Xəbər verdiyimiz kimi, fevralın 15-dən COVID-19 vaksininin 2-ci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, fevralın 15-dən etibarən yaşı 18-dən yuxarı olan həmin vətəndaşların bir çox məkanlara girişinə məhdudiyyət qoyulub.
Qeyd edək ki, həmin məkanlar aşağıdakılardır:
ictimai iaşə müəssisələri (kafe, restoran və s.)
mehmanxanalar
iri ticarət mərkəzləri
idman və sağlamlıq-bərpa obyektləri
Toy və ya digər şənliklər
Ali təhsil müəssisələri və kolleclər
Həmin tarixdən etibarən yaşı 18-dən yuxarı olan şəxslər qeyd edilən məkanlara yalnız qüvvədə olan COVID-19 vaksin pasportu, immunitet, yaxud əks-göstəriş sertifikatı ilə buraxılacaq.
Ancaq son günlər bir çox ictimai iaşə obyektinə girişdə vaksin pasportlarının yoxlanılmasına əvvəlki kimi məsuliyyətli yanaşılmır, hətta pasportun olub olmadığı belə soruşulmur. Əksəriyyət bunu son günlər Azərbaycanda koronavirusa yoluxmanın, eləcə də bu virusdan ölənlərin sayında azalma olması ilə əlaqələndirirlər
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ölkədə iri ticarət obyektləri, qapalı məkanlar hələ də COVID-19 ilə bağlı karantin rejimi qaydaları çərçivəsində fəaliyyət göstərir: "Nəzərinizə çatdıraq ki, bu dövr ərzində hər kəs mütləq şəkildə qapalı məkanlarda, ictimai nəqliyyatda fərdi qoruyucu vasitələrdən istifadə etməlidir”.
Onun sözlərinə görə, kafe, restoran, idman və sağlamlıq mərkəzləri, o cümlədən, digər iaşə obyektlərinə daxil olan yaşı 18-dən yuxarı olan vətəndaşlardan əks göstəriş sertifikatı və ya immunitet sertifikatı yoxdursa, COVID-19 pasportu tələb olunmalıdır.
N.Əliyev bildirib ki, bununla bağlı ərazi üzrə polis orqanları tərəfindən mütamadi olaraq nəzarət, profilaktik tədbirlər həyata keçirilir və bu qaydalara etinadsız yanaşan şəxslər barədə dərhal polis əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri tədbiq edilir.
Aytac Aslan
















