Əməkdar jurnalist Akif Aşırlı çap etdirməyi planlaşdırdıqları “Evraqi-nəfisə” jurnalını filoloq Azad Ağaoğlunun öz təşəbbüsü kimi təqdim edib çap etdirməsinə etiraz edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə paylaşım edən jurnalistin sözlərinə görə, jurnal artıq transliterasiya (red: bir yazı sistemindəki hərflərin başqa yazı sisteminin hərfləri ilə verilməsi) edilib.
Azad Ağaoğlu isə sosial şəbəkə hesabında adıçəkilən nəşrin təqdimat mərasimi ilə bağlı post paylaşıb və ona “2026-nın yeni gözəlliyi. Növbəti “əl işimiz” başlığını verib.
Akif Aşırlı ilk olaraq Azad Ağaoğlunun paylaşımına rəy bildirib, daha sonra isə sosial şəbəkə hesabında açıqlama yayıb. O bildirib ki, ötən ilin iyun ayında layihə barədə aidiyyəti nümayəndələr məlumatlandırılıb və iş Azərbaycan Mədəniyyət Nazirliyinin qrant müsabiqəsinə təqdim edilib, ilkin müsbət rəy alıb. Müəllif iddia edir ki, qrant nəticələri elan olunduqdan sonra Azad Ağaoğlu eyni jurnalın çapını öz təşəbbüsü kimi təqdim edib. Jurnalist bu addımı ədalətsizlik, həmçinin digər tərəfin zəhmətinin nəzərə alınmaması kimi qiymətləndirib: “Mədəniyyət Nazirliyi qrant müsabiqəsinin nəticələrini ötən ay elan edib, biz bu işi görməli, müəyyən bir vəsait ödənməlidir ki, can üstə qalan qəzetin müəyyən maliyyə problemlərini bu vəsaitlə həll edək. İndi Azad Ağaoğlu ortaya çıxıb elan edir ki, dərgini biz çap edirik. Ayıb deyil? Niyə belə özündənrazılıq edib heç kəsi hesaba almırsız? ADA-nın pulu ilə “Azərbaycan” qəzetinin növbəti cildini çap etmisiniz? Niyə hər şey sizin olmalıdır? Monopoliyadır?”
O əlavə edib ki, martın ilk həftəsində jurnal çap ediləcək: “Özü də dərginin adı “Övraqi- nəfisə” deyil, “Evraqi - nəfisə”dir. İndiyə qədər yanlış olub”.
Azad Ağaoğlu isə onun şərhinə cavab olaraq bu sözləri yazıb: “Akif müəllim, öz aramızdır, axı sizin elədiyiniz transliterasiyadan nə olacaq? Güldürməyin də adamı”.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən müraciətimizə cavab olaraq bildirildi ki, “Azərbaycan Türk Ocağı” ictimai birliyi tərəfindən təqdim olunmuş “Övraqi-nəfisə” jurnalının nəşri” adlı layihə qrant müsabiqəsinin qalibləri siyahısına daxil edilib və müvafiq qaydada dəstəklənib: “QHT rəhbəri Akif Vəliyev Abduləzim oğludur. Layihə çərçivəsində 1919-cu ildə nəşr edilmiş və Azərbaycan mədəniyyət tarixində mühüm yer tutan “Övraqi-nəfisə” dərgisinin 6 sayının transliterasiya edilərək orijinal mətnlə paralel şəkildə nəşri, izah və göstəricilərlə birlikdə geniş formatda çapı nəzərdə tutulur. QHT tərəfindən layihə üzrə müraciət 10.08.2025-ci il tarixində təqdim edilib, nəticələr isə 14.12.2025-ci il tarixində açıqlanıb.
Qrant layihələrinin maliyyələşdirilməsi təqdim edilən müraciətlər əsasında, müəyyən edilmiş meyarlar üzrə aparılan qiymətləndirmə nəticəsində həyata keçirilir. Layihə müsbət rəy aldığı halda maliyyələşdirilir. Digər şəxslər tərəfindən eyni və ya oxşar məzmunlu təşəbbüslərlə bağlı nazirliyə rəsmi məlumat daxil olmayıb”./Qafqazinfo
Bakı 





