Son günlər Türkiyədə Krım-Konqo Hemorragik qızdırması nəticəsində ölüm halları baş verib.
Bakıvaxtı.az xəbər verir ki, dünən gecə Krım-Konqo hemorragik qızdırması (KKKA) şübhəsi ilə müalicə olunan yaşyarımlıq körpə həyatını itirib.
Bəs, ölkəmizdə vəziyyət necədir?
Səhiyyə Nazirliyi Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Krım-Konqo Hemorragik qızdırması (KKHQ) təbii ocaqlı virus mənşəli yoluxucu xəstəlikdir.
Verilən məlumata görə, güclü intoksikasiya, dalğavari hərarət, patoloji qanaxmalar, qansızmalar, qaraciyər və böyrək çatışmazlığı, əqli pozğunluq və s. əlamətləri ilə xarakterizə olunur.
Törədicisinin Bunyaviridae ailəsinə aid virus olduğu nəzərə çatdırılıb və qeyd olunub ki, virusun əsas mənbəyi Hyalomma gənələri, vəhşi heyvanlar (dovşanlar, quşlar və bəzi gəmiricilər) və ev heyvanları (xırda və iri buynuzlu heyvanlar) hesab olunur:
“İnsanlar bu xəstəliyə həmin gənələrin dişləməsi nəticəsində yoluxurlar. Həmçinin, xəstə insan və ya heyvan qanı, bioloji mayelər və toxumaları ilə təmas zamanı da yoluxma ehtimalı var. Xəstəliyin inkubasiya dövrü 3-5 gündür. Bəzi hallarda 1-14 günə qədər də ola bilər”.
Vurğulanıb ki, yoluxma hallarının əksəriyyəti heyvandarlıq ilə məşğul olan insanlarda, həmçinin kənd təsərrüfatı işləri zamanı baş verir.
Son zamanlar dünyada baş verən alovlanmalar zamanı tibb işçiləri arasında xəstəxanadaxili infeksiyalarda KKHQ-nın üstünlük təşkil etdiyi diqqətə çatdırılıb:
“Xəstəliyə daha çox dağlıq bölgələrdə yaşayan ferma sahiblərində, çobanlarda, qəssablarda rast gəlinir. Xəstəlik insandan insana keçmir”.
Son olaraq bildirilib ki, KKHQ Azərbaycan üçün xas olan xəstəlik deyil və indiyə qədər respublikada bu xəstəliklə bağlı şübhəli hal qeydə alınmayıb.
“Tövsiyə olunur ki, gənə riski olan, eləcə də heyvandarlıqla məşğul olan bölgələrdə bədəni tamamilə örtən geyimlərdən istifadə edilsin, şalvarın ətəkləri isə corabın içinə salınsın.
Qeyd edək ki, xəstəliyin laborator diaqnostikasını aparmaq üçün Səhiyyə Nazirliyi Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində bütün imkanlar mövcuddur”,-deyə Mərkəzin məlumatında deyilir.
Mina Mikayılova