Müasir dövrdə kütləvi kommunikasiya vasitələri və təhsil sistemi şəxsiyyətin formalaşmasında əsas sosiallaşdırıcı institutlar kimi çıxış edir.
Son illərin araşdırmalarına görə, mədəniyyətlərarası kommunikasiya, media savadlılığı, rəqəmsal bacarıqlar, innovativlik kimi anlayışlar şəxsiyyətin formalaşmasında əsas amillərdən hesab olunur. YUNESKO-nun əsas sənədlərinə əsasən, media təhsili insan hüquqlarının dəstəklənməsi, gənclərin sülh, ədalət, azadlıq, qarşılıqlı hörmət və anlaşma ruhunda formalaşmasında mühüm rol oynayır.
Bəs görəsən, media savadlılığı nədir? Media savadlılığının inkişafı üçün hansı amillərə diqqət edilməlidir?
Mövzu ilə bağlı media eksperti Zeynal Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, media savadlılığı bir çox ölkələrdə, o cümlədən Türkiyədə artıq orta məktəbdən tədris olunur.
Onun sözlərinə görə, sosial şəbəkələrin aramsız inkişafı dövründə bilgi ilə fakt arasında çox böyük fərq yaranıb. İstənilən bilgi fakt sayılmır. Fakt təsdiqlənmiş reallıqdır:
"Beynəlxalq Jurnalistika Federasiyasına əsasən, təsdiqlənmə mexanizmində iki müstəqil qaynağın rəyi əsasında məlumat təsdiqlənir. Bundan başqa, iki köməkçi tərəf var. Bunlardan biri maliyyəsi məlum olan, ölkə ərazisində tanınan və geniş auditoriyası olan nüfuzlu mediada məlumatın çıxmasıdır. Məsələn, Gəncədə çıxan qəzet həmin şəhər üçün nüfuzlu sayıla bilər, ancaq ölkə üzrə nüfuzlu sayılmayacaq. Digər tərəfdən, rəsmi qəzetlərdə gedən məlumatlar artıq fakt sayılır. Yəni, həmin xəbərdə yanlışlar olarsa, jurnalist məsuliyyət daşımır. Artıq səhvə görə dövlət qurumu məsuliyyət daşıyacaq. Bundan əlavə, nüfuzlu şəxsin qeyd etdiyi fikirlər fakt sayılır. Media savadlılığında faktın olması çox vacibdir. Bu, həm jurnalist üçün ciddi tələbdir, həm də oxucuların nəyə inanıb-inanmasına qərar verməsi üçün vacibdir".
Z.Məmmədli vurğulayıb ki, media savadlılığında ciddi tələblərdən biri də balanslı informasiya ilə bağlıdır. Peşəkarlığa can atan hər bir jurnalist balansı qorumaq üçün bütün tərəflərə sual verməli və bütün baxışların açıqlanmasına imkan yaratmalıdır.
Zeynal Məmmədli: Media savadlılığı olanda insanların güvənsizlik məsələsi həll olunur
"Balanslı olmayan informasiya sadəcə bilgidir və fakt kimi qəbul edilmir. Bu, hətta ictimaiyyəti yanıltma sayılır. Balanslı informasiyanın fakta dayanıqlılığı olmalıdır. Bundan başqa, informasiya gerçəyi əks etdirməli və ictimai önəmi olmalıdır. Həmçinin jurnalist alternativ baxışların yanlış ifadə edilməməsinə əmin olmalıdır. Eyni zamanda mütləq ayrıca xəbər və ya silsilə xəbər şəklində qərəzsizliyə can atmalı və bunu oxuculara tam açıqlamalıdır. Qərəzsiz olduğunun alternativ üsulları kimi telefon sorğularından, videobağlantılardan və digər elementlərdən faydalanaraq, diskussiyalar planlaşdırmalıdır. Jurnalist vicdanlı olmalıdır. Peşəkar media ilə sosial şəbəkələrin ciddi fərqləri bu amillərdən ibarətdir", - deyə müsahibimiz qeyd edib.
Media ekspertinin fikrincə, media savadlılığı olanda insanların güvənsizlik məsələsi həll olunur. Jurnalistlərin fəaliyyəti istənilən kənar təsirlərdən uzaq olmalıdır.
Gülşən Şərif