Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayından sonra Xalq yazıçısı Çingiz Abdullayev qurultaya 203 min manat xərclənməsi barədə sual verən jurnalistə kobud cavab verib. Belə ki, yazıçı jurnalistin sualından qəzəblənərək, "sən utanıb ölmürsən" deyib.
Məsələ ilə bağlı Bakıvaxt.az-a danışan Jurnalistlərin Həmkarlar İttifaqının sədri, MŞ İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli jurnalistin verdiyi sualda heç bir qəbahət olmadığını deyib. Onun sözlərinə görə, hətta jurnalistin verdiyi sual qanunsuz olsaydı belə, qarşı tərəfin belə aşağılayıcı münasibəti yolverilməzdir: “Ən yaxşı halda Çingiz müəllim “bu, mənim cavablandıracağım mövzu deyil” və ya “bu suala cavab vermək istəmirəm” deyib, sakitcə gedə biıərdi. Jurnalisti aşağılamaq, sərt reaksiya vermək doğru deyil”.
Belə halların bizim elitar hesab etdiyimiz şəxslər tərəfindən də baş verdiyini deyən JuHİ sədri, bu baxımdan baş vermiş hadisədən təəssüf hissi keçirirdiyini bildirib.
“Jurnalistin öz hüquqlarını sona qədər qorumaq hüququ var, biz də onu dəstəkləyirik”, - deyə Müşfiq Ələsgərli əlavə edib.
Nuranə Daxilqızı
















