində parlaq nümunədir:
“Bu gün sadəcə təqvimdə bir tarix deyil. Bu gün xalqımızın azadlıq arzularının rəmzi, milli iradənin təntənəsi və müstəqillik idealının bünövrəsidir. 107 il əvvəl qurulan bu cümhuriyyət, qısa ömrünə baxmayaraq, çox böyük islahatlar həyata keçirib. Təhsil, ordu, milli mətbuat, dövlət quruculuğu sahələrində mühüm addımlar atıb. Azərbaycan qadınına ilk dəfə seçki hüququ verən dövlət də məhz bu cümhuriyyət olub. Bu, təkcə Şərq üçün deyil, dünya üçün də mütərəqqi bir qərar idi”.
K.Məmmədov vurğulayıb ki, bu gün biz müstəqil Azərbaycan Respublikasında yaşasaq da, bu müstəqilliyin əsasını AXC-nin mirası təşkil edir. Tarixçi əlavə edib ki, 1991-ci ildə SSRİ-nin dağılması ilə yenidən qazandığımız istiqlal, əslində 1918-ci il ideyalarının bərpası idi. Dediyinə görə, o ideyalar, azadlıq, ədalət, milli birlik və dövlətçilik bu gün də bizə yol göstərir.
“Mən bir vətəndaş kimi hesab edirəm ki, Müstəqillik Günü bizim üçün sadəcə tarix deyil, bir öhdəlikdir. Öhdəlik tariximizi unutmaqdan, milli kimliyimizi itirməkdən, vətənə biganə qalmaqdan imtina etmək deməkdir. Biz bu gün azadıqsa, sabah da azad qalmaq üçün AXC qurucularının yolunu davam etdirməli, dövlətə sadiq və xalqına bağlı bir fərd olmalıyıq.
Sonda demək istəyirəm ki, Müstəqillik Günü bizim milli qürurumuzdur. Bu günü anmaq, onu gələcək nəsillərə anlatmaq və yaşatmaq isə hər birimizin borcudur”,-deyə Kənan Məmmədov vurğulayıb.
Mina Mikayılova
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb